BMT-nin Ümumdünya Turizm Təşkilatının məlumatına görə, hər il dünyada 300 milyondan çox insan dini və mənəvi məqsədlərlə səyahət edir. Son illərdə fərdiləşdirilmiş inanc turizminə marağın artması bu sahəni daha da aktuallaşdırıb.
Modern.az-ın məlumatına görə, tarix boyu müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş Türkiyə xristian irsinə əsaslanan inanc marşrutları ilə seçilir. Xüsusilə Egey bölgəsində, İzmir, Manisa və Denizlini əhatə edən Vəhyin Yeddi Kilsəsi marşrutu Milad dövründə mənəvi səyahət üçün diqqətçəkən istiqamətdir. Rəvayətə görə, bu kilsələrə məktublar Müqəddəs Yəhya vasitəsilə İsa Məsih tərəfindən ünvanlanıb.
Marşrut Efesdən başlayır. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən bu qədim şəhər xristianlıq üçün mühüm mərkəzlərdən biridir. Burada Həzrəti Məryəmin Evi, Müqəddəs Yəhya Bazilikası və Yeddi Yatanlar Mağarası yerləşir. İzmir bölgəsində həmçinin Smirna və Perqamon kimi mühüm qədim şəhərlər ziyarət olunur.
Marşrut Manisada Tiatira, Sardis və Filadelfiya, Denizlidə isə Laodikiya ilə davam edir. Laodikiya erkən xristian dövründə mühüm dini mərkəz olub və bu gün də zəngin arxeoloji irsi ilə seçilir. Səyahət Hierapolis və Pamukkale kimi UNESCO irsi olan məkanlarla tamamlanır.
S.Hakıyeva