Modern.az

Mədəniyyət Nazirliyi 2025-ci ilin hesabatını verdi

Mədəniyyət Nazirliyi 2025-ci ilin hesabatını verdi

Mədəniyyət

29 Dekabr 2025, 17:02

2025-ci ildə Mədəniyyət Nazirliyinin fəaliyyəti mədəni siyasətin müasirləşdirilməsi, yaradıcı sənayelərin institusional gücləndirilməsi, mədəni irsin qorunması və mədəni diplomatiyanın genişləndirilməsi istiqamətində ardıcıl islahatlarla yadda qaldı. İl ərzində mədəniyyət təkcə milli kimliyin ifadəsi kimi deyil, sosial inkişaf və beynəlxalq dialoq aləti kimi təqdim olundu.

Bu barədə Modern.az-ın cari il ərzində Mədəniyyət Nazirliyi tərəfindən görülən işlər, qarşıya qoyulan və nail olunan hədəflərlə bağlı sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Bildirilib ki, əsas dönüş nöqtələrindən biri mədəniyyət sahəsində idarəetmənin çağdaş tələblərə uyğunlaşdırılması olub:

“Kino sənayesində hüquqi və institusional mexanizmlər yeniləndi, müəllif hüquqları və qonorar sistemi təkmilləşdirildi, audiovizual istehsal xərclərinin qismən geri ödənilməsi mexanizmi tətbiq edildi. Paralel olaraq incəsənət təhsili sahəsində müxtəlif prosedurlar rəqəmsallaşdırıldı, müəllimlərin işə qəbulu və attestasiyası şəffaf meyarlar əsasında həyata keçirildi.

İl ərzində Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təmsil olunması əhəmiyyətli dərəcədə artdı. Azərbaycanın sənət, kino,musiqi və s. sahələrinin təmsilçiləri  nüfuzlu beynəlxalq platformalarda təmsil olundu, gənc sənətçilərin beynəlxalq şəbəkələrə çıxışı dövlət dəstəyi proqramları vasitəsilə genişləndirildi. Mədəni sahibkarlıq iqtisadi və sosial inkişafın real komponenti kimi möhkəmləndi”.

Nazirlikdən verilən məlumata görə, mədəni irsin qorunması istiqamətində işğaldan azad edilmiş ərazilərdə abidələrin inventarlaşdırılması aparılıb, yeni obyektlər dövlət mühafizəsinə götürülüb, Ağdam Muğam Mərkəzi və “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi istifadəyə verilib:

“Eyni zamanda bir sıra tarixi-mədəni komplekslərin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi beynəlxalq tanınmanın göstəricisi oldu.

2025-ci ildə incəsənət təhsili üzrə proqramlar yeniləndi, fortepiano ixtisası üzrə ilk milli dərsliklərin hazırlanmasına başlanıldı, müəllimlərin peşə səriştələrinin ölçülməsi sistemli xarakter aldı. Gənclər üçün beynəlxalq təhsil və təqaüd imkanları genişləndirildi”.

Qeyd edilib ki, media və kommunikasiya sahəsində vahid yanaşma formalaşdırıldı, rəsmi informasiya dili sadələşdirilib, ictimaiyyətlə əlaqələr gücləndirilib:

“Rəqəmsal təşəbbüslər, o cümlədən “Novruz 2025” onlayn festivalı mədəniyyətin geniş auditoriyalara çatdırılmasının effektiv nümunəsinə çevrildi.

Ümumilikdə, 2025-ci il mədəniyyət sahəsində daha açıq, çevik idarəetmə modelinin formalaşdığı il oldu. Mədəniyyət yalnız həyata keçirilən fəaliyyət deyil, eyni zamanda cəmiyyətlə paylaşılabilən və beynəlxalq dialoqa açıq ictimai dəyər kimi mövqeləndirildi”, - Nazirlikdən bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi