Modern.az

Üzeyir bəyin yanındakı boş yer qardaşı Ceyhun Hacıbəyliyə saxlanmışdı...

Üzeyir bəyin yanındakı boş yer qardaşı Ceyhun Hacıbəyliyə saxlanmışdı...

Mədəniyyət

23 Noyabr 2025, 15:20

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında "Koroğlu" operası ilk dəfə tamaşaya qoyuldu. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan "Koroğlu" Azərbaycanda ilk klassik opera hesab olunur. Bu əsər Ü.Hacıbəylinin  yaradıcılığının zirvəsini təşkil edir. Operadan sonra Stalinlə bir məclisdə görüşmək üçün şərait yaranır.

Məclisdə Stalin Üzeyir bəyi öz yanında oturdur və onun şərəfinə badə qaldırır. Hətta Hacıbəylinin bir operasından kiçik ariyanı əzbərdən oxuyur. Ziyafət vaxtı bəstəkarla etdiyi şəxsi söhbətdən sonra Stalin Üzeyir bəydən “Koroğlu” operasında onu yaşatdığı üçün ürəyindən nə arzu keçdiyini soruşur. Bütün dövlətdə olan qapıların onun üzünə açıldığı zaman Üzeyir bəy yalnız bir xahiş edir: uzun müddətdir qürbətdə yaşayan mühacir qardaşı Ceyhun Hacıbəylinin SSRİ-yə qayıtmasına icazə verməsini.


Modern.az
-ın məlumatına görə, tarixçi, dossent Zaur Əliyev yazır ki, Stalin operadan o qədər razı qalmışdı ki, tapşırıq verir ki, Üzeyir bəyin istəyi yerinə yetirilsin və qardaşının geri qaytıması üçün bütün lazımi işlər görülsün. Əgər Ceyhun bəy Bakıya qayıtmağa razı olsa, ona ev, iş, maşın da vəd edir.

Üzeyir bəy bundan o qədər sevinir ki, dərhal qardaşı Ceyhuna bu barədə məktub yazır. Lakin Parisdə yaşayan Ceyhun bəy Stalinə inanmır. O, Üzeyir bəyə yazır ki, əgər Bakıya qayıtsa, həbs ediləcək. Bu da Üzeyir bəyə əlavə dərd olur. Son nəfəsinə qədər Ceyhunu görmək arzusu ilə yaşayır.

Üzeyir bəyin son günlərində onu ən çox ziyarət edən Səməd Vurğun idi. O ölümünə saatlar qalan ərəfədə Səməd Vurğundan xahiş edir ki, əgər bir gün qardaşı vətənə dönüb burada vəfat edərsə, onun öz məzarının yanında dəfn etsinlər.

Sonra Üzeyir bəy deyir: Səməd, vaxtdır, köçmək gərək, köçmək bu dari-fənadan yavaş-yavaş!..

Üzeyir bəy son nəfəsində “Ceyhun” deyərək, dünyasını dəyişib.

Ceyhun Hacıbəyli isə xatirələrində yazırdı:

“Doğmalarımdan ayrılmağımın həsrətini bu qırx il ərzində tez-tez çəkirəm. Ən çox da yadıma düşən bacılarımdı. Bəzən də anamın və ortancıl qardaşımın surətləri bacılarımın surətlərini əvəz edirdi. Yadımdadı, mən Fransaya gələndə bacılarım necə acı göz yaşları tökdülər. Anamın dolu gözləri xəyalımdan çəkilmir. Mən onları inandırırdım ki, cəmisi iki aylığa gedirəm. Nə üçün ağlayırsınız? Amma mən özüm də bilmədən onları aldatmışam. İndi məmləkətimdən ayrılmağımın 41 ilini yaşayıram. Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım - kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm...”

Bunu yazanda həmin vaxt az qala 70 yaşı haqlayacaqdı. Amma qürbətə gələndə onun cəmi 28 yaşı var idi. O, Azərbaycan istiqlal mücadiləsinin, azadlıq hərəkatının ən gənc mühaciri olmaqla yanaşı, qürbətdə ən acı və ən çox ömür keçirən bir şəxs kimi yadda qaldı.

Fəxri xiyabanda Hacıbəylilər ailəsinin dəfn olunduğu sahədə Üzeyir bəyin məzarı xüsusi bir simvolik məkandır. Onun sağ tərəfində hələ də boş qalan yer var. Bu yer illər əvvəl Ceyhun Hacıbəyli üçün nəzərdə tutulmuşdu. Ailə istəyirdi ki, qardaşların taleyini ayıran on illər heç olmasa ölümdən sonra onları eyni məkanda birləşdirsin. Ceyhun bəy ömrü boyu Azərbaycanın istiqlal ideallarına sədaqətli qalan, milli dövlətçilik uğrunda çalışan ziyalı idi və onun Üzeyir bəyin yanında dəfn olunması ailə üçün həm mənəvi borc, həm də tarixi ədalətin bərpası kimi görünürdü.


Lakin bu arzu gerçəkləşmədi. Fəxri xiyabanda Hacıbəylilərin dəfn olunduğu yerdə ən solda Məleykə xanım, yanında Üzeyir bəy və ən sağda böyük qardaşı Zülfüqar Hacıbəyli dəfn edilib. Üzeyir və Zülfüqar Hacıbəylilərin məzarın bir-birindən ayıran yer isə Ceyhun üçün nəzərdə turulub və hələ də boşdur. 

Bu gün həmin yeri Ceyhun Hacıbəylinin məzarı deyil, Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmış bolşeviklərin məzarları tutur. AXC-nin süqutunda rol oynamış və həmin dövrün siyasi qarşıdurmalarında həlak olmuş şəxslərin məzarlarının Üzeyir bəyin sərdabəsi ilə eyni sahədə yerləşməsi acı paradoks yaradır. Qardaşını ömrü boyu axtaran, onun taleyinə görə iztirab çəkən Üzeyir bəyin yan-yörəsində bu məzarların yerləşməsi taleyin istehzası kimi görünür.

Bu gün Üzeyir Hacıbəylinin vəfatının növbəti ildönümüdür. O, ömrünün sonuna qədər Ceyhun bəylə qovuşa bilmədi. Son arzularından biri də qardaşının yanında uyumaq idi. Amma Hacıbəylilərin qardaşlıq hekayəsi bu gün də tamamlanmamış qalır. Üzeyir bəy Fəxri xiyabanda uyuyur, Ceyhun Hacıbəylinin məzarı isə hələ də qürbətdə, - Parisdədir.


Üzeyir Hacıbəylinin məzarının ətrafında yerləşən bolşevik qəbirləri XX əsrin ideoloji qarşıdurmalarının Bakının mərkəzində daşlaşmış davamıdır. Bu məzarların üzərindəki yazılar diqqətlə oxunduqda aydın olur ki, buradakı heç bir abidə sırf şəxsi bioqrafiyanın izini daşımır: onların hər biri sovet ideoloji konstruksiyasının bir hissəsi kimi formalaşdırılıb.

Bu faktor Hacıbəylilər ailəsinin gözü ilə baxıldıqda daha da kəskin görünür. Çünki Üzeyir bəylə eyni yerdə dəfn edilən həmin şəxslər Ceyhun Hacıbəylinin təmsil etdiyi ideologiyanın - Azərbaycan Xalq Cümhuriyyətinin - əleyhdarları olublar. Daşların üzərindəki “müsavat qatilləri”, “kontrinqilabçıların əli ilə qətlə yetirilmiş”, “alovlu bolşevik” kimi ifadələr bu adamların ömrünün sonuna qədər qardaşını görə bilməyən, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan dahi Üzeyrlə yanaşı, onların da qəhrəmanlaşdığını göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?