Bu gün Azərbaycan mədəniyyəti üçün son dərəcə ağır və kədərli gündür. Azərbaycan kino sənətinin usta simalarından biri, hər birimizin qəlbində silinməz izlər qoyan böyük sənətkar, xalq artisti Rasim Balayevin vəfatı
xəbəri hamımızı dərindən sarsıtdı.
Modern.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayevlə vida mərasimində mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.
O bildirib ki, Rasim Balayev sadəcə aktyor deyildi. O, Azərbaycanın ekran siması, milli ləyaqətin və vətənpərvərliyin rəmzi idi.
“1948-ci ildə Ağsu rayonunda dünyaya göz açan sənətkar ömrünün sonunadək sənətə və xalqına sədaqətlə xidmət etdi.
Azərbaycan Dövlət Kino Sənəti İnstitutunu bitirdikdən sonra başladığı yaradıcılıq yolu, əslində, müasir Azərbaycan kinosunun qızıl səhifələrini formalaşdırdı. Onun Nəsimidən Dədə Qorquda, Beyrəkdən digər obrazlara qədər yaratdığı hər bir rol milli kino irsimizin incilərindəndir”.
S.Yusifova əlavə edib ki, Rasim Balayevin sənəti bu gün də gənc aktyorlar üçün məktəbdir:
“O, kinomuzun ən çətin dövrlərində belə sənətə sədaqət nümayiş etdirmiş, Azərbaycan kinosunun nüfuzunu daim yüksəkdə saxlamışdır.
Sənətkarın çoxşaxəli yaradıcılığı və zəngin fəaliyyəti hər zaman dövlətin diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyev onun şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirmiş, daim xüsusi diqqət və qayğı göstərmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də sənətkarın yaradıcılığını daim yüksək dəyərləndirmiş, onu 75 illik yubileyi münasibətilə şəxsən təbrik etmiş və ali dövlət təltiflərinə layiq görmüşdür.
Rasim Balayev 1982-ci ildə “Azərbaycanın Xalq artisti” fəxri adına, 1986-cı ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüş, 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri, həmçinin “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.
Onun sözlərinə görə, lakin onun üçün ən böyük mükafat, şübhəsiz ki, xalqın sevgisi idi. O, hər bir Azərbaycanlının evində doğma və əziz insan kimi sevilirdi:
“Biz Nəsiminin fəlsəfi dərinliyini, Beyrəyin saflığını, qəhrəman obrazların əyilməzliyini məhz onun təkrarolunmaz ifasında tanıdıq və sevdik. Onun özünəməxsus səs tembri ilə səsləndirdiyi çoxsaylı film qəhrəmanları ana dilimizin gözəlliyini və ifadə gücünü tamaşaçılara sevdirərək dublyaj sənətində bir məktəb yaratdı.