Modern.az

Rasim Balayev əfsanəsi bitməyəcək - Vida sözü 

Rasim Balayev əfsanəsi bitməyəcək - Vida sözü 

Mədəniyyət

Bu gün, 10:37

           Sənətdə öz sözünü demiş, dəst-xətti ilə daim seçilmiş sonuncu mogikanlardan birini də itirdik. Əslində itirən bizik, mədəniyyətimizdir, kinomuzdur. Qazanan isə onlardı – xalqın sevgisini, tamaşaçı alqışlarını, dostların, ailənin tükənməz məhəbbətini uzun illərin mükafatı kimi adlarının əvvəlinə yazdıranları deyirəm. Hər kəsin ürəklə “Canlı əfsanə” deyib əzizlədiyi Rasim Balayevı əbədi mənzilə - daha doğrusu əbədiyyətə yola salanların hər birinin simasında, gözlərində bir fikir cilvələnirdi: - Sən hələ sağlığında özünə heykəl qoymuşdun. Haqq dünyasında gör səni kimlər gözləyir. Sən orada Babəklə qolboyun, Nəsimi ilə üzbəüz, Cavid Əfəndi ilə göz-gözə olacaqsan. Bu missiyanı sən özün öz dəyərli sənətinlə, ürəyinlə, qanınla qazanmısan, böyük sənətkar. Böyük yaradanın dərgahında da ruhun daim şad olacaq, çünki bugünlər hamı sənə rəhmət diləyir, cənnətməkan olmağı arzulayır.

        Milli kinomuzun inkişafında müstəsna xidmətlər göstərmiş Xalq artisti, “İstiqlal” ordenli Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” filmində kiçik bir rola çəkilib. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” filmlərində epizodik rolları canlandırıb. Fitri istedadı, zəhməti, inadkarlığı onu daha geniş üfüqlərə səsləyirdi. Beləliklə, Rasim Balayev uzaq meridianlara belə səs salan “Babək”, “Nəsimi”, “Dədə Qorqud” kimi filmlərdə baş rollara çəkilib.

        Görkəmli sənətkar “Özbəkfilm”, “Mosfilm” və başqa studiyaların diqqətini çəkmiş, ona əsl Azərbaycanlı kişisinə xas olan xarakterinə uyğun rolları canlandırmağı həvalə etmişdilər.

       Rasim müəllim gözəl ailə başçısı, əsl dost, nümunəvi kollektiv rəhbəri idi. Hər kəslə öz dilində danışmağı bacarırdı. Əməkdaşları dinləməyi, istəklərini dərhal reallaşdırmağı gündəlik fəaliyyət devizinə çevirmişdi. Olduqca ciddi adam olan Rasim Balayev yumoru, zarafatı da çox sevirdi və hər kəsə ürəyindəkiləri sərbəst dilə gətirməyə imkan verirdi. Yubileylərdə, bayramlarda düzənlənən məclislər sanki bir ailə tədbirinə çevrilirdi.

            Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, Xalq artisti Şəfiqə xanım Məmmədova; -Rasim İstanbula müayinəyə getmişdi. Tez-tez xəbər tuturdum. Onu sağ-salamat işdə gözləyirdik. Hec cür özümə gələ bilmirəm. İllərin dostuyduq, eyni filmlərə çəkilmişdik. Sədaqətli, əxlaqi dəyərləri hər şeydən üstün tutan insan idi. Belə adamlar əsrdə bir dəfə doğulur, ya doğulmur. Kinomuza ağır itki oldu. Heyf səndən, Rasim, yerin behişt olsun!

       Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli İsa Cabbarov; - Rasim müəllim əsl dost, qayğıkeş kollektiv rəhbəri idi. O, bizə inanır, etibar edirdi. Biz də həmişə onun başını uca tuturduq. Sosial vəziyyətimizlə, dolanışığımızla ciddi maraqlanırdı. İttifaqın bütün problemləri, veteran kino xadimlərinin vəziyyəti ilə vaxtaşırı maraqlanır, hər şeyi yerindəcə həll edirdi. Azərbaycan kinosunun gələcəyi onu dərindən düşündürürdü. Yaxşı ideyaları vardı. Heyif ki, əcəl imkan vermədi. Allah rəhmət eləsin, qəbri nurla dolsun!

        Doğrudan da Rasim müəllim gecə-gündüz kinomuzun taleyi ilə maraqlanır, gerilikdən çıxış yolları axtarırdı. C.Cabbarlı adına kinostudiyanın dirçəldilməsi, yeni nəsil rejissorların yetişdirilməsi, ssenarist hazırlığı və digər məsələlər onu ciddi narahat edirdi. Çatdıra bilmədi. Bu arzular ürəyində qaldı.

       Amma biz gələcəyə böyük ümidlə baxırıq, Rasim müəllim, gün gələr, arzuların həyata keçər, sənin də ruhun şad olar.

Rasim Balayev əfsanəsi bitməyəcək, illər keçəçək, ustad aktyorun ümidləri çiçəkləyəcək, arzuları daha geniş üfüqlərdə boy göstərəcək.

Allah o dünyanı versin, böyük sənətkar!

Akif Cabbarlı,
Azərbaycan Kinematoqrafçılar
İttifaqının redaktoru

Sizə yeni x var
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!