Modern.az

Novruzun unudulan adətləri - Bayram hansı xalqa mənsubdur? 

Novruzun unudulan adətləri - Bayram hansı xalqa mənsubdur? 

Mədəniyyət

Bu gün, 16:47

Novruz bayramı minilliklər boyu müxtəlif xalqların mədəniyyətində özünə yer tutmuş ən qədim bayramlardan biridir. Baharın gəlişini, təbiətin oyanışını və həyatın yenilənməsini simvolizə edən bu bayram Azərbaycanla yanaşı, İslam dünyasında, İran coğrafiyasında, Mərkəzi Asiya ölkələrində və bir sıra Şərq xalqları arasında geniş şəkildə qeyd olunur. Məhz bu geniş coğrafiyada yayılması səbəbindən tarixən Novruzun hansı xalqa mənsub olması məsələsi ətrafında müxtəlif fikirlər və iddialar səsləndirilib. Bəzi tədqiqatçılar onun köklərini qədim türk dünyagörüşü ilə bağlayır, digərləri isə bayramın zərdüştilik dövründə formalaşdığını və fars mədəniyyəti ilə əlaqəli olduğunu iddia edirlər.

Bununla belə, Novruz bayramı yalnız baharın gəlişini qeyd edən bir gün deyil, həm də əsrlər boyu formalaşmış zəngin adət-ənənələr sistemi ilə seçilən böyük bir mədəni irsdir. Bu bayramın ətrafında xalqın dünyagörüşünü, həyat tərzini və təbiətlə münasibətini əks etdirən çoxsaylı mərasimlər, oyunlar və inanclar formalaşıb. Lakin zaman keçdikcə, həyat tərzinin dəyişməsi, müharibələr və köç prosesləri səbəbilə bu ənənələrin bəziləri əvvəlki kimi yaşadılmır, bəziləri isə tədricən unudulmağa başlayır.

Maraqlıdır, hansı Novruz adət-ənənələri keçmişdən bugünə unudulub? 

Mövzu ilə bağlı Modern.az-a danışan filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Şakir Albalıyev bildirib ki, Novruz bayramının hansı xalqa mənsub olması tarixən müxtəlif xalqlar arasında müzakirə olunub. Onun sözlərinə görə, əslində bu, kifayət qədər mübahisəli mövzudur və müxtəlif baxışlar mövcuddur.

"Bu mübahisələrin müəyyən mənada haqq qazandıran tərəfi də var. Çünki Novruz elə böyük və qədim bir mədəniyyət hadisəsidir ki, bu gün bütün Şərq dünyasında, Türk dünyasında və İslam aləmində qeyd olunur. Məhz buna görə də Novruzla bağlı müxtəlif fikirlər səsləndirilir. Günümüzdə isə demək olar ki, Novruz bütün Şərq xalqlarının, Türk dünyasının və İslam aləminin ortaq bayramı kimi qeyd edilir".

Ş.Albalıyev həmçinin söyləyib ki, Novruz bayramının əslində hansı xalqa məxsus olması ətrafında çox müxtəlif iddialar mövcuddur:

"Azərbaycan xalqı və ümumiyyətlə türk xalqları Novruzu öz mədəni irsi hesab edir. Digər tərəfdən, bəzi fars tədqiqatçıları onun köklərini zərdüştiliklə əlaqələndirərək fars mədəniyyətinə aid olduğunu bildirirlər. İranda da Novruz çox böyük təntənə ilə qeyd olunur və dövlət səviyyəsində uzunmüddətli istirahət günləri verilir. Eləcə də digər türk xalqlarında və İslam dünyasına mənsub ölkələrdə bu bayram keçirilir".

Folklorşünas onu da əlavə edib ki, Novruzun kökləri bəşəriyyətin dünyanı dərk etməyə başladığı dövrlərə qədər gedib çıxır:

"Yəni insanın təbiəti, həyatın yenilənməsini və mövsümlərin dəyişməsini anlamağa başladığı dövrdən belə bir bayramın formalaşdığını düşünmək olar. Bu mənada Novruz sadəcə bayram deyil, həm də bir həyat fəlsəfəsidir, dünyaya baxış sistemidir. O, insanın təbiətlə münasibətini və həyatın yenilənməsi ideyasını ifadə edir.

Amerikalı alim Samuel Kramerin məşhur bir fikri var: “Tarix Şumerdən başlanır”. Şumerlər dünya mədəniyyətinə böyük töhfələr verən ən qədim sivilizasiyalardan biridir. Bəzi tədqiqatçılar şumerlərin proto-türk mənşəli olduğunu irəli sürürlər. Bu baxımdan belə bir fikir də mövcuddur ki, bəşəriyyətin ən qədim mədəni ənənələrindən biri kimi Novruzun formalaşmasında qədim türk düşüncəsi və dünyagörüşü də mühüm rol oynayıb.

Türk zəkası və türk dünyagörüşü tarix boyu nəhəng mədəniyyət hadisələrini formalaşdıraraq dünyaya ötürə bilib. Bu baxımdan Novruz kimi böyük mədəni fenomen də zamanla müxtəlif xalqlar tərəfindən mənimsənilib və hər xalq onu öz dünyagörüşünə uyğun şəkildə yaşadıb. Məhz buna görə də bu gün Novruz üzərində müxtəlif iddialar səsləndirilir və fərqli xalqlar onu öz mədəniyyətlərinin bir parçası kimi təqdim edirlər".

Həmsöhbətimiz eyni zamanda Novruzla bağlı unudulmuş adət-ənənələrin mövcudluğu məsələsinə də aydınlıq gətirib: 

"Ümumiyyətlə, bayramlar elə böyük mədəni hadisələrdir ki, onların tarixi yüzilliklərə, hətta bəzən minilliklərə dayanır. Tarix boyu ictimai-iqtisadi quruluşların dəyişməsi, həyat tərzinin yenilənməsi nəticəsində bəzi adətlər zamanla unudulur, digərləri isə yeni məna qazanaraq formalaşır. Bu, əslində tarixi inkişafın təbii prosesidir.

Bununla belə, xalqın əsrlər boyu formalaşdırdığı adət-ənənələr birdən-birə yoxa çıxmır. Onlar nəsildən-nəslə ötürülərək müəyyən dəyişikliklərə uğrayır, bəzən transformasiya olunur. Bu dəyişikliklər çox vaxt hiss olunmur və insanlar elə düşünür ki, bayram əvvəlki kimi qeyd edilir. Lakin tədqiqatçılar bu məsələləri daha dərindən araşdırdıqda bəzi adətlərin zamanla unudulduğunu və ya dəyişdiyini görürlər.

Novruz bayramında da belə hallar müşahidə olunur. Lakin burada söhbət bayramın özünün unudulmasından getmir. Əksinə, Novruz xalqın mənəvi varlığını qoruyan, onun kimliyini yaşadan ən mühüm mədəni atributlardan biridir. Sadəcə olaraq müəyyən dövrlərdə bayramın bəzi mərasimləri əvvəlki kimi geniş şəkildə keçirilə bilməyib".

Müsahibin sözlərinə görə, xüsusilə son bir qərinədə, otuz ildən artıq müddətdə ölkəmizin yaşadığı ictimai-siyasi hadisələr bu prosesə təsir göstərib:

"Qərbi Azərbaycandan deportasiya olunma, Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi xalqın həyatına ağır təsir edib. Bu vəziyyət Novruz bayramının bəzi adətlərinin əvvəlki kimi icra olunmasına da mane olub.

Çünki Novruz əsasən açıq havada, geniş məkanlarda keçirilən xalq şənliyidir. Dağların başında tonqal qalamaq, düzənliklərdə bayram mərasimləri keçirmək, gecələr səhərə qədər şənlik etmək kimi ənənələr üçün uyğun mühit və şərait lazımdır. Məcburi köçkün vəziyyətində yaşayan insanlar isə bu adətləri əvvəlki kimi davam etdirə bilmədilər. Şəhər mühitində də kənd və qəsəbələrdəki kimi geniş bayram coşqusunu yaşatmaq həmişə mümkün olmur. Bu baxımdan bayramın keçirilmə imkanları müəyyən qədər məhdudlaşdı və bəzi adətlər zamanla arxa plana keçdi".

Ş.Albalıyev onu da xatırladıb ki, qədim dövrlərdə Novruz ərəfəsində yeddi çərşənbə qeyd olunardı:

"Onların üçü “yalançı çərşənbə”, dördü isə əsas ilaxır çərşənbələr hesab edilirdi. Bu yalançı çərşənbələr zamanla demək olar ki, unudulub. Lakin Qarabağ bölgəsində, xüsusilə mənim yaşadığım Cəbrayılda 1993-cü ilə qədər həmin yalançı çərşənbələrdən biri qeyd olunurdu. İşğal və məcburi köçkünlük nəticəsində isə bu ənənə də tədricən aradan qalxdı", - deyə o fikrini tamamlayıb. 

Sizə yeni x var
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı