Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini Rəşad Məcid qurumun sədri Anarın təkərli oturacaqda çəkilmiş şəklinə aydınlıq gətirib.
Qeyd edək ki, üzərində “klinika” yazılmış arabada əyləşən 88 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair söz-söhbətə səbəb olub.
Modern.az-ın məlumatına görə, Rəşad Məcid bildirib ki, Anar 88 yaşında da kübar, sağlam, yaddaşı yerində, yazıb-yaradan, səfərlərə gedən, yorulmadan çalışır.
O, Anarın 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının yubileyindən çıxanda çəkilmiş şəklini də sosial şəbəkədə paylaşıb
“Akademik Zemfira Səfərova (Anarın həyat yoldaşı-red.) AMEA-nın yubiley medalıyla təltif olunmuşdu. Anar kübarcasına həyat yoldaşının qoluna girib maşına sarı gəlirdi.
O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə, özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə çəkilib. Səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava alanının bu xidmətindən ara-sıra istifadə edib Anar. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb.
Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib Anar müəllimə şəkil çəkdirə bilərlər!”
