Modern.az

Vaqifin martı

Mədəniyyət

Bu gün, 22:27

Vaqif Mustafazadənin "Mart" kompozisiyası.
"Mart" adlandırıb bəstəsini, amma bu ölməz parçada Novruz yoxdur.

Yəqin dinləyəndə siz də hiss etməyəcəksiz burada Novruzu.
Doğrudur, Baharın havası var, əriyən qarların səsi gəlir, bəlkə yağış damcılarının səsidir, bilmirəm…ancaq dərin bir nisgil var.

Bəlkə mən nəyisə görə bilmirəm?
Novruzsuz Mart olarmı heç?

Bəlkə Vaqifə görə mart ancaq Novruz demək deyil. Axı mart təkcə baharın, oyanışın, ayı deyil; mart həm də keçid ayıdır, tərəddüd ayıdır, qışın hələ tam çəkilmədiyi, baharın isə hələ tam yerləşmədiyi bir sərhəddir. Orada bayram təntənəsi yerinə böyük caz ustasının daxili gərginliyi, narahatlığı, dəyişmə anı sezilir.

Vaqif Mustafazadənin “Mart”ında Novruzun olmaması məncə, onun bilərək etdiyi seçimdir. Çünki o, burada tonqalın alovunu yox, havanın içindəki titrəyişi; bayramın özünü yox, onun ərəfəsində insan ruhunda baş verən təlatümü göstərmək istəyir. O, folkloru deyil, cazı, şəhərin tərəddüdlərini, modern insanın daxili ritmini “illüstrasiya” etməyə çalışıb.

Kim bilir, bəlkə də Vaqifin özünün hiss etdiyi, amma dilləndirməyə ehtiyat etdiyi başqa bir şey var…

Boz aydır, cığaldır, cırnadıb çəkiləcək, təslim olacaq. 
Sonra qan qaynayacaq, çağlayan tüğyan edəcək, Novruz gələcək.
Ancaq Vaqif bunu görmür sanki, o daha uzaqlardadır hələ…
Niyə?

Bunu çözə bilmirəm...
Fatalist idi yəqin Vaqif…
21 mart 2011

Whatsapp
Bizə yazın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi