Ötən ay Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında Azərbaycan dilindən istifadə zamanı yol verilən nöqsanları vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, dilimizin tamlığı digər ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən itirilir. Lüzum olmadan başqa dildən kəlmələr işlətmək ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.
İctimaiyyətin müxtəlif təbəqələrinə dilin qorunması və düzgün istifadəsi ilə bağlı fikir ünvanlayan Prezident İlham Əliyev bu isiqamətdə medianın da rolunu vurğulayıb.
Modern.az mövzunun aktuallığını nəzərə alaraq Audiovizual Şuraya Azərbaycan dilinin qaydalarına televiziyalarda düzgün riayət olunması, televiziya əməkdaşlarının bu istiqamətdə hazırlıq səviyyəsi, şuranın vaxtaşırı keçirtdiyi monitorinqlər və nəticələri ilə bağlı sorğu ünvanlayıb.
Sorğuya cavabda bildirilib ki, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən düzgün istifadə qaydası Audiovizual Şura üçün əsas prioritet istiqamətlərdən biridir. Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması, dilin norma və tələblərinə riayət olunması ilə bağlı yayımçılarla maarifləndirici görüşlər keçirilir, onlara zəruri tövsiyələr verilir.
"Dil normalarının tələblərinə əməl olunması istiqamətində Audiovizual Şura tərəfindən vaxtaşırı olaraq monitorinqlər həyata keçirilir. Aparılmış monitorinqlər nəticəsində aşkarlanmış pozuntu halları ilə bağlı yayımçılara müvafiq xəbərdarlıq və bildirişlər təqdim olunur", - açıqlamada bildirilib.
Qeyd olunub ki. Azərbaycan dövlət dilinin normalarının audiovizual mediada pozulması ilə əlaqədar xüsusi bir sanksiya nəzərdə tutulmayıb:
"Lakin “Dövlət dili haqqında” Qanunun 6-cı maddəsində mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcılarının dövlət dilini mükəmməl bilməsi və səlis danışıq qabiliyyətinə malik olması tələbi təsbit edilib. Səlahiyyətləri çərçivəsində Audiovizual Şura bu tələbə riayət olunması istiqamətində zəruri fəaliyyət həyata keçirir".
Cavid Zahidoğlu