Krımda çıxan “Nenkecan”jurnalının yeni sayı I Türkoloji Qurultayın 100 illiyinə həsr olunub.
Jurnalın redaktoru və baş yazarı Zera Bəkirova I Türkoloji Qurultayda Krım tatar xalqını təmsil edən 8 nəfərin – Bəkir Çobanzadə, Mahmud Nedim, Həsən Səbri Ayvazov, Həbibulla Odabaşı, İsmayıl Lemanov, Osman Akçokraklı, Şövqü Bektore, Yakub Kamal haqqında və eyni zamanda I Türkoloji Bakı Qurultayının əhəmiyyəti, tarixi və iştirakçıları haqqında oxuculara ətraflı məlumat verib.
Modern.az-ın məlumatına görə, fevralın 26-da “Nenkecan” qadın jurnalının təşəbbüsü ilə Krımın Ağməscid şəhərində 1926-cı il fevralın 26-da Bakıda “İsmailiyyə” sarayında başlayan Türkoloji Qurultayın 100-cü ildönümü münasibətilə iftar süfrəsi açılıb.
İftarda 1937-38-ci illərdə repressiyaya məruz qalan qurultay nümayəndələrinin xatirəsi hörmətlə yad edilib. Daha sonra jurnalın baş redaktoru Zera Bəkirova, filologiya elmləri namizədi, Krım Mühəndislik və Pedaqoji Universitetinin dosenti, Lenura Koroğlu, İstanbul Universitetinin doktorantı Gülnar Seitvaniyeva və ədəbiyyatşünas alim Cəmilə Süleymanova yığıncaqda çıxış ediblər. Onlar I Qurultayın Türk dünyasındakı izlərindən və ana dilinin ölməməsi üçün aparılan mübarizələrdən, ortaq türk əlifbasına keçməyin əhəmiyyətindən, Azərbaycanda qurultaya hazırlıq, əlifba islahatı, türk dünyasının birliyindən danışıblar.