Azərbaycan teatr və kino tarixində elə adlar var ki, onların yaradıcılığı bütöv bir aktyorluq məktəbinin formalaşması ilə ölçülür. Amaliya Pənahova məhz bu qəbildən olan sənətkarlardandır. Onun sənət yolu həm də milli teatr düşüncəsinin keçdiyi mürəkkəb estetik mərhələlərin aydın göstəricisidir.
Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Teatra marağı erkən yaşlar formalaşıb və bu zamanla ciddi peşə seçiminə çevrilib.

1962–1966-cı illərdə o, M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bu mərhələ onun sənət taleyində həlledici rol oynayıb. O burada milli teatr və kino məktəbinin əsas sütunlarından biri olan SSRİ Xalq artisti Adil İsgəndərovdan dərs alıb.
Amaliya Pənahovanın sonrakı yaradıcılığında müşahidə olunan daxili intizam, səhnə mədəniyyəti və obrazla məsafəni düzgün qorumaq bacarığı məhz bu məktəbin təsirini açıq şəkildə göstərir. O, səhnəyə “oynamaq” üçün yox, anlamaq və yaşatmaq üçün çıxan aktrisalardandır.

Hələ tələbəlik illərində onun yolu Akademik Milli Dram Teatrının səhnəsinə açılır. Onun səhnəyə gəlişi XX əsrin 60-cı illərinə təsadüf edir. O zaman elə bir dövr olub ki, sovet ideoloji qəliblərinin teatr estetikası dominantlıq edib. Pafos və şüarçılıq tamaşaçı ilə səhnə arasında baryer yaradıb. Məhz belə bir zaman kəsiyində xanım Pənahovanın sənətə gəlişi təsadüf sayıla bilməz. O, səhnəyə insanı gətirən aktrisalardandır.
Amaliya Pənahovanın teatr yaradıcılığında İlyas Əfəndiyev dramaturgiyası xüsusi yer tutur. “Mənim günahım”, “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı” kimi əsərlər aktrisaya qadın psixologiyasını dərin fəlsəfi qatlarla açmaq imkanı verir. Onun ifasında qadın taleyi vicdanla məsuliyyət, sevgi ilə seçim arasında gedən daxili dialoq kimi təqdim olunur.

Aktrisanın sənət miqyası onun canlandırdığı obrazların genişliyində aydın görünür: Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza..
O, tarixi-mifoloji qəhrəmanı müasir psixoloji ölçülərlə, klassik Avropa faciəsini isə milli duyumla təqdim etməyi bacarırdı.Amaliya Pənahovanın kino sahəsində “Cazibə qüvvəsi”, “Sən niyə susursan?”, “Həyat bizi sınayır”, “Xatirələr sahili”, “Səmt küləyi”, “Mezozoy əhvalatı” kimi filmlərdə yaratdığı lirik-psixoloji obrazlar onu ekran üçün də fərqli aktrisaya çevirdi.
Onun kino yaradıcılığının zirvəsi “Babək” filmindəki Zərnisə obrazıdır. Bu rolda Pənahova qadını tarixi qəhrəmanın kölgəsindən çıxararaq onun ideya və taleyinin ayrılmaz hissəsi kimi təqdim edir. Zərnisə obrazı pafosdan uzaq, daxili məğrurluq və səssiz yanğı üzərində qurulub. O, danışdıqca yox, susduqca təsir edir. Bu isə böyük aktrisa ustalığının əsas əlamətlərindən biridir.

Amaliya Pənahovanın sənətə münasibəti estetikadan daha çox etik xarakter daşıyır. Çətin səhnələrdən, ağır çəkilişlərdən imtina etməməsi onun sənət məsuliyyətini göstərir. O, obrazı həqiqət naminə yaradırdı.
1992-ci ildə Bakı Bələdiyyə Teatrının yaradılması isə Amaliya Pənahovanın sənətə teatr qurucusu və strateji düşünən mədəniyyət xadimi kimi yanaşdığını sübut etdi. Bu addım Azərbaycan teatr məkanında yeni təşkilati və estetik modelin mümkünlüyünü göstərdi.
Onun zəngin yaradıcılığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. 1972-ci ildə Dövlət mükafatına, 1985-ci ildə Xalq artisti adına, 2015-ci ildə Prezidentin Fəxri diplomuna layiq görülüb.
Amaliya Pənahova fenomeni ondadır ki, o, zamanın sənətini yaratmadı, o, zamanın içində sənəti möhkəmləndirdi. Bu səbəbdən də onun yaradıcılığı Azərbaycan mədəniyyət tarixinin davam edən mətnidir.

Bu estetik və mənəvi mirasa ehtiramın ifadəsi olaraq, Azərbaycan səhnə sənətində silinməz iz qoymuş Xalq artisti Amaliya Pənahovanın anadan olmasının 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən dekabrın 28-də Heydər Əliyev Sarayında “Mən dünyaya aktrisa olmaq üçün gəldim...” adlı yubiley gecəsi keçiriləcək.