Atatürk Mərkəzində filologiya üzrə fəlsəfə doktoru Zalxa Orucovanın yazıçı Hüseynbala Mirələmovun nəsr yaradıcılığından müdafiə edəcəyi "Hüseynbala Mirələmovun bədii nəsri" adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, tədbiri giriş sözüylə açan Əməkdar elm xadimi, akademik Nizami Cəfərov yazıçı Hüseynbala Mirələmovun həyat və yaradıcılığından geniş bəhs edib və gənc alim Zalxa Orucovanı təbrik edib.
Nizami Cəfərov sonra sözü kitabın elmi redaktoru və ön söz müəllifi professor Elman Quliyevə verib.
Professor Elman Quliyev monoqrafiyanın müəllifi Zalxa Orucovanın elmi yaradıcılığını yüksək dəyərləndirib və alimin nə üçün Hüseynbala Mirələmovun nəsrinə müraciət etməsini təhlil edib.
Daha sonra professorlar İslam Qərib, Minəxanım Təkləli, Yaqub Babayev, Elman İskəndərov, tanınmış şair və yazıçılardan Ağacəfər Həsənli, Mübariz Məsimoğlu ,Əsəd Cahangir, Arzu Əsəd, Nurəddin Ədiloğlu, ehtiyatda olan xüsusi xidmət polkovniki Hikmət Ağayev və kitabın naşiri " Apostof -A" nəşriyatının direktoru Akif Dənziyev çıxış ediblər. Natiqlər çıxışlarında kitabın müəllifi Zalxa Orucovanın monoqrafiyada Hüseynbala Mirələmovun bədii nəsri, insan və zaman münasibətləri, o cümlədən real həyatımızda önəm daşıyan yeni düşüncə modeli məsələlərindən danışıblar. Çıxış edənlər kitabda insanın daxili dünyasının mürəkkəbliklərini, qeyri-adiliklərini bədii təsvirin mərkəzində saxlayan Hüseynbala Mirələmovun nəsr yaradıcılığını alqışlayıblar.
Tədbirin sonunda kitabın müəllifi Zalxa Orucova və yazıçı Hüseynbala Mirələmov tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər.
Mübariz Süleymanlı