Modern.az

Növbəti toplantımıza erməni jurnalist də gələcək - Azərbaycanlı jurnalistdən AÇIQLAMA

Növbəti toplantımıza erməni jurnalist də gələcək - Azərbaycanlı jurnalistdən AÇIQLAMA

Media

12 Noyabr 2025, 10:51

Regionda informasiya mühiti dəyişir. Bundan sonra Küresel Gazeteciler Konseyində (Qlobal Jurnalistlər Şurası - red.) Ermənistan da öz media nümayəndəsi ilə təmsil olunacaq.

Bu barədə Modern.az-a Qlobal Jurnalistlər Şurasının (KGK) Xarici Media Məclisinin sədri, azərbaycanlı jurnalist Elşad Eyvazlı məlumat verib.

Növbəti toplantılarda Ermənistan təmsilçisi də iştirak edəcək...

Eyvazlı bildirib ki, bir neçə gün öncə KGK-nın təşkilatçılığı ilə Türkiyədə qlobal media çalıştayı keçirilib. Tədbir 42 ölkədən 310-dan artıq jurnalisti bir araya gətirib. Toplantıda media etikası, dezinformasiya ilə mübarizə, münaqişə sonrası kommunikasiya və peşəkar təlim mexanizmləri kimi mövzular müzakirə olunub.

“Əslində həmin çalıştayda erməni jurnalist də iştirak etməli idi. Lakin müəyyən obyektiv səbəblərdən bu, mümkün olmadı. Ancaq növbəti böyük toplantılarımızda KGK-nın Ermənistan təmsilçisi də iştirak edəcək”- deyə Eyvazlı qeyd edib.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, indi təmas vaxtıdır...

Həmsöhbətimizin sözlərinə görə, Ermənistanın KGK-da təmsil olunması ilə bağlı təklifi türkiyəli həmkarları bir qədər təəccüblə qarşılayıblar:

“Məni Türkiyədə Qarabağ məsələsinə görə həmişə radikal mövqeyimlə qəbul edirdilər. İndi belə mövqeyim dostlarımı xeyli təəccübləndirdi. Bildirdim ki, zaman dəyişir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Növbəti mərhələdə biz mütləq bütün sahələrdə təmasa keçməliyik. Yoxsa erməniləri yenə hansısa qüvvələr ələ alıb oyuna çəkəcəklər”.

Eyvazlı vurğulayıb ki, KGK-nın mövqeyi ondan ibarətdir ki, Ermənistan tərəfinin də masada olması regional informasiya mühitinə real töhfə verəcək.

Qeyd edək ki, Qlobal Jurnalistlər Şurası 6 il əvvəl yaradılıb və mərkəzi ofisi Ankarada yerləşir. Şuranın 82 ölkədə təmsilçisi var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR