Modern.az

“Euronews” niyə Bakıda… 

“Euronews” niyə Bakıda… 

Media

18 Noyabr 2025, 09:46

Bakıda Avropanın ən nüfuzlu media platformalarından olan “Euronews” telekanalının yerli ofisi fəaliyyətə başladı. 

Açılış mərasimində qurumun Direktorlar Şurasının sədri Pedro Varqas Davidin iştirakı hadisənin miqyasını və əhəmiyyətini daha da artırdı.

Ekspertlər “Euronews”un Bakıda ofis açmasını Azərbaycanın media sahəsində son 5 ildə qazandığı ən böyük uğurlardan biri hesab edir. Bu addım qlobal media nəhənglərinin Bakıya şərt qoymaq dövrünün bitdiyini, Azərbaycanın özünün oyun qaydalarını müəyyən etdiyini göstərir.

Açılışda çıxış edən Pedro Varqas David xeyli maraqlı məqamları açıqladı.

O, beynəlxalq media mühitinin necə təzyiq mexanizmləri ilə işlədiyini açıq şəkildə etiraf etdi. Onun sözlərinə görə, “Euronews”un Azərbaycanla bağlı obyektiv mövqeyi bəzi dairələrin narazılığına səbəb olub:

“Bizim Azərbaycana qarşı balanslı mövqeyimiz qəbul edilmirdi. Baş ofisimizin qapısında etirazlar keçirilirdi, jurnalistlərimizə e-mail hücumları edilirdi. Xəbərlərdə “Şuşa, Azərbaycan” yazılanda saysız-hesabsız e-maillər gəlirdi… Biz isə beynəlxalq hüququn bu ərazini Azərbaycan kimi tanıdığını deyirdik”.

“Euronews” rəhbərliyi bildirdi ki, hətta ötən ilin dekabrında Azərbaycan təyyarəsinin vurulması ilə bağlı “Reuters”in Rusiyaya sərf edən versiyanı təbliğ etməsi də onların obyektiv mövqeyinə təsir etməyib: “Biz bunu heç vaxt etməmişik”.

Əslində bu açıqlamalar beynəlxalq informasiya müstəvisində təzyiqin, yönləndirmənin və qərəzin necə işlədiyini açıq şəkildə göstərir.
 
Direktorlar Şurası sədri iyunda baş vermiş 12 günlük İsrail-İran gərginliyi zamanı Azərbaycanın qlobal aviasiya şəbəkəsində oynadığı həyati rolu da xüsusi vurğuladı. 

Pedro Varqas David çıxışında ölkəmizin üstünlüklərini dünyəvi və müasir ölkə, yüksək inkişaf templəri, mühüm sənaye və strateji resurslar, Avropanın enerji və təchizat təhlükəsizliyində aparıcı rol kimi xarakterizə etdi.

Tədbirdə həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz liderlərindən alınan müsahibələri əhatə edən “Eurasia Talks” verilişinin təqdimatı keçirildi. Bu layihə Avropa auditoriyasına region haqqında daha dolğun və obyektiv məlumat çatdırmağı hədəfləyir.

Son illərin media siyasəti bir həqiqəti təsdiqlədi. “Mən Azərbaycanda büro açmaq istəyirəm” dövrü bitib. İndi hər şey Bakının istəyi və müəyyən etdiyi şərtlərlə baş verir. Azərbaycan qlobal media qurumları ilə “zəif tərəf” kimi danışmır. Bərabər tərəf kimi fikir və istəklərini dilə gətirir. Obyektivlik və dürüstlük tələb edir. Bu, ölkənin informasiya təhlükəsizliyi və reputasiya mübarizəsi baxımından strateji dönüşdür.

Dünyanın guya ən etibarlı media qurumlarından hesab edilən BBC-nin ABŞ-ın prezidenti Donald Trampla bağlı montaj etdiyi kadrlar göstərdi ki, “qərəzsizlik” iddiası kağız üzərində qalır. Əgər ABŞ prezidnetinə qarşı bu cür oyun qururlarsa, görün bu media qurumu bizə qarşı nələr edə bilər…

Birmənalı şəkildə hesab etmək olar ki, Bakıda açılan ofis Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün böyük platformadır. 

Bu ofis regionun informasiya mərkəzi rolunu gücləndirəcək. Qlobal auditoriya ilə birbaşa kommunikasiya imkanı yaradacaq . Ən əsası isə Azərbaycanın media diplomatiyasının strateji mərhələsi, dünyaya açılan böyük informasiya pəncərəsi olacaq.

Niyə Bakıda sualına cavab budur. Azərbaycan regionun ən sabit və strateji ölkəsidir, Bakı artıq qlobal medianın təsir obyekti deyil. Avropanın enerji, təhlükəsizlik və tranzit xəritəsində Azərbaycan əvəzsizdir. Obyektiv, dürüst və balanslı media mühiti üçün ən əlverişli ünvan Bakıdır.

“Euronews”un ofisinin açılması özlüyündə bir media hadisəsi kimi assosasiya olunsa da, Azərbaycanın informasiya suverenliyinin və qlobal nüfuzunun daha bir təsdiqidir.

Elnur ƏMİROV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu