Modern.az

"Netflix" Azərbaycanda LGBT təbliğatı aparır: gənclərimiz risk altında...

"Netflix" Azərbaycanda LGBT təbliğatı aparır: gənclərimiz risk altında...

Mədəniyyət

12 Fevral 2026, 12:05

Dünya üzrə milyonlarla istifadəçisi olan "Netflix" striminq platforması son illər Azərbaycanda da geniş yayılıb. Platformaya üzv olmaq və "Netflix"in çəkdiyi film, serial və cizgi filmlərini izləmək üçün aylıq abunə haqqı 7,99 avro (baza), 9,99 avro (standart) və 11,99 avro (premium) təşkil edir. "Netflix" 3 fərqli cihazdan eyni abunəçi ünvanına daxil olmağa icazə verdiyi üçün ölkəmizdə insanlar eyni ünvandan platformaya daxil olmaq və aylıq abunə haqqını 3 yerə bölərək istifadə etməyə üstünlük verir. Bunun sayəsində ölkəmizdə yüzminlərlə ailə "Netflix" platformasına müntəzəm daxil olur və bu rəqəmlər artmaqda davam edir. 

Məsələnin problemli tərəfi "Netflix"in yarandığı gündən inklüzivlik şüarı altında öz məhsulları vasitəsilə aqressiv "LGBT" təbliğatı aparmasıdır. Belə ki, film və seriallarda cinsi azlıq nümayəndələrinə - homoseksual və transgenderlərə geniş yer verilir, xüsusən uşaq və yeniyetmələr arasında öz cinsi orientasiyası ilə bağlı suallar doğuracaq dəyərlər təbliğ edilir. 

Beləliklə, 190 ölkədə, o cümlədən Azərbaycanda servis göstərən platformada yayımlanan bəzi film və serialların məzmunu ciddi narahatlıq doğurur.  Bu kontentlərin bir qismi milli-mənəvi dəyərlərə, ailə institutuna və cəmiyyətin ənənəvi baxışlarına zidd mesajlar ötürür.

Məhz bu səbəbdən Netflix-in fəaliyyətinin və yayımladığı məzmunun ölkənin dəyər sistemi prizmasından araşdırılması aktual mövzuya çevrilib.

"Netflix"in milli-mənəvi dəyərlərimizə zidd görüntülərin yayımı ilə bağlı Modern.az Audiovizual Şuraya sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, hal-hazırda “Netflix” platforması Azərbaycan Respublikasında audiovizual media sahəsində qanunvericiliklə tənzimlənən və müvafiq qaydada qeydiyyatdan keçmiş media subyekti hesab edilmir:

“Platforma ölkə ərazisində audiovizual yayımçı kimi hüquqi statusa malik olmadığından, orada yayımlanan məzmunun monitorinqinin aparılması həyata keçirilmir, məzmuna dair inzibati və ya məhdudlaşdırıcı tədbirlər tətbiq  olunmur. Bununla yanaşı, gələcəkdə  “Netflix” və digər beynəlxalq sifarişli yayım xidmətlərinin mərhələli şəkildə Şuraya müraciət etməklə lisenziyalaşdırılması, hüquqi status əldə edərək Azərbaycan Respublikasının audiovizual media qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərməsi, həmin platformaların Şuranın tənzimləmə və nəzarət mexanizmlərinə daxil olması nəzərdə tutulur”.

Beləliklə, ölkə daxilində qeydiyyatdan keçmiş televiziya və media subyekti olmadığı üçün "Netflix"ə qarşı hər hansı monitorinq və inzibati tədbirlər tətbiq edilməsi mümkün deyil. Platforma Azərbaycanda lisenziya və yerli hüquqi status aldığı zaman Şura tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən tələblər qoya bilər (yaş məhdudiyyəti, kontent kateqoriyaları və s.).

Digər yandan isə, sırf "LGBT" təliğatına görə, "Netflix"ə total qadağa tətbiq edilə bilməz, çünki “LGBT mövzusunun göstərilməsi” ayrıca olaraq qadağan olunmuş kateqoriya kimi göstərilmir. Qadağalar əsasən pornoqrafiya, zorakılıq təbliği, ekstremizm, dövlət təhlükəsizliyi və s. kimi sahələrə aiddir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən isə saytımıza bildirilib ki, "Netflix" elektron ticarət qaydasında göstərilən xidmətlər üzrə qeyri-rezidentə ödənilən ƏDV məbləğləri ödənişi həyata keçirən banklar tərəfindən hesablanaraq dövlət büdcəsinə ödənilir. Bu Vergi Məcəlləsinin 169.3-cü maddəsi ilə tənzimlənir. Yəni, hazırda Azərbaycan vətəndaşı Netflix-ə abunə haqqı ödəyəndə ödənişi bank həyata keçirir, bank həmin məbləğin üzərinə18% ƏDV-ni hesablayır və o ƏDV-ni dövlət büdcəsinə köçürür.

Yəni Netflix özü Azərbaycanda qeydiyyatda olmadığı üçün ƏDV-ni faktiki olaraq istehlahçı ödəyir, bank isə vasitəçi kimi büdcəyə köçürür.

Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, Azərbaycanda fiziki ofisi olmayan, amma burada rəqəmsal xidmət göstərən (Netflix, Spotify, Google və s.) qeyri-rezident şirkətlər özü Azərbaycanda ƏDV qeydiyyatına düşəcək, ƏDV-ni özü hesablayacaq və vergini birbaşa dövlətə ödəyəcək.

"Artıq bu istiqamətdə hazırlanmış xüsusi platforma vasitəsilə rəqəmsal xidmətlər təqdim edən bir sıra qeyri-rezident transmilli şirkətlər elektron qaydada vergi uçotuna alınır və vergilərini birbaşa dövlət büdcəsinə ödəyirlər. ƏDV məqsədləri üçün vergi uçotuna alındıqları halda, vergi məbləği artıq onların öz üzərindən hesablanaraq ödənilir, bu isə yerli istehlakçıların rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlər əvəzinə vergi ödəməsi zərurətini aradan qaldırır. Nəticədə, vətəndaşların əlavə vergi yükü azalır, qeyri-rezidentlərin reputasiya və biznes maraqları qorunur, dövlət büdcəsinə daxilolmalar isə artır.

Əlavə olaraq bildiririk ki, elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezident şəxslərin məcburi vergi uçotuna alınması istiqamətində müvafiq təkliflər hazırlanıb və layihə hazırda Milli Məclisdə müzakirə mərhələsindədir. Layihənin qəbul edilməsi rəqəmsal xidmətlər göstərən qeyri-rezident elektron ticarət iştirakçılarının vergi uçotunun genişlənməsinə, eləcə də beynəlxalq standartlara uyğun rəqəmsal iqtisadiyyatın inkişafına şərait yaradacaq”, - deyə qurumdan bildirilib.

Yazıçı-kulturoloq Aydın Xan Əbilov açıqlama verib.

O qeyd edib ki, internetin açıq və yaxud qapalı video paylaşım resurslarında kifayət qədər erotik və pornoqrafik filmlər, kliplər bu və digər dərəcədə insanlara əlçatandır:

“Onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ya bütöv şəkildə ya da qismən qadağan edilib. "Netflix" kimi platformaya nəzarət bir qədər çətindir. Birincisi, onu müəyyənləşdirmək üçün bizim kriteriyalarımız yoxdur. Bunun üçün bilmək lazımdır, hansı filmlər erotik kadrlarla nə dərəcədə boldur. Homeseksuallıq və digər seksual sapıntılardan əziyyət çəkən insanların həyat tərzinə aid filmlərin nümayişi ilə bağlı qadağalar beynəlxalq standartda, demək olar ki, yoxdur. Çünki bu həm də insan azadlığına qarşı addım kimi qəbul edilə bilər. Netflix heç kimə yalvarmır ki, istehsalını alaq. Bu, könüllü olan ticarətdir. Həmin platformada elmi-maarifləndirici filmlər də var. Niyə onlara baxmırıq? Bizim estetik intellektual səviyyəmizdə problem var. Niyə balet, opera, teatr populyar olmadı amma "Netflix"in sözügedən materialları şöhrət tapdı?", - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı