Media yarandığı gündən təhdidlər və təqiblərlə birgə formalaşıb. Medianın peşəkarlığı bu təhdidlər şəraitində böyüməsi və sağ qalmasıdır.
Modern.az xəbər verir ki, bunu noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumunda Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
O qeyd edib ki, süni intellekt əsaslı feyk xəbərlərin çoxalması medianın fəaliyyətində təhdidedici amillərdən biridir.
N.Məmmədli bildirib ki, son illər ölkəmizin informasiya məkanına olan çoxsaylı təhdidlərin qarşısını almaq üçün hüquqi müstəvidə işlər yekunlaşıb: “Media haqqında” yeni Qanun informasiya məkanının qorunması üçün hüquqi qalxan rolunu oynayır. Biz bunun ilkin təzahürlərini görürük. İnsanların texnoloji bilikləri artdıqca və media savadlılığı yüksəldikcə onların təbliğatın təsirinə düşməsinin qarşısı alınır”.
“Biz cəmiyyətin media savadlılığının artırılmasına xüsusi önəm veririk ki, yalan, feyk xəbərlərin təsirinə düşməsin. İnsanlar medianın məlumatına etibar etməlidirlər. Biz dünyada bu sahədə ciddi problemlər görürük. Media özünəinamı geri qaytarmalıdır. Eyni zamanda, yeniliklərə açıq olmalıdır”, - deyə o əlavə edib.