"Euronews" telekanalı Azərbaycanda keçirilmiş III Milli Şəhərsalma Forumuna həsr olunmuş reportaj hazırlayıb.
Modern.az xəbər verir ki, reportajda Azərbaycanın 2026-cı ilin yazında ölkədə keçiriləcək Ümumdünya Forumu ərəfəsində urbanizasiya üzrə ekspertlərin bir araya gətirilməsi barədə danışılır.
Telekanal qeyd edir ki, Xankəndində keçirilən Milli Şəhərsalma Forumu şəhərləri daha dayanıqlı, inklüziv və dəyişikliklərə davamlı etmək yollarını müzakirəsi üçün 64 ölkədən 400-dən çox iştirakçını bir araya gətirib.
"Biz beynəlxalq tərəfdaşlarla əməkdaşlığa davam edirik. Bu, qlobal tendensiyaları və standartları izləməyimizə kömək edir. Azərbaycanda işləyən hər bir beynəlxalq şirkətin ən azı bir, əksər hallarda isə bir neçə azərbaycanlı memarla əməkdaşlıq etməsi baxımından bu faydalıdır. Bunun sayəsində milli peşəkar potensial artır", - "Euronews" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin sözlərini sitat gətirib.
Reportajda qeyd olunub ki, dünyanın hər yerində şəhər əraziləri iqlim və ictimai səhiyyənin artan problemləri ilə üzləşdiyi üçün şəhərsalma forumu innovasiya və əməkdaşlığın daha dayanıqlı, yaşayış üçün əlverişli şəhərlər qurmağa necə kömək edəcəyinin araşdırılması üçün mühüm platforma rolunu oynayıb.
"Dayanıqlılıq, həmçinin innovativ təhsil deməkdir. Söhbət təhsildən gedəndə, biz uşaqların yaxşı təhsil almaq üçün daha yaxşı şəraitə malik olmasını istədik", - "SA Partners"in təsisçi-tərəfdaşı Dunya Kovari-Binggeli deyib.
Materialda vurğulanıb ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında öz urbanizasiya siyasətini fəal şəkildə beynəlxalq standartlara uyğunlaşdırır: "BMT və Azərbaycan yüksək birgə iş və yaradıcılıq ruhunda sıx əməkdaşlıq edirlər. Onlar birlikdə bu tədbiri daha effektiv və həqiqətən xüsusi etməyə çalışırlar".
"UN-Habitat"ın icraçı direktoru Anaklaudiya Rossbax bildirib ki, şəhərlərin necə böyüdüyü izlənilməli, tikililərin sıxlaşdırılması kimi ağıllı strategiyalar planlaşdırılmalı və hazırlanmalıdır.