Modern.az

Axtardığım yolu tapana qədər çox əsərimi cırmışam - Rəssamla MÜSAHİBƏ

Axtardığım yolu tapana qədər çox əsərimi cırmışam - Rəssamla MÜSAHİBƏ

Mədəniyyət

5 Dekabr 2025, 09:21

Azərbaycan karikatura sənətinin məşhur siması, rəssam Soltan Soltanlı (Soltan Yol) Modern.az-ın suallarını cavablandırıb.

49 yaşlı rəssam Ağsu rayonunun Kalva kəndində anadan olub. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “Soltan gülür” (1999), “Soltanın cizgiləri” (2000), “Karikaturalar” (2002), "İrrealizm" (2018), “Anlam” (2024), katolaqları üzrə əsərləri nümayiş etdirilib.

Rəssam beynəlxalq miqyasda aktiv fərdi sərgi fəaliyyəti ilə seçilir. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonlarında, M.F.Axundov adına Milli Kitabxanada, eləcə də İranın Təbriz və Ərdəbil şəhərlərində (2004) fərdi sərgilər keçirib, 50-dan çox fərqli ölkədə keçirilən sərgilərin və müsabiqələrin kataloqlarında yer alıb.

Müsahibəni təqdim edirik:

Soltan müəllim, karikaturaçı kimi Azərbaycanda bu sənətin keçmişini necə qiymətləndirirsiniz?

- Dünya karikaturasının əsas özüllərindən biri Azərbaycan karikatura sənətidir. 1906-cı il 7 apreldə karikaturamızın əsası Molla Nəsrəddin jurnalı ilə qoyulub. 8 səhifəlik jurnalın 4 səhifəsi rəsm — karikatura idi, digər səhifələr isə yazı idi. Cəlil Məmmədquluzadə və onun qələm yoldaşları bu jurnalla - rəsm hissəsi ilə oxuya bilməyən kütləyə kəsərli məlumatlar ötürməyə çalışırdılar.

Karikatura və karikaturaçıları gününün 1906–ci ilin 7 aprel tarixinə düşməsi təsadüf deyil. 2005-ci ildən etibarən bu gün dünyada qeyd olunur. Təbriz karikaturaçılarının, Təbriz Karikaturaçılar Assosiasiyasının rəhbəri Rəhim Baqqal Əsgərinin  səyi nəticəsində dünya miqyasında  bu qeyd edilir.

Molla Nəsrəddin jurnalının 8 sayı Təbrizdə çıxıb və məhz bu sayların hesabına Təbriz karikaturaçıları onu dünya səviyyəsində  tanıtdı. Eyni zamanda Molla Nəsrəddinin Təbriz dövrü çox boyalı İran karikaturasının başlanğıcı hesab olunur.

- Jurnalistikamızda karikatura sənəti niyə davam etdirilmədi?

- 90-cı illərdə Azərbaycanda karikatura sənətinə böyük maraq var idi. Mən özüm eyni zamanda bir neçə qəzətə karikatura verirdim. "525-ci qəzət", "Avrasiya", Hər gün" qəzetlərinə rəsmlərimi  göndərirdim. Eyni zamanda jurnalist kimi fəaliyyət göstərirdim.

Yazı informasiyanı ötürmək üsuldur lakin karikatura da yazının özünü aydınlaşdırmaq üçün bir üsuldur. Bu, mövzunun ikiqat aydınlığı deməkdir Təqribən, 1995-ci ildən 2005-ci ilə qədər qəzetlərdə karikaturaçı olaraq mütamadi çıxış etmişəm.

2005-ci ildən sonra Azərbaycanda karikatura sənəti zəifləməyə başladı.

- Tənqidi rəsm sizin üçün nə kəsb edir? İnsanları ittiham etmək asandırmı?

- İnsanlarda elə bir təsəvvür var ki, karikatura çəkərkən rəssam mütləq kimisə, konkret şəxsi nəzərdə tutur.

Bir dəfə qəzetlərin birində karikatura çəkmişdim:

"2 nəfər təmizlikçi söhbət edirlər: -Getdim şirkətdə işləməyə. Mənə dedilər, ingilis dilini bilməlisən.."

Növbəti gün redaksiya gedəndə mənə xadimənin narazılığını çatdırdılar. O elə bilmişdi ki, karikaturani onun üçün çəkmişəm.

Belə deyil. İstənilən karikatura əsəri ümumiləşdirilmiş məna, simvoldur. Bir çox halda əsərə oxucu özü məna verir. Baxış bucağından asılı olaraq bir eyni karikatura 15-20 fərqli mənaya gələ bilər. Məna sayı yüzlərlə ola bilər.  Karikatura əsəri konkret məna kəsb etsə də, ona mücərrəd yanaşmaq lazımdır.

Sərgilərimdə müşahidə etmişəm. Gələnlərdən kimsə bir əsərin qarşısından dəfələrlə keçir. Növbəti dəfə keçəndə dayanır və qəh-qəhə çəkərək gülür. Çünki o artıq rəsmi başa düşür, məna verə bilir. Ən qəribəsi də budur ki, insan əsərdə özünə aid olan detalı görəndə ya sarsılır, ya gülür. Bu, satiranın spesifik cəhətidir.

- Rəssamlıq sənətinizdə minimalizm aydın görünür. İlk baxışdan asanlıqla qavranacaq bir əsər təsiri bağışlayır. Daha sonra dərinlik müşahidə olunur. Sanki nə düşünəcəyimizi bilmirik. Düşündükcə anlayırsan ki, dərin mənalara yol almaq lazımdır.

- 1920-ci ildə yaradılmış Əzim Əzimzadə məktəbi 105 il ötür. 105 yaşlı Azərbaycan rəssamlığını nəzərə alaraq öz yolumu, üslubumu yaratmışam. Bunun üçün illər sərf etmişəm. 1993-cü ildən başlayaraq  emalatxanaları gəzdim, rəssamlarla tanış oldum. Doğrudur müxtəlif rəsmlər var idi amma məzmun çatışmamazlığı hiss edirdim. Düşünürdüm, necə bir sənət yarada bilərəm ki, tam fərqli olsun. O dövrdə mümkün olsa da mən heç bir rəssamlıq məktəbinə yetmədim. Düşündüm ki, məktəbə gedərəmsə, müəyyən bir qəlibə salınacam və digər rəssamlara bənzəyəcəm.

Mən araşdırıb gördüm ki, dünyanın Leonardo  da Vinçi, Van Qoq kimi məşhur məşhur rəssamları məktəb keçməyibıər, məktəb yaradıblar.

Çox çalışdım, nəhayət, öz üslübumu yarada bildim. Əminliklə deyə bilərəm ki, yaratdığım üslub nəinki Azərbaycanda, dünyada nadir tərzlərdən biridir. Burada həm də məzmun fərqi diqqəti cəlb edir. Axtardığım yolu tapana qədər çox əsərimi özüm cırmışam. Çünki üslubsuz çəkdiyim əsərlər digər sənətkarların yaradıcılığına bənzəyirdi. Mən isə bunu istəmirdim. Qoy, məndən sonra zəif, kiminsə əl işinə bənzəyən əsər qalmasın. Az olsun amma təkrarsız olsun…

- Əsərlərinizdə hədəf nədir?

- Məna. Bütün qələmə alınan predmet, təbiət və insan təsvirlərinin bir hədəfi var. Mənaya çatdırmaq. Məna dedikdə insanların çoxunun qavradığı gerçəkliyi nəzərdə tutmuram. Məna dünya gerçəkliyimizdən üstündür. ən üzstün olan bu mahiyyətə varanda anlayırsan ki, iztirab və nəşə medalın iki üzüdür. Bir-birini tamamlayan, təqib edən haldır. İnsan isə bu hallara aludə olmamalı, yüksəkdə dayanıb hökm etməli, məğlubedilməz olmalıdır.

Bütün mövzuların insanla bağlıdır. İnsanın cəmiyyətdə yeri, rolu, düşüncəsi, faciəsini qələmə alıram.

Hər hansı bir predmeti seriya kimi davamlı çəkirəm. Məsələn, at şəkli dəfələrlə müraciət etdiyim eskizdir. Lakin hər bir detal insanla bağlanmışdır və insanı bildirir. Əsərlərim incələnəndə görünür ki, orada yüksək bədiilik, fəlsəfəlik və məntiqlik yer alır. Deyə bilərsiz ki, bədii yaradıcılığa axı məntiqlik uyğun gəlmir. Əsərdə məntiq olanda o bədii çərçivədən çıxmış hesab oluna bilər. Sürrealizmin nümayəndəsi Salvador Dalinin əsərlərinə baxaq. Məntiqlilik görə bilmirik, heç bir mənaya gəlçək olmur. Cəfəng bir yuxu kimi təsvir olunan hadisə predmetlər uzlaşmır. Dünya rəssamlıq tarixində bu bir mərhələ idi. Oldu, keçdi. Lakin mən bilirəm ki bəşəriyyəti aldatmaq olmaz. Bir çox rəssamlar milyonlarla milyardlarla dollar mükafat alırlar. Onlar insanları aldadırlar.

Pablo Pikasso öz etiraf etmişdir ki, mən əsərlərimi düz çəkirdim. İnsanlar məni təqdir etmirdilər. Əyri çəkdikdən sonra isə uğur qazandım.

Dediyim kimi, birinci növbədə tablolarımda  mənanı qabardıram. Məzmun açıq-aydın görünsün və tamaşaçı onu axtarıb tapmaqda çətinlik çəkməsin. Məqsəd insanlara xidmət etmək deyilsə, bu yaradıcılıq sayılmır. Brinci növbədə insanlığa, bəşəriyyətə xidmət etmək lazımdır. Mən əsərlərimdə birinci öz xalqıma sonra bəşəriyyətə xidmət göstərirəm.

Sənətkar özü əziyyət çəkib mənanı aydın şəkildə göstərməlidir. Burada sadə yaratmaq şərtdir. O qədər düşünmək lazımdır ki, o sadəliyin arxasında dərin mənanı toplaya biləsən.

- Əsərlərinizə baxanda həndəsə elementləri də görünür, mənəvi aləmə də yol almaq mümkün olur. Belə təsəvvür yaranır ki, rəssam gərək çox sahəni bilsin ki, yaratsın. Sizcə belədir. Bəs başqa hansı keyfiyyətlərə sahib olmaq lazımdır?

- "Təsvirçi rəssamlıq"la "ifadəçi rəssamlıq" anlayışları fərqlidir. Burada şəkil çəkənlərlə rəsm çəkənlər fərqlənirlər. İfadəçilik dedikdə həyata yaradıcı münasibət başa düşülür. əgər lövhədə hansısa məna yük yoxdursa, yaradıcı münasibəti yoxdursa, bu, sadəcə olaraq, görüntünün köçürülməsidir. Bu mənada rəssamın hər hansı bir dəqiq elmi, məsələn, coğrafiyanı bilməsi şərt olmaya bilər. Lakin dünyagörüşü, təbiət haqqında təsəvvürləri, insan və cəmiyyət haqqında təsəvvürləri dolğun olmalıdır. Güclü müşahidə və dəqiq analizləri olmalıdır. Fikir vurucu olmalıdır və ən incə detallara qədər getməyi bacarmaq lazımdır.

Rəssamın hansı keyfiyyətdə olması sualına gəldikdə, insan hansı xarakterə malikdirsə, rəssamlarıqda da onun üzərindədir. Yaradıcı tiplər haqqında fikir yürüdürlər ki, onlar çəkingən olurlar,  öz dünyalarına  qapılırlar. Mən belə deyiləm, döyüşgən tipəm.

- İlham mənbəyi kimi etalonunuz varmı? Yaradıcılıq mənbəyiniz bizə məlum olmayan mücərrədlikdir ya necə?

Bəzən eşidirik ki, sənətkarlar  kosmosdan enerji aldıqlarını, vergi yolu ilə yaradırlar. Bunlar cəfəng fikirlərdir. Mən ayıq başla düşünürəm və görəcəyim işə fokuslanıram. Konkret hədəflədiyim aydın mətləblər olur. Lakin çəkəcəyim əsərin üzərində çox düşünürəm. Mütləq yanımda eskiz üçün qaralama olur. İdeyanı tapandan sonra məndə fərəh hissi yaranır. Bəzən bir ideyanı tapmaq üçün aylarla axtarıram. Əsərlərim 3 mərhələdən ərsəyə gəlir. Kağız üzərində ağ qara formada, ye kağızda sulu boya ilə və xoşuma gələrsə, onu kətan üzərinə köçürürəm. Kətanla iş rəssamın həm də döyüşüdür. Mən ona fırça vurduqca o mənə cavab qaytarır. Sanki o da mənimlə və cəng edir. Amma sakit tərzdə mənə cavab qaytarır.

- Bəyənmədiyiniz işiniz var?

- Bəzən kətan üzərinə çatan rəsm mərhələsini başa vurmaq mümkün olmur. Müəyyən yerə qədər gətirmək mümkün lısa da, heç cür başa barmaq olmur. Bu bilirsiz nəyə bənzəyir?

Hər hansı bir tandığın doğma insanı görürsən. Ona məhəbbətlə yaxınlaşırsan. Amma uyğun qarşılıq  ala bilmirsən. Burda da oxşar vəziyyətdir. Sən daxili aləmini   tabloya verə bilmirsən  heç cür mümkün olmur. Əslində, bu, sənətkarın elə daxili aləmi ilə bağlı olan məsələdir. Tablo bir predmetidir..  Daxili aləmini əks etməyən boyanı kənara  sıyırmalı olursan...

Yeri gəlmi.kən, bir çeyi qeyd edim. Rəssama çəkdiyi əsərlə bağlı "bununla nə demək istəmisiniz?" sualını vermək düzgün deyildir. Bu təbiətin hansısa ayrılmaz hissəsinin niyə mövcud olması barədə absurd suala bənzəyir. Həm də əvvəldə dediyim kimi. Hər sənət aşiqinin öz baxışı var. Mən sonuna qədər aydın görünən bir yol cızıram. Rəsmi hansı yöndən görmək, hansı tərəfini qabartmaq, onu necə yadında saxlamaq artıq insanların öz keyfiyyətindən, düşüncə və görüşündən asılıdır.

Cavid Zahidoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi