Modern.az

Atanı öldürüb məşhur olanlar - Azərbaycan yazıçılarına söz

Mədəniyyət

Bu gün, 13:56

Bəzi gənclərimiz dünyasını dəyişmiş sənət və söz adamlarını aşağıdan-yuxarı, yuxarıdan-aşağı çox qılınclayırlar. Onlar niyə belə edir? Bu doğrudurmu? Yoxsa bu, sadəcə onların seçimidir, necə istəyirlər, elə də etsinlər?..

Xeyli vaxtdır ki, bir məsələ məni heç rahat buraxmır.

Çox qəribə durum yaranıb, sanki sözün müqəddəsliyi unudulub. Bir də baxırsan ki, istedadlı bir yazıçı qələmini Səməd Vurğunu söyməyə, aşağılamağa sərf edir.

Bu qələmlər həqiqətən istedadlıdırlar. Bunu danmaq mümkünsüzdür. Amma onlar bəlkə də bilməyərəkdən istedadı məhv edirlər. İstedad hər zaman xilaskar olmur, hətta düzgün istiqamət tapmayanda faciəyə çevrilir, insanı uçuruma da aparır.

Çox təəssüf ki, elə bilirlər ucalmaq üçün kimisə yıxmaq lazımdır. Düşünürlər ki, şöhrət başqasının kölgəsini ləkələməklə qazanılır. Zənn edirlər ki, Səməd Vurğunu inkar etməklə özlərinə qapı açacaqlar. Bəxtiyar Vahabzadənin əsərləri qarşısında hay-küy salmaqla diqqət çəkəcəklər. Anar kimi ədəbiyyat adamını kiçiltməklə özlərini böyüdəcəklər.

Bu, tipik sovet düşüncəsidir. Sözdə sovet düşüncəsinə qarşı çıxanlar əməldə sovet ideologiyasına xidmət edirlər.

Belə olmur, dostum, tarix belə yazılmır. Tanınmaq, qəbul olunmaq səssiz, zəhmətlə yazılır, qışqırıqla əldə edilmir.

Hiss edirsən ki, bu yanaşma kütlə psixologiyası ilə oynamaqdır. Ədəbiyyatı şouya çevirməkdir.

Sözün müqəddəsliyinə xəyanətdir.

Manipulyasiyadır.

Kimisə tənqid etmək, normal haldır. Zövqlər fərqlidir, kimsə Rəşid Behbudovu sevməyə, Rasim Balayevin yaratdığı obrazları qəbul etməyə bilər. Bu da normaldır, insan təbiətidir.

Amma bu fərqi nifrətə çevirmək qəbuledilməz xislətdir. Dünyasını dəyişmiş insanlarla savaşmaq ruhumuza yad davranışdır. Ən azından etik deyil.

Kimsə özünü istedad hesab edirsə, əla, etsin. Amma elə etsin ki, xalq onunla fəxr etsin, qürur duysun.

Kimsə özünü bu millətdən üstün hesab edirsə, gedib başqa meydanlarda savaş açsın. Başqa xalqların dahiləri ilə “mübarizə aparsın”. Axı öz kökünü baltalamaq qəhrəmanlıq deyil. Hər bir halda bu, zəifliyin göstəricisidir.


Təbii ki, nə keçmişin sənətkarları, nə də bugünün yaradıcıları, heç kim mələk deyil. Hər kəsin səhvi olub. Hər kəsin qüsuru var. Amma böyük insanları yalnız səhvləri ilə ölçmək kiçik düşüncənin əlamətidir.

Bir gerçək var, kimsə həqiqətən böyük yazıçıdırsa, onun qarşısını heç kim kəsə bilməz. Nə keçmiş, nə indiki nəsil, nə də hansısa klassiklər. İstedadlı yazıçının qarşısında sərhəd yoxdur. Xüsusilə bugünkü dünyada bütün qapılar açıqdır. Yeni texnologiyalar var, yeni platformalar var. İmkanlar saysız-hesabsızdır. Bacarıqlısansa, səni heç kim dayandıra bilməz. Yaz, yarat, yaşa…

Yerli oxuculara baxma, səni dünya oxuyacaq.

Vallah, başqasını təhqir etməklə yüksəlmək mümkün deyil. Bu, yalnız bir anlıq diqqət gətirir, ömürlük unudulursan.

Sən sözün bayrağını qaldıra bilirsənsə, onu çirkləndirmə. Bu sənə yaraşmır. Yaraşdırırsansa, onda sənin yolun ədəbiyyat, əbədiyyət deyil. Ədəbiyyat xalqın mənəviyyatını formalaşdırır.

Bəs biz nə edirik?

Bəzilərimiz keçmişi qılınclayır, özümüzdən əvvəlkiləri silməyə çalışırıq. Əslində, bu, yeni bir şey deyil. Bu, sovet düşüncəsindən qalan köhnə xəstəlikdir. Leninin ideologiyası, Stalinin üsuludur.

Ay dostlar, hər sahədə, elə ədəbiyyatda da sevgi zəhmət və səbrlə yaranır. Silkələnin, gənclər, hələ də gec deyil… Əlinizdəki istedadı özünüzü məhv etməyə xərcləməyin.

Öz atanızı “öldürməklə” məşhur olmaq istəyirsinizsə, bu, faciədir. Ataların səhvlərindən dərs almaq lazımdır.

Kütlə sevgisi bir anlıqdır, bu gün var, sabah yoxdur. Kütlə ilə oynayın, amma istedadınızı o səviyyəyə endirməyin ki, sonra qaldıra bilməyəsiniz.

Əbədi sevgi də var.

Yeyib ölmək də olar, bu, bir həyatdır. Yaradıb yaşamaq da həyatdır. İkisi də yoldur…

Bu gün küçəyə çıxıb soruşsanız, çoxları sizin tənqid, hətta təhqir etdiyiniz sənətkarları tanımayacaqlar. Zamanla oxucu da dəyişir. Səməd Vurğun da, Bəxtiyar Vahabzadə də, Anar da sizin oxucunuzu əlinizdən almır.

İnanın, ucuz məşhurluq sonda insanın özünü ucuzlaşdırır. Ucuz söz ucuz yaddaşda qalır. Ucuz yaddaş sahibi isə meduza kimidir.

Xeyli vaxtdır ki, məni rahat buraxmayan bu məsələni düşündükcə, analiz etdikcə, bir həqiqəti daha aydın görürəm, bu yolu seçənlər tək özlərinə yox, özlərindən sonra gələn bütöv bir nəslə ziyan vururlar. Bu, sonsuz zəncirə çevrilə biləcək dağıdıcı bir ənənədir. Bu yol Azərbaycana düşmənçilikdir. Bu yol ruhumuzu zədələyir.

Çünki millət təkcə torpaqla, sərhədlə, bayraqla yaşamır. Millət həm də yaddaşla yaşayır. O yaddaşı isə söz adamları, sənət adamları, düşüncə adamları yaradır. Sən bu yaddaşı dağıdanda, əslində, gələcəyin sütunlarını sarsıdırsan. Özündən əvvəlkini yerə vurmaqla hamının dayandığı yeri alçaldırsan.

Bizim böyük adamlara kor-koranə sitayişə ehtiyacımız yoxdur. Amma amansız inkarçılıq vəhşilikdir. Söz adamı kinlə yox, sözlə qalib gəlməlidir. Qışqırmaqla yox, yaratmaqla yadda qalmalıdır.

Unutmayaq, sözü, yolu, istiqaməti düz seçənlər yaşayır. Yazıçı yalnız yazmır. O, həm də gələcəyi formalaşdırır. O, bir millətin ruhunu ya qaldırır, ya da yaralayır. Ona görə də qələm sahibi ilk növbədə məsuliyyət sahibi olmalıdır.

Sözlə münipulyasiya edən unudulur, sözə xidmət edən isə gec-tez yaşayır.

Yaşamağa çalışın.

Yeyib ölməyin, yaradıb yaşayandan olun.

Sizə yeni x var
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!