Modern.az

İndi aktyoru kəşf edə bilən peşəkar rejissorumuz yoxdur - MÜSAHİBƏ

İndi aktyoru kəşf edə bilən peşəkar rejissorumuz yoxdur - MÜSAHİBƏ

Mədəniyyət

9 Fevral 2026, 10:19

Aktyor, ssenarist, prodüser, teleaparıcı Müşfiq Şahverdiyev kino karyerasına 2007-ci ildə çəkilmiş “Yanmış körpülər” və “Niyə?” filmləri ilə başlayıb. Sonrakı illərdə “Miras” (2008), “Ağ tük”, “Gizlənpaç” (2016) kimi ekran işlərində rol alaraq aktyor kimi tanınıb. O, tamaşaçıların yaddaşında xüsusilə “My name is İntiqam” filmi və onun davamı olan “My name is İntiqam 2”, eləcə də “Niyə? 2” (2017) layihələri ilə qalıb. Televiziya sahəsində də aktiv olan Müşfiq Şahverdiyev “Qayınanamız” (2015) teleserialında, “O başdannan” layihəsində və “Komedixana” proqramında iştirak edib. Onun son illərdə yer aldığı layihələr arasında “Qara Qura İşlər” (2024) də var.
Aktyorun Modern.az-a müsahibəsini təqdim edirik.

- Televiziya aparıcılığı və aktyorluq... Deyəsən, istiqamətinizdə dəyişiklik var.

- Yox, elə deyil. Televiziyanın özü də səhnədir. Bizim demək olar ki, bütün layihələrimiz səhnə formatında olur. Aralarında ciddi fərq görmürəm. Turizm Agentliyi ilə layihəmiz var: "Ləzzət axtarışında". Özüm qurman olduğum üçün özümə də maraqlıdır. Rayonları gəzirik. 
Amma son zamanlar filmlə daha çox məşğul oluram, televiziya layihələrindən bir qədər kənara çəkilmişəm.  

- Komediya sahəsində məşhurlaşandan sonra kimlərsə paxıllığınızı çəkir? 

- İstedadlı adamın paxıllığını çəkən çox olur. Bilmirəm, başqa ölkələrdə necədir, bizdə bu, problem səviyyəsindədir. İndi nəinki sənətçi sənətçinin, hətta tamaşaçı sənətçinin paxıllığını çəkir. Yüzlərlə izləyici var ki, bilmirəm, öz sənətçisinə niyə paxıllıq edir... Hansısa aktyor 3 gün konsert verir. Baxırsan ki, biri yazır: "Bu kimdir ki, 3 gün konsert versin? Guya Hollivud aktyorlarıdır. Mən bunları heç tanımıram". Niyə bir-birimizi bəyənmirik, sevmirik?


- İşinizi tənqid edən kifayət qədərdir.
 Məsələn, Xalq artisti Məbud Məhərrəmov "Komedixana" haqda demişdi ki, onlar tanına bilərlər, amma bu o demak deyil ki, böyük komikdilər.

- Mən "Komedixana" haqda mənfi fikir deyə bilmərəm. Onlarla işləmişəm. Məbud müəllim bizim ustad sənətkarımizdır. Böyüklərin fikirlərinə hörmətlə yanaşıram. Mən şəxsən çalışıram ki, iradlardan nəticə çıxarım. "Komedixana"nın aktyorları istedadlıdırlar. Hazırda daimi reytinqdə olan layihədir. Pul da gətirir, kifayət qədər sponsoru da var.

Mən ordan ayrılmışam. Arada qayıtmaqla bağlı Ənvərlə danışırıq.

Amma indi mənim öz proyektim var. Plan film çəkilişləri ilə bağlıdır. 20 ilin obrazı var, Dilşad Kədərli.  Bunu 7 il öncə Fərda Xudaverdiyevlə yaratdıq. İndi serial xarakterli filmlə obrazı yaşatmaq istəyirik. Həmçinin tərəf müqabilimlə "Niyə" filminin növbəti çəkilişləri ilə məşğul olacağıq. Bu dəfə yeni formatda. Hələ ki serialın davamı kimi yox, sosial şəbəkələrdə nisbətən lokal formada İsabala və Asiman obrazlarını canlandırmaq istəyirik.

- Bəs Fərda ilə küsülü deyildiniz?

- Çox küsüb-barışmışıq. Aramızda ciddi problem yoxdur. Heç vaxt düşmən olmamışıq. Tələbəlik vaxtlarından bir yerdəyik. Ac-susuz günlərimiz də olub. Sadəcə olaraq bəzi xasiyyətlərimiz tutuşmur. Sonra hər şey qaydasına düşür. Bir də ki, mübahisəmiz qaldı 20 yaşlarımızda. İndi artıq 40 yaşı ötmüşük. Dalaşan vaxtımız deyil.

- Əsas gəlir mənbəyiniz haradır?

- Əsas gəlirim reklamlardandır. Bu müsahibə verdiyim yer öz ofisimdir. Komandam işləyir. Film işi böyük layihədir. Onun üçün də maliyyələşməmiz var. Həm sponsorlar, həm də yaxın dostlar dəstək olurlar. 


- Yenə qayıdaq "Komedixana"ya. Tənqid edənlərin arasında keçmiş deputat da olub: Etibar Əliyev kəskin sözlər demişdi.

- Məncə o, haqlı deyildi. Bilirsiniz, yaxşı iş görürsən bir söz deyirlər, zəif iş görürsən başqa söz deyirlər, keyfiyyətsiz iş görürsən, yenə mız qoyurlar.

Ola bilər, hər hansı səhnədə səhvə yol versinlər, bu, detaldır. Lakin ümumən bu insanlar uşaqların, böyüklərinin üzünü güldürürlər axı. Burada pis olan nə var? Əksinə yaxşı olardı ki, belə şəxslər "Komedixana" kim layihələrə dəstək olsunlar. Bizim belə istedadlı gənclərimiz olduğu üçün təklif versinlər ki, dövlət tərəfindən maliyyə ayrılsın, daha da inkişaf olsun. Mədəniyyət Nazirliyi və bununla məşğul olardı. Başqa ölkələrin filmləri sərhəddi aşır. Biz də öz çəkilişimizi geniş həcmdə xarici bazara çıxardardıq.

- "Komedixana" haqda bəzən auditoriyadan da narazlıqlar olur. Mövzuların təkrarlanması və bayağılıqdan şikayətlər var.

- Bayağılıq deyəndə, hər zamanın öz tələbi var. İndi əvvəlki dövrün komediya filmlərinə baxanda bəzən gülmək olmur. Bu onunla əlaqədardır ki, tələb başqadır. Düzdür, korifey sənətkarlarımızın yaratdığı obrazlar həmişə maraqlıdır. 

Yaxşı, indiki səhnələrimiz bayağıdırsa, niyə bu qədər reytinq yığır? "Komedixana" hər həftə birinci yerdədir. Əgər pisdirsə, onda baxmasınlar, onlar da oturub fikirləşsinlər ki, yeniliyə ehtiyac var. Düşünürəm ki, reytinq nə vaxt düşərsə, onda dayaz adlandırmaq olar.

Əgər kütlə baxırsa, reytinq varsa, deməli, komediyamız müəyyən bir yerə gəlib.

Həm də ki, mən auditoriyaya deyə bilmərəm ki, siz bu layihəyə baxmayın. İnsanların zövqü budur.

Səhnəmizin çatışmayan cəhətləri də var, ssenari kasadlığı yaşanır. Ənvər qardaşımız özü də etiraf edir ki, hər həftə 2 konsert təşkil etmək asan deyil. Bəzən görürsən, ssenarilərdə istər-istəməz eyniyyət yaranır, təkrarçılıq olur. Ssenari yazmaq, rejissorluq Azərbaycanda inkişaf etdirilməlidir. 

İndi gördüyümüz türk kino sənəti əvvəl gündən belə olmayıb. Film yaradıcılığı ilə məşğul olan peşə sahiblərini Türkiyədə elə bir dövr olub ki, Hollivuda göndəriblər. Təcrübə keçmək üçün vaxtilə bunu etməsəydilər, indi gördüyümüz türk filmləri olmayacaqdı. Bizdə isə vəziyyət qarışıqdır. Hərə özü durur, "bunu necə edim", "onu necə edim", düşünüb film çəkir. 

Yəni film yaradıcılığımızda bir nizamsızlıq var. Bizdə rejissor layihəyə başlamazdan əvvəl deyir ki, ona bir yaxşı kreslo alsınlar. Birinci öz kofesini fikirləşir, öz komfortunu düşünür. Bu, işləmək yox, "mən rejissoram" obrazını oynamaqdır.


- Ciddi rol və Müşfiq Şahverdiyev. Heç dramatik rol almaq istəmisiniz?
 Komediya səhnələri yaradan bir çox həmkarlarınızı ciddi rollarda görmüş...

- Mən Dram kinoaktyorluğu fakültəsində Fərhad İsrafilov kimi peşəkarlardan dərs almışam.

Mənim aldığım təhsil elə ciddi rolları oynamaq üçündür. Bunu görən göz lazımdır. Aktyoru kəşf etmək üçün peşəkar rejissor olmalıdır. İndi desəm ki, belə rejissor yoxdur, gələcəklər üstümə. Amma fakt budur ki, mən hələ belə rejissor görməmişəm.

Mən özümü ciddi rollarda görürəm. İnşallah, öz maliyyəmlə çəkiləcəm.

- Elə bil ki, məşhurlar öz şöhrətlərindən istifadə edirlər. Bir az tanınan kimi keçirlər biznesə. Sənət karyerası dolanmaq üçün kifayət etmir ya necə?

- Bu tək aktyorlara yox, müğənnilərə, digər sənət adamlarına da məxsus haldır. Baxırsan ki, restoranı var ya obyektlərini arendaya verib, ev alıb-satır. 

Əlavə biznes yaxşıdır. Dövlət işində işləyənlərin də fəaliyyəti var. Pis baxmıram. Özümün də gələcəkdə "cənub restoranı" açmaq fikrim var. İnşallah, sırf talış yeməkləri verəcəm. Eyni zamanda, biznes quran müxtəlif iş sahiblərinə fərasətli adam üçün baxıram. 

İnsan tanınıb, simasını formalaşdırıb. Burada yaxşı mənada biclik var: Cəmiyyət onu tanıyır, sərmayəçi də var. Nə etmək lazımdır? Beləliklə, biznesdə uğurlu olmaq üçün böyük şans yaranır. 


- Bəs tanınmış şəxslərin TikTok hesabı açıb aşağı səviyyəli hərəkətlər etməsi, bundan formalaşan gəlir necə, bu da məqbul haldır?

- Canlıda oturub pul qazanmaq - bu istəyə bağlıdır. Fikir bildirə bilmərəm, hərənin öz işidir. Şəxsən mən etmirəm.

Yenə qeyd edim ki, Fərda ilə bizim layihəmiz var. Söhbətimizin əvvəlində vurğuladım. Müəyyən rolları sosial şəbəkələrdə ifa edəcəyik. Bununla bağlı obyektlərdən reklam təklifi gələ bilər.

Bilirsiz, indi elə dönəmdir ki, sosial şəbəkələrdən bu kimi istifadələri birmənalı tənqid etmək düzgün deyil. Əvvəlki dönəm olsaydı, hə, deyərdik ki, aktyor ancaq səhnədə, filmdə görünməlidir. Qəlbimin dərinliyində mən də belə şeylərin əleyhinəyəm. Aktyor balaca adam deyil. Əgər şəxs böyük kütləni özünə cəlb edirsə, o necə balaca adam ola bilər? 

Hansısa obyektə sahib olmaq, onun idarəsi ilə məşğul olmaq başqadır. Amma sosial şəbəkədə dediyiniz kimi,  hərəkətlər etmək tamam başqa haldır. Burada yaşam faktoru da var. Bəzən aktyorlar istədiyi həyatı yaşaya bilmədiyi üçün bu vasitələrdən istifadə edirlər. Qınamıram, gözəl evdə yaşamaq, yaxşı maşın sürmək, restoranlarda yemək üçün bu imkandan istifadə edirlər. 

Yəni bu ehtiyacları qarşılamaq üçün sosial şəbəkələrdən istifadə etmək şansı var. Film sektorundan hal-hazırda güclü gəlir yoxdur. Pandemiyadan sonra kinomuz hələ də dirçələ bilməyib. Teatrda işləyəcəksən, maaş qane etməyəcək, Türkiyə deyil ki, hər bölüm üçün 50 min-60 min pul alasan. Səviyyəni saxlamaqla TikTok kimi resurslardan istifadə etməyə pis baxmıram.


- "My name is İntiqam" filminiz çox populyar oldu. Səbəbi nə idi?

- O filmə baxmaq üçün kinoteatrlarda böyük izdiham yaşandı. Günorta seansına bilet almaq adı ilə gedirdin, axşam seansına bilet tapmırdın. "Nizami" kinoteatrının 500 nəfərlik zalı dolub-boşalırdı. Şöhrətin səbəbi təqdimatın yeni formatda olması idi. Sovet kino sistemindən yeni çıxmışdıq. Qala gecəsinin təşkil olunması, məşhur aktyorların dəvət edilməsi - bütün bu yenilikləri ilk dəfə edənlərin biri biz olduq. Həmin vaxt yaxşı pul da qazandıq, yaxşı şöhrət də. O qədər uğurlu oldu ki, "My name is İntiqam 2"ni də çəkdik. Çəkilişi Moldovada etdik. 2015-ci il idi. Milli valyutanın dəyəri dəyişdi. Düzdür, filmə baxanlar oldu, amma layihədən 160 min manat ziyanla çıxdıq.

- Sizdən sonra gələn gənc məzunlara şərait yaradırsınız?

- Mən heç vaxt öz ətrafıma "yalnız peşəkarlar olsun" tələbi qoymamışam. Nəinki aktyorlar, rəssam, ssenarist və digər peşələrdən gəncləri cəlb etmişəm. Yeni simalar, canlılıq mənim özümə də maraqlıdır. "My name is İntiqam" filminə "Komedixana"nın aktrisası Mələk Kazımovanı cəlb etmişdim. Bu onun karyerasının başlanğıcı idi. Rejissor Emin Abdullayevin də ilk işi idi. Biz onlara inanmışdıq.

- Senarist, teleaparıcı, aktyor Müşviq Şahverdiyev. Bəs niyə məhz aktyor Müşfiq Şahverdiyev önə çıxdı?

- Sadaladığımız istiqamətlərin hamısında fəaliyyətim var. Hətta rəssamlıq və müğənniliyə də diqqət edirəm. 

Yeri gəlmişkən, oxuduğum "Cırtdanım" mahnısı 8 milyon baxış yığıb. Amma əslində bu, filmin daxilində obrazın oxuduğu mahnıdır, mənim müğənnilik fəaliyyətim deyil. Bir çox halda izləyicilər bilmirlər, elə zənn edirlər ki, mən bunu müğənni kimi ifa etmişəm. Hətta tənqid edirlər ki, Üzeyir Hacıbəylidən sonra sənətimiz görün, nə günə qalıb. Xeyr, bu, obrazın ifasıdır. Bunu ciddi musiqi əsəri ilə müqayisə etmək məlumatsızlığın göstəricisidir. 

Heç bu mahnının reytinqdə cədvəlində yüksələcəyini də güman etməmişdim.

Anam mənə deyir, niyə müğənni olmadın? Mən deyirəm, yox. Aktyor sənəti mənim üçün bir başqadır. 

İdarəçilik işi də mənə maraqlıdır. Gördüyünüz bu ofisdə öz komandam işləyir. Kifayət qədər tələbkaram. 


- "Bu şəhərdə"ni də tənqid edənlər var. Hər konsertlərində qadın obrazını yaratmaqları, bu çərçivədən çıxa bilməmələri hədəfə alınır. 

- Əsas rolu güclü oynamaqdır, obrazın fərqi yoxdur. Məlik Dadaşov da erməni obrazını oynamışdı ki, onu küçədə erməni zənn edib pis münasibət göstərənlər olmuşdu. Amma aktyor bundan məmnun olurdu, çünki bilirdi ki, rolunun öhdəsindən yaxşı gəlib. 

Əgər aktyor qadın obrazı yaradırsa, bu onun şəxsi həyatına dəlalət etmir. Mən də "Niyə" filmində qadın rolunu oynamışam.

- Səhnədə "qırmızı xətt"iniz nədir?

- Mənim üçün obraz sərhədi məhdudiyyəti yoxdur. Müxtəlif rollar ifa etmişəm. Erməni obrazında da olmuşam. Çox tənqid olunan molla rolunda da. Əsas odur ki, original yaratmışam. Yəni burada aktyorun öz dəsti-xətti, yeni bir ideya ortaya qoyması əsas şərtdir. Əslində, mənim orada dini tənqid etməyim, dinə hədəf kimi baxmağım iddiaları əsassızdır. "Qırmızı xətt"im yoxdur, amma sosial şəbəkədə dəfələrlə parodiya olunmuş, yaradılmış trendi parodiya etməyi xoşlamıram. Aktyor original iş ortaya qoymalıdır.

- Toylara gedirsiniz?

- Dəvət alıram amma getmirəm. Getmək, gəlir baxımından, əlbəttə, sərfəlidir. Amma daha vacib hesab elədiyim bütün bu işləri görməyi üstün tuturam.


- Real həyatda sizin necə təsəvvür edək? 

- O vəziyyətdən asılıdır. Dost-tanışlarla oturub deyib-gülürük. 

Amma elə məclis ola bilər ki, orada heç kimi tanımayım. Lakin məni tanıyırlar. Bəzən görürsən, deyirlər ki, qardaş sizi tanıyıram, deyək-gülək. O zaman mən sərt reaksiya verə bilərəm. Aktyor o deməkdir ki, getdiyi hər yerdə kimisə güldürmək məcburiyyətindədir. Hərənin bir peşəsi var. Həkim düşdüyü bütün ortamda kiməsə iynə vurmalıdır?

- Lənkərandansız. Orada yaşamaq, yaratmaq fikriniz varmı? 

- Əlbəttə. Hazırkı vəziyyət üçün olmasa da, 50 yaşlarında getmək istəyirəm. Orada yaşamaq, biznes qurmaq istəyim var. İndi gəlir baxımından Bakı sərfəlidir, amma burada zaman tez gedir. Yolların tıxacı ucbatından gündə bir-iki işi ancaq çatdırmaq olur. Rayondan da sənət işlərini idarə etmək - Bakıya gəlib-getmək olar. Əsas qaldığım yer Lənkəran olmaq şərti ilə.

Sizə yeni x var
Keçid et
Ukrayna buranı azad etdi - Putin orduya təcili əmr verdi