Bakıda "Euronews" telekanalının yerli ofisinin açılış mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə "Euronews"un Direktorlar Şurasının sədri Pedro Varqas David açılış nitqi ilə çıxış edib.
Mərasim zamanı "Euronews"un Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələri təqdim olunub.
O qeyd edib ki, Azərbaycanla bağlı balanslı mövqeyinə görə kanal təzyiqlərə məruz qalıb.
“Mənim Azərbaycana ilk səfərimdən 10 ildən çox vaxt keçib. Bu illər ərzində Azərbaycanın nə qədər dəyişdiyini müşahidə etdim. Onu da qeyd edim ki, bizim Azərbaycana qarşı balanslı möbqeyimiz qəbul edilmirdi. Baş ofisimizin qapısında etirazlar keçirilirdi. Jurnalistlərimizə e-mail hücumları edilirdi.
Xəbərlərdə məkan olaraq “Şuşa, Azərbaycan” yazılanda bizə saysız hesabsız e-maillər gəlirdi. Bizdən Şuşanı niyə Azərbaycanın tərkibində olan bir ərazi kimi təsvir etdiyimizi soruşurdular. Biz də onlara beynəlxalq hüququn bu ərazini Azərbaycan torpağı kimi tanıdığını deyirdik.
Hətta ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsi vurulanda belə, “Reuters“ qəzanın baş vermə səbəblərinin Rusiyaya sərf edən versiyasını təbliğ edirdi. Biz isə bunu heç vaxt etməmişik”, - Pedro Vargas David qeyd edib.

İdarə Heyətinin sədri iyunda 12 günlük İsrail–İran müharibəsi zamanı Azərbaycanın hava məkanının təhlükəsizliyinə diqqət çəkib: “Əgər Flightradar və ya bu kimi platformalara baxsaydınız, iki tərəfdən – şərqdən və qərbdən – gələn uçuşların böyük bir konsentrasiyasını görərdiniz, Avropadan Asiyaya və daha da uzağa gedən bütün təyyarələr üçün yalnız bir təhlükəsiz seçim var idi.
Bu təhlükəsiz seçim Azərbaycan hava məkanından istifadə etmək və tranziti həmin hava məkanından keçirməklə mümkün olurdu. Mən həmin gün Bakıda idim və yanacaq tükəndiyi, başqa istiqamətə gedə bilmədikləri üçün burada fövqəladə eniş edən təyyarələrin sayını yaxşı xatırlayıram. Və bu, yalnız çətinlik və problem dövrlərində belə deyil. Azərbaycan bizim enerji, təchizat və gələcəyimiz üçün hər gün mövcud olan bir həlldir. Bu, dünyəvi bir ölkədir. Sürətlə inkişaf edən bir ölkədir. Sənaye və mühüm resurslara malikdir. Özünə inamla doludur”.
Tədbirdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin liderlərindən regionun Avropa ilə münasibətlərinə təsir edən əsas siyasi, iqtisadi və sosial proseslər barədə alınan müsahibələri əhatə edən "Eurasia Talks" verilişi nümayiş etdirilib.
Avropanın ən məşhur kanalının Azərbaycanda ofis açması ölkəmizin media sahəsində son 5 ildə qazandığı ən böyük uğurlardan biri hesab edilir.
