"Xalq artisti İlhamə Quliyevanı evində dindirirdim. Birdən köməkçisi gəldi ki, mədəniyyət naziri Əbülfəs Qarayev bayaq televizorda danışırdı ki, bir neçə mügənniyə "Xalq artisti" adı verilməsi üçün təklif göndərilib. İlhamə tez qayıtdı ki, bu ölkənin mədəniyyət naziri özüməm, kimi istəsəm o da xalq artisti olacaq”.
Modern.az xəbər verir ki, bunu Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov sosial şəbəkədə sabiq mədəniyyət naziri Əbülfəs Qarayev barəsində açılan müzakirələr fonunda yazıb.
“İndi hamı tökülüb Əbülfəs Qarayevin üstünə ki, bu adam mədəniyyətimizi dağıdıb. Guya ki, indi mədəniyyətimiz intibah dövrünü yaşayır?! Onda da, indi də eyni vəziyyətdi... fərq odur ki, indi İlhamə kimisi yoxdur”, - M.Abbasov bildirib.
Sabiq müstəntiq xatırladıb ki, İlhamə Quliyeva köməkçisi Mehriban Hüseynovanın işində zərərçəkmiş idi.
“Həmçinin onun özü də Mehribanın ayağına bıçaqla xəsarət yetirmişdi”, - o deyib.
M.Abbasov İlhamə Quliyevanın niyə prokurorluqda deyil, evində dindirildiyinə də aydınlıq gətirib:
“Çünki ayaqları yara idi, gəzə bilmirdi”.
Eks-müstəntiq onu da əlavə edib ki, köməkçisi Mehriban Hüseynovaya xəsarət yetirən İlhamə Quliyeva öldüyünə görə, sonradan işə xitam verilib.
Xalq artisti İlhamə Quliyeva 2016-cı ilin fevralında 72 yaşında vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib. Mərhum sənətçi "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdi.