Modern.az

Atanı öldürüb məşhur olanlar - Azərbaycan yazıçılarına söz

Mədəniyyət

Bu gün, 13:56

Xeyli vaxtdır ki, bir məsələ məni rahat buraxmır. Bəzi gənclərimiz dünyasını dəyişmiş sənət, söz adamlarını aşağıdan yuxarı, yuxarıdan aşağı çox qılınclayır. Onlar niyə belə edir, bu doğrudurmu, yoxsa onların seçimidir, necə istəyirlər etsinlər...

Cavab tapa bilmirsən...

Çox qəribə durum yaranıb, sanki sözün müqəddəsliyi unudulub. Bir də baxırsan ki, istedadlı bir yazıçı qələmini Səməd Vurğunu söyməyə, aşağılamağa sərf edir.

Bu qələmlər həqiqətən istedaddırlar. Bunu danmaq mümkünsüzdür. Amma istedad hər zaman xilaskar olmur, hətta düzgün istiqamət tapmayanda faciəyə çevrilir. İstedad bəzən insanı uçuruma da aparır.

Tipik sovet düşüncəsi, çox təəssüf, onlar elə bilirlər ki, ucalmaq üçün kimisə yıxmaq lazımdır. Düşünürlər ki, şöhrət başqasının kölgəsini qılınclamaqla qazanılır. Zənn edirlər ki, Səməd Vurğunu inkar etməklə özlərinə qapı açacaqlar. Bəxtiyar Vahabzadənin əsərləri qarşısında hay-küy salmaqla diqqət çəkəcəklər. Anar kimi ədəbiyyat adamını kiçiltməklə özlərini böyüdəcəklər.

Belə olmur, arkadaş. Tarix belə yazılmır. Tanınmaq, qəbul olunmaq qışqırıqla olmur, səssiz zəhmətlə qazanılır.

Hiss edirsən ki, bu yanaşma sıradan fikir bildirmək deyil, kütlə psixologiyası ilə oynamaqdır. Ədəbiyyatı şouya çevirməkdir. Sözün müqəddəsliyinə xəyanətdir. Manipulyasiyadır.

Əlbəttə ki, zövqlər fərqlidir və bu, çox normal haldır. Kimsə Rəşid Behbudovu sevməyə, Rasim Balayevin yaratdığı obrazları qəbul etməyə bilər.

Bu da normaldır və insan təbiətidir.

Amma bu fərqi nifrətə çevirmək bir qəbuledilməz xislətdir. Dünyasını dəyişmiş insanlarla savaşmaq ruhumuza yad davranışdır. Ən azından etik deyil.

Kimsə özünü istedad hesab edirsə, əla, amma elə etsin ki, xalq onunla fəxr etsin, qürur duysun.

Kimsə özünü bu millətdən üstün hesab edirsə, gedib başqa meydanlarda döyüşsün. Başqa xalqların dahiləri ilə “mübarizə aparsın”. Axı öz kökünü baltalamaq qəhrəmanlıq deyil. Hər bir halda bu, zəifliyin başqa adıdır. 

Əlbəttə, nə keçmişin sənətkarları, nə də bu günün yaradıcıları, heç kim mələk deyil. Hər kəsin səhvi olub. Hər kəsin qüsuru var. Amma böyük insanları yalnız səhvləri ilə ölçmək kiçik düşüncənin əlamətidir. Çünki zaman hər şeyi süzür, lazımsız olanı unudur.


Bir gerçəklik var, kimsə həqiqətən böyük yazıçıdırsa, onun qarşısını heç kim kəsə bilməz. Nə keçmiş, nə indiki nəsil, nə də hansısa klassiklər. İstedadlı yazıçı qarşısında sərhəd yoxdur. Xüsusilə bugünkü dünyada bütün qapılar açıqdır. Yeni texnologiyalar, yeni platformalar var. İmkanlar saysız-hesabsızdır. Bacarıqlısansa, səni heç kim dayandıra bilməz. Yaz, yarat, yaşa...

Vallah başqasını təhqir etməklə yüksəlmək mümkün deyil. Bu, yalnız bir anlıq diqqət gətirir. Sonra isə unudulursan.

Sən sözün bayrağını qaldıra bilirsənsə, onu çirkləndirmə. Axı ədəbiyyat xalqın mənəviyyatını formalaşdırır.

Bəs biz nə edirik, mənəviyyatı dağıdırıqmı, qururuqmu?

Bizdə nə baş verir?

Bəzilərimiz keçmişi qılınclayırıq, özümüzdən əvvəlkiləri silməyə çalışırıq.

Əslində, bu, yeni bir şey deyil, sovet düşüncəsindən qalan köhnə xəstəlikdir. Leninin ideologiyası, Stalinin üsuludur.

Ay dostlar, hər sahədə, elə ədəbiyyatda da sevgi zəhmət və səbrlə yaranır.

Silkələnin gənclər, hələ də gec deyil...

Bu yol sizi heç yerə aparmayacaq.

Öz atanızı “öldürməklə” məşhur olmaq istəyirsinizsə, bu, faciədir. Ataların səhvlərindən dərs almaq isə inkişafdır.

Kütlə sevgisi bir anlıqdır, bu gün var, sabah yoxdur. Kütlə ilə oynayın, amma istedadınızı o səviyyəyə endirməyin, sonra qaldıra bilməyəcəksiniz.

Əbədi sevgi də var.

Yeyib ölmək də olar, bu da bir həyatdır.

Yaradıb yaşamaq da həyatdır.

İkisi də yoldur...

Bu gün küçəyə çıxıb soruşsanız, çoxları sizin tənqid, təhqir etdiyiniz sənətkarları tanımayacaqlar.

Zamanla oxucu da dəyişib. Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Anar oxucularınızı əlinizdən almır.

İnanın, ucuz məşhurluq dəyişmir. O, həmişə eyni qalır və həmişə eyni aqibətlə bitir.

Ucuzluq sonda insanın özünü ucuzlaşdırır.

Ucuz söz ucuz yaddaşda qalır, ucuz yaddaş sahibi meduza kimidir.

Xeyli vaxtdır ki, məni rahat buraxmayan bu məsələni analiz etdikcə görürsən ki, bu yolu seçənlər özlərinə, özlərindən sonra gələn bütöv bir nəslə ziyan vururlar. Bu, sonsuz zəncir, dağıdıcı bir ənənədir. Bu yol Azərbaycana düşmənçilikdir. Bu yol ruhumuzu zədələyir.

Sözü, yolu düz seçənlər yaşayır. Yazıçı isə yalnız yazmır, o, gələcəyi formalaşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!