Modern.az

Müsəlman dünyasının 4-cü ən müqəddəs MƏSCİDİ

Müsəlman dünyasının 4-cü ən müqəddəs MƏSCİDİ

Mədəniyyət

Bu gün, 17:10

Türkiyənin ürəyi İstanbul, İstanbulun ürəyi isə İstiqlal caddəsi və ya Taksimdir.
16 milyon əhalisi olan İstanbul 7 təpə üzərində qurulub və şəhərdə 3269 cami var. Bunlardan biri də Sultan Eyyub Camisidir. Müsəlman dünyasının dördüncü, Türkiyənin isə birinci ən müqəddəs tikilisi olan məscid Osmanlı dövründə sultanların taxta çıxmazdan əvvəl gəlib dua etdiyi və qılınc kuşandığı xüsusi bir mərasim yeri olub.

Bir vəsiyyətin izi ilə tapılan məkan - Sultan Eyyub məscidi

Sultan Eyyub Camisi İslam dünyası üçün böyük mənəvi əhəmiyyət daşıyan tarixi bir məsciddir.
Bu müqəddəs məkan İstanbulun Eyyub səmtində yerləşir. Məhəmməd Peyğəmbərin (s.ə.s) bayraqdarı və yaxın səhabəsi Əbu Eyyub əl-Ənsarinin məzarı məhz buradadır.
Bəzi yerlər var ki, ora sadəcə ziyarət etmək yox, məhəbbətlə, sevgi ilə getmək lazımdır.
Rəvayətə görə, Əbu Eyyub əl-Ənsari İstanbulun ilk müsəlman mühasirəsi zamanı vəfat edib və vəfatında əvvəl vəsiyyət edib ki, mümkün qədər şəhər divarlarına yaxın bir yerə dəfn olunsun. Əsrlər sonra, 1453-cü ildə şəhərin fəthindən sonra onun məzarı tapılır. Bu tapıntı yalnız bir məzarın aşkar olunması deyildi. Bu, fəthin mənəvi möhürü idi.


Osmanlı dövrünün ruhani mərkəzi

Fəthdən sonra ucalan ilk məscid məzarın tapılmasından beş il sonra, 1458-ci ildə, II Mehmedin əmri ilə burada möhtəşəm bir məscid inşa edilir. Bu məscid İstanbulun fəthindən sonra tikilən ilk məscid kimi tarixə düşür.
Osmanlı dövründə Eyyub Sultan yalnız bir ibadət məkanı deyildi. Bura dövlətin ruhani mərkəzi sayılırdı. Yeni taxta çıxan sultanlar burada dua edir, “qılınc kuşanma” mərasimi ilə hakimiyyətlərini rəsmiləşdirirdilər. Bu mərasim Osmanlı dövlətçilik ənənəsinin ən mühüm rituallarından biri idi. Beləcə, Eyyub Sultan həm mənəvi, həm də siyasi gücün simvoluna çevrilmişdi.

Tarixin yaddaşı


Məscidin tikintisi üçün bu ərazinin seçilməsi nə dəniz mənzərəsi, nə də coğrafi üstünlüklərlə bağlı idi. Əsas səbəb Əbu Eyyub əl-Ənsarinin vəsiyyəti və onun ruhani nüfuzu idi. Bu torpaq bir səhabənin xatirəsini daşıyırdı və həmin xatirə İstanbulun yeni tarixinin təməl daşına çevrildi.
Bu gün Eyyub Sultan Məscidi həm Türkiyədə, həm də İslam dünyasında ən müqəddəs məkanlardan biri hesab olunur. Ziyarətçilər burada yalnız dua etməyə gəlmirlər. Onlar həm də tarixlə üz-üzə dayanmağa, bir səhabənin sədaqətini və inancını hiss etməyə gəlirlər.

Sükutla huzur

Məscidin həyətində addımlayarkən əsrlərin nəfəsini hiss edirsən. Göyərçinlərin qanad səsi, dua edən insanların pıçıltısı, qədim çinarların kölgəsi… Burada zaman sanki dayanır.
Eyyub Sultan insanı düşünməyə vadar edir: İnam və  Sədaqət nədir? Tarix necə yazılır?
Əgər yolunuz İstanbula düşərsə, bir  gününün müəyyən hissəsini bu müqəddəs məkana ayırsanız, peşman olmazsınız. Orada sadəcə bir məscid görməyəcəksiniz. Orada fəthin ruhunu, səhabənin sədaqətini və əsrlər boyu davam edən bir inancın izini görəcəksiniz.

Sultan Əhməd Camisi


Qardaş Türkiyədə kifayət qədər tanınan və turistlərin ən çox ziyarət etdikləri məscidlərdən biri də Sultan Əhməd Camisidir.
Cami bir vaxtlar ippodrom rolunu oynayan və At meydanı adlandırılan məkanda yerləşir. Burada alman hökmdarı tərəfindən sultana hədiyyə kimi inşa edilən Alman çeşməsini də görmək mümkündür.
Hər tərəfdə dünyanın müxtəlif ölkələrindən gələn turistlər gözə dəyir. Onlar foto çəkdirir, söhbət edir və küçədə satılan qarğıdalı və şabalıd qovurmasının dadına baxırlar.
Türkiyənin ürəyinin döyündüyü, 2 qitəni birləşdirən İstanbulu gəlib görməyə dəyər. Düşünürəm ki, bu ecazkar şəhəri yaxından tanımaq və dərindən hiss etmək üçün onu bir də yenidən ziyarət etmək lazım gəlir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var