Modern.az

Nəriman Həsənzadə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olundu

Nəriman Həsənzadə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olundu

Mədəniyyət

18 Fevral 2026, 20:04

Fevral ayının 18-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, müdrik ağsaqqal, dəyərli ziyalı Nəriman Həsənzadənin 95 yaşı tamam olur. Bu əlamətdar yubiley münasibətilə Azərbaycan Ağsaqqallar  Şurasının sədr müavini Bayram Yusifov, Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev görkəmli şairi evində ziyarət ediblər.

Modern.az xəbər verir ki, Bayram Yusifov Azərbaycan Ağsaqqallar  Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev başda olmaqla bütün ağsaqqallar adından Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək ona ən xoş arzularını çatdırıb, uca Allahdan Xalq şairinə uzun ömür, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları diləyib. Natiq bildirib ki, Azərbaycan ədəbiyyatının parlaq siması, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Xalq şairi Nəriman Həsənzadə 95-cı pilləsinə qədəm qoyduğu şərəfli ömrünün müdriklik məqamını yaşayır. İctimai və yaradıcılıq fəaliyyətinin hər bir addımı ali vətənpərvərlik ruhu, Azərbaycana yüksək xidmət nümunələri ilə zəngin olan bu dəyərli və alicənab insanın parlaq əməlləri, saf düşüncələri, dövlətçilik əqidəsi, xalqa bağlılığı onun ziyalı ömründən, ağsaqqal örnəyindən xəbər verir. Görkəmli şairin məhsuldar ömür yolunun, mənəvi saflığının və vətəndaş böyüklüyünün cəmiyyətimiz üçün bir nümunə məktəbi olduğunu vurğulayan Bayram Yusifov qeyd edib ki, xalqımızın hər bir nümayəndəsi daim Azərbaycan sevgisi ilə yaşayan Nəriman Həsənzadə kimi zəngin və şərəfli həyat yoluna, yüksək intellektə, tükənməz enerjiyə malik vətənpərvər ziyalısı və müdrik ağsaqqalı ilə sonsuz qürur duyur.

Sonra Bayram Yusifov Azərbaycan Ağsaqqallar  Şurasının sədri, millət vəkili, professor  Eldar Quliyevin müvafiq əmri ilə Şuranın İdarə Heyətinin üzvü, Xalq şairi Nəriman Həsənzadənin ölkəmizin ictimai-mədəni və ədəbi həyatında, təşkilatın fəaliyyətində dəyərli xidmətlərinə görə və 95 illik yubileyi münasibətilə  “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunduğunu diqqətə çatdıraraq döş nişanını və hədiyyələri yubilyara təqdim edib.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Xalq şairi  Nəriman Həsənzadə  göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev də hər bir vətəndaşımız, eləcə də Şuranın bütün üzvləri tərəfindən sevilən və dərin hörmət bəslənilən Xalq şairi Nəriman Həsənzadəni ziyarət edib, onu 95 illik yubileyi münasibətilə təbrik edərək möhkəm cansağlığı və uğurlar arzulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı