1933-cü ilin payız ayında noyabr ayının 16-da Kəlbəcərdə Dədə Şəmşirin ailəsində dünyaya göz açan Qənbər Qurbanov ömrünü təkcə yaşamadı, o, həm də eli üçün yaşadı. O Kəlbəcərin dağları kimi, uca bulaqları kimi, şəffaf havası kimi təmiz qəlbə, ruha malik insan idi. Görkəmli el sənətkarı Dədə Şəmşirin ailəsində dünyaya göz açan Qənbər müəllim hələ uşaqlıqdan həm bu böyük sənət ocağının nurunu, həm də Kəlbəcərin uca dağlarının vüqarını öz ruhuna hopdurmuşdu. O, zaman keçdikcə təkcə bir ailənin deyil, bütöv bir elin, bir bölgənin sevimlisi, dayağı və söz sahibinə çevrildi. Ziyalı, şair, nasir, müəllim, ictimai xadim – Qənbər müəllim bu adların hər birini özünün halal zəhməti, xeyirxahlığı və Vətəninə sədaqəti ilə qazanmışdı.
Qənbər müəllimin həyatının önəmli bir səhifəsi onun pedaqoji fəaliyyəti idi. O, müəllimliyə sadəcə bir peşə kimi deyil, bir missiya kimi yanaşırdı. Gənc nəslin savadlı, vətənpərvər, ölkəsinə bağlı kadr kimi yetişdirilməsini özünün ən böyük borcu hesab edirdi. Onun dərs dediyi hər sinif bir tərbiyə məktəbinə çevrilirdi. Qənbər müəllim öyrətməyi, maarifləndirməyi, gənclərə yol göstərməyi öz ömrünün mənası bilirdi.
Gənc nəsilin təlim-tərbiyəsi ilə ciddi məşğul olur, hər bir şagirdinə bir ailə məsuliyyəti ilə yanaşırdı. Bu gün Azərbaycanın müxtəlif sahələrində çalışan minlərlə insan Qənbər müəllimin onlara verdiyi tərbiyəni minnətdarlıqla xatırlayır.
Qənbər müəllim yalnız elm və ədəbiyyat sahəsində deyil, həm də ölkənin ictimai-siyasi həyatı üçün böyük xidmətlər göstərmişdir. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışaraq, dövlətinə sədaqətlə, vicdanla xidmət etmişdi. Özü də bunu hər zaman fəxrlə qeyd edərdi. Bu söz onun Ulu Öndərə olan səmimi məhəbbətinin, etimadına göstərdiyi sədaqətin ən dürüst ifadəsi idi. Dədə Şəmşir də ona daim nəsihət verərmiş: “Oğul, Heydər Əliyev sənə ucqar dağ rayonundan etimad göstərib. Düz, halalla işləməlisən ki, o kişinin etimadını doğruldasan”.
Qənbər müəllim bu nəsihəti ömrü boyu özünün həyat qayəsi bilmiş, xalq üçün, dövlət üçün çalışmış, hər bir addımında ədaləti özünə meyar seçmişdi.
Qənbər müəllim Kəlbəcər rayonunun sosial-iqtisadi inkişafında, quruculuq işlərində öz ağlı, təcrübəsi, nüfuzu ilə mühüm rol oynamışdı. O, bölgənin problemlərini yaxından görür, onların həlli üçün bütün gücü ilə çalışırdı. Rayonda maarifin, mədəniyyətin, sosial sahələrin inkişafında atdığı addımlar bu gün də hörmətlə xatırlanır.
El ağsaqqalı kimi o, həm dövləti, həm də insanları bir araya gətirən bir körpü rolunu oynayırdı.
Qənbər müəllim ölkənin ictimai həyatında da son dərəcə fəal idi. O, Respublika Ağsaqqallar Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü “Aşıq Şəmşir” Mədəniyyət Ocağının rəhbəri kimi həm ədəbiyyata, həm mədəniyyətə, həm də ictimai şüurun formalaşmasına böyük töhfələr verirdi. Ulu Öndər Heydər Əliyevin irsinin gənc nəslə çatdırılmasında, Prezident İlham Əliyevin ölkəmizin inkişafı naminə gördüyü işlərin xalq arasında təbliğində Qənbər müəllim hər zaman öndə idi. O, dəfələrlə cənab Prezidentin ictimai vəkili kimi çıxış edir, geniş auditoriyalarda maarifləndirici söhbətlər aparırdı. Qənbər müəllimin özü kimi, onun övladları da bu böyük məktəbin, bu tərbiyə ocağının layiqli davamçılarıdır. Oğlu Cavid Qurbanov bu gün möhtərəm Prezident İlham Əliyevə sədaqətlə xidmət edir və öz fəaliyyəti ilə Azərbaycanın inkişafına töhfə verir. Bu da Qənbər müəllimin ailəsində formalaşmış dövlətçilik ruhunun, vətənə sədaqət ənənəsinin bariz nümunəsidir.
Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu və doğma Kəlbəcərimizə yenidən qayıdış mümkün oldu. Bu böyük tarixi qələbə Qənbər müəllimin də ömrünün ən böyük sevincinə çevrildi. O, ata-baba yurdunu yenidən ziyarət etdi, illərlə həsrətində olduğu torpağı yenidən qucaqladı. Bu an onun üçün bir ömrün bəhrəsi, bir arzusun gerçəkləşməsi idi.
Qənbər müəllim yalnız elin ağsaqqalı deyildi – o, həm də mükəmməl bir ailə başçısı, nümunəvi ata, sədaqətli həyat yoldaşı idi. Öz ailəsini mərhəmət, qarşılıqlı hörmət və sevgi ilə böyüdən Qənbər müəllim övladlarına təkcə həyat deyil, həm də şərəfli həyat yolu verdi. O, övladlarına daim bir həqiqəti öyrədirdi: “İnsanın vətəni onun vicdanıdır.” Bu sözlə böyüyən övladlar da sonradan dövlətinə, xalqına bağlı, vətənpərvər, işıqlı yol tutan insanlar oldular. Qənbər müəllim ailəsini namusla, vicdanla dolu həyat tərzinə alışdırmış, onları cəmiyyətə faydalı olmaq ruhunda tərbiyə etmişdir. Onun ocağı yalnız bir ailə deyil, tərbiyə məktəbi, zəka və şəxsiyyət məktəbi idi. Qənbər müəllimin ən böyük titulu heç bir vəzifə deyildi – el ağsaqqallığı idi. O, bu adı xalqın sevgisi, hörməti, etibarı ilə qazanmışdı. Hansı evdə bir problem var idisə, Qənbər müəllim orada hökmən görünər, hansı ailə çətinliyə düşürdüsə, əl uzadardı. O, təkcə məsləhət verən deyil, həm də məsuliyyəti öz üzərinə götürən ağsaqqal idi. Onun bir sözü bəzən bir kəndin, bir elin problemini həll edirdi. İnsanlar inanırdı ki, Qənbər müəllimin sözü ədalətlidir, vicdanın səsidir. Qənbər müəllimin bütün həyatı el üçün yaşamaq fəlsəfəsinə əsaslanırdı. O, özünü heç vaxt insanlardan ayırmırdı. Onun üçün elin dərdi öz dərdi, elin sevinci öz sevincidi. Bu gün insanlar Qənbər müəllimi dərin hörmətlə xatırlayırsa, bu təsadüf deyil – o, həqiqətən də el insanı idi. Yazılarında xalqın ruhunu yaşadan, ictimai fəaliyyətində dövlətinə sədaqəti ilə seçilən, şəxsi həyatında ailəsinə örnək olan Qənbər müəllim həyatını təmkin, təvazökarlıq, xeyirxahlıq və mərdlik üzərində qurmuşdu. Qənbər müəllimin adı bu gün də el içində xeyirxahlığın, mərdliyin, dürüstlüyün, ağsaqqallığın rəmzi kimi çəkilir. O, yalnız yaşadığı dövrün deyil, bütün bir elin yaddaşında iz qoymuş şəxsiyyətdir. Onun həyatı və fəaliyyəti gələcək nəsillər üçün bir nümunə, bir məktəbdir. Qənbər müəllim həyatının bütün illərində xeyirxahlığı ilə tanınan, insanlara əl uzatmağı özünə borc bilən bir şəxsiyyət olub. Onun evinə gələn heç kim “yox” cavabı eşitməzdi. Qapısı daim açıq, süfrəsi geniş, sözü isti idi. Camaat arasında bu cümlə çox eşidilirdi: “Qənbər müəllimin qapısına gedən boş qayıtmaz”.
Bu söz təkcə bir ifadə deyil, onun ömür boyu seçdiyi yolun, həyat tərzinin, insanlara olan sevgisinin canlı təsdiqi idi. Qənbər müəllim ömrünü elə, xalqına, dövlətinə, sözə və əməyə həsr etmiş nadir şəxsiyyətlərdən idi. O, xeyirxahlığı, pedaqoji fəaliyyəti, ictimai xidmətləri, dürüstlüyü, ailəsinə və elinə bağlılığı ilə həmişə hörmət və ehtiramla xatırlanacaq.
Bu gün onun adı çəkiləndə el arasında deyilən bir söz onu tamamlayır: “Qənbər müəllim el üçün, yaxşılıq üçün yaşamışdı”.
Ruhun şad olsun, Qənbər müəllim!
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri