Modern.az

"Babək" və "Nəsimi"nin ikinci ölümü

"Babək" və "Nəsimi"nin ikinci ölümü

Mədəniyyət

Bu gün, 11:18

Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların taleyi yalnız keçmişdə qalmır, bu gün də insanların yaddaşında yaşayır. İmadəddin Nəsimi və Babək bu baxımdan xüsusi yer tutur. Onlar əsrlər əvvəl yaşamış, faciəli şəkildə həlak olmuş real tarixi simalardır. Nəsimi inancına görə edam olunmuş, Babək isə xilafətə qarşı mübarizənin sonunda ağır işgəncələrlə öldürülmüşdür. Bu, dəyişməz tarixi həqiqət, reallıqdırr.

Amma cəmiyyət tarix kitabları ilə deyil, daha çox obrazlarla yaşayır. İnsanlar da keçmişi faktlardan çox yaddaşda qalan simalar vasitəsilə xatırlayır. Məhz bu nöqtədir ki, kino və sənət tarixdən daha güclü təsir göstərir.
1970-ci illərdə çəkilən “Nəsimi” və “Babək” filmləri Azərbaycan tamaşaçısının bu şəxsiyyətləri qavrayışını kökündən dəyişdi. Bu filmlərdə baş rolları ifa edən Rasim Balayev təkcə aktyor kimi çıxış etmədi, o, bu obrazları canlı və hiss edilən bir formaya gətirdi. Balayevin ifasında Nəsimi yalnız tarixi şair deyildi, düşünən, əzab çəkən, inancından dönməyən bir insan idi. Babək isə sadəcə üsyançı deyil, iradənin, dirənişin və azadlıq ideyasının canlı simvoluna çevrilmişdi. Bu obrazlar o qədər güclü, peşəkar formada yaradıldı ki, zamanla tamaşaçının şüurunda tarixi faktlar ilə ekran obrazı arasında sərhəd demək olar ki, silindi.

Bu gün bir çox insan üçün Nəsimi və Babək deyəndə ilk yada düşən məhz Rasim Balayevin simasıdır. Elə buna görə də onları Rasim Balayev yaratmışdı, yaddaşlara əbədi həkk etmişdi… Əslində bu fikrin arxasında da elə ciddi mədəni reallıq dayanır. Əfsanəvi aktyor bu şəxsiyyətləri tarixdən götürüb müasir insanın hiss edə biləcəyi formaya saldı, onları yenidən doğurdu, onlara ikinci bir həyat verdi …

Maraqlıdır ki, əfsanəvi aktyor özü bu eyniləşdirməni qəbul etmirdi. Lakin tamaşaçı üçün bu sərhəd çoxdan aradan qalxmışdı. Çünki kino vizual yaddaş yaradır və bu yaddaş yazılı tarixdən daha güclü təsir edir.
Burada “ikinci ölüm” anlayışı ortaya çıxır. Azərbaycan kinosunun sonuncu mogikanın ölümü… Tarixi şəxsiyyətlər bir dəfə ölür, amma onların yaddaşdakı obrazları ikinci dəfə də yox ola bilər. Bu isə həmin obrazı yaradan aktyorun ölümü ilə baş verir. Rasim Balayevin dünyasını dəyişməsiylə insanlar yalnız bir sənətkarı itirmədi, eyni zamanda öz yaddaşlarında yaşayan Nəsimi və Babəkin ən güclü təsvirini də itirdilər. 

Nəsimi də, Babək də çoxdan həlak olub. Amma onların bu gün necə yaşaması artıq tarixdən yox, mədəniyyətdən asılıdır. Rasim Balayev bu böyük şəxsiyyətləri yaratmadı, onları xalqın yaddaşında yenidən formalaşdırdı… Əlvida Rasim Balayev, əlvida Azərbaycan mədəniyyətinin, kinosunun nadir sənətkarı…

Sizə yeni x var
Keçid et
İran 1 milyonluq qoşunla döyüşə hazırlaşır - Ölüm-dirim savaş