Türkiyə elə nadir ölkələrdəndir ki, bəzən bir gün ərzində dörd fəslin əlamətlərini hiss etmək mümkündür.
Modern.az-ın məlumatına görə, ölkənin şimal sahilləri boyunca uzanan Qara dəniz bölgəsi qış mövsümündə xüsusilə fərqli ab-hava yaradır: qarla örtülmüş meşələr, sakit yaylalar və dumanlı sahillər təbiəti nağılvari mənzərəyə çevirir. Bölgənin “National Geographic – Best of the World 2026” siyahısına daxil edilməsi də onun turizm cəlbediciliyini təsdiqləyir.
Ordu və Giresun sahillərində ağappaq panoramlar, Boztepəyə kanat yolu səyahəti, Ulugöl ətrafında istirahət və Cittaslow (sakit, keyfiyyətli və insan-mərkəzli həyat) statuslu Perşembe şəhərində Yason Burnu kilsəsi qış səfərinin ilk dayanacaqlarıdır. Çambaşı Yaylası və xizək mərkəzi aktiv istirahət sevənlər üçün, Kümbet Yaylası, Göksu travertenləri və Kuzalan şəlaləsi isə təbiət həvəskarları üçün ideal seçimdir. Kuşköydə UNESCO siyahısına daxil edilmiş fit dili bölgənin unikal mədəni irsini yaşadır.
Trabzon qışda xüsusilə cazibədar görünür: qar içində Sümela monastırı, Uzungölün sakit atmosferi və dağ yaylaları klassik qış mənzərəsi yaradır. Hamsiköy və Zigana ətrafında kənd istirahəti və xizək imkanları səfəri tamamlayır. Rizədə Zil qalası, Şenyuva körpüsü və Ayder yaylası qarlı panoramlarla seçilir, Artvin isə Kaçkar və Kafkasör yaylaları, Şavşat şəhəri və Camili biosfer qoruğu ilə sakit ekoturizm təcrübəsi təqdim edir.
Qərbi Qara dənizdə Bolu — Abant gölü və Yedigöller milli parkı ilə qış yürüşləri və kottec istirahətinin əsas ünvanıdır. Göynük və Mudurnu termal mənbələri ilə seçilir, Safranbolu isə həm UNESCO irsi, həm də Cittaslow şəhəri kimi qar altında tarixi memarlığın ən gözəl nümunələrini nümayiş etdirir. Amasra, İnceburun, Gerze və Samsun sahilləri də marşrutu tamamlayan məkanlardır.
Bölgə mətbəxi isə çox zəngindir. İsti quymaq, qara kələm şorbası, turşular və hamsi qışın əsas dadlarıdır. Akçaabat küftəsi, Hamsiköy südlacı, Samsun pidəsi və Safranbolu lokumu kulinariya təcrübəsini zənginləşdirir. Rize çayı isə bu səyahət boyunca qışın soyuğunda ən gözəl təamdır.

