Modern.az

Heydər Əliyev məktəbindən keçən jurnalist: Sakit Ocaqlı

Media

28 Dekabr 2025, 21:30

2000-ci il dekabrın 29-u. AzTV-nin “Xəbərlər” redaksiyasında işləyirəm. Otaqda altı nəfər otururuq. Baş tərəfdə Siyasət şöbəsinin müdiri, Prezident Heydər Əliyevin xarici və yerli tədbirlərini işıqlandıran Sakit Ocaqlı, parlament müxbiri Gülsəfa Əhmədova, Telman Nəzərli, telejurnalistikada təsadüf  Ərsalan Əliyev, aparıcı, jurnalist Esmira Çərkəzqızı və mən. Mən onların hamısından təzəyəm. Filoloji təhsilim olmasına baxmayaraq, jurnalistika təcrübəm cəmi 4 ildir. 34 yaşım var. Bu 4 ildə çox şey öyrənmişəm. AzTV mənimçün böyük məktəb olub. Baş redaktor Həsən Həsənov, müavini Mülatif Adurov başda olmaqla “Xəbərlər”in bütün heyətinin hər birindən azacıq da olsa nəsə götürmüşəm və götürməkdə davam edirəm. Bu bilikləri nə orta məktəbdə, nə də ali məktəbdə almaq mümkündür. Lenin babamın Azərbaycan dilinə səhv tərcümə olunan “Oxumaq, oxumaq, yenə də oxumaq” kəlamını dilimizə “Öyrənmək, öyrənmək, yenə də öyrənmək” kimi düzgün çevirib bacardığım qədər bəhrələnirəm. 

Müəllimlərim paxıl deyillər. Soruşanda başa salırlar, yol göstərirlər. Süjetlərimdə nəsə səhv görəndə həmən deyirlər. Sakit Ocaqlı, Akif Məcidoğlu, Gülsəfa Əhmədova, Akif Təvəkküloğlu, Qərənfil Xəlilova, Akif Cabbarov, Azad Müzəffərli, Faiq Sadıqov AzTV-də sovet dövründən işləyirdilər. Bütün dövrlərdə dövlətin bir nömrəli proqramı sayılan “Xəbərlər”də çevrilişlərə, hakimiyyət dəyişikliklərinə şahidlik etmişdilər. Nəinki şahidlik etmişdilər, hadisələrin mərkəzində olmuşdular. Çox idi “Xəbərlər”də belə informasiya daşıyıcıları. Amma ələnib, ələnib mənim bəxtimə onlar qalmışdılar. Hamısı da xəbər dağarcığı idi. Hərəsinin də nə boyda sandığı – sandıq ədəbiyyatı. Amma heç biri bu barədə heç nə yazmadı. Bircə Esmira Çərkəzqızı “Səhər” proqramında müsahibləri ilə söhbətlərini bir yerə yığıb kitab halında nəşr etdirdi. 

Mən AzTV-yə 1996-cı ildə gəldim. Çevrilişlərə son qoyulmuşdu, 4 iyun, mart, oktyabr hadisələri... arxada qalmışdı. Düzdü, 11 il işlədiyim müddətdə də siyasi hadisələr baş verdi. Qurama mitinqlərin daimi reportyoruna çevrildim. Heydər Əliyev məktəbindən mən də nəsə öyrənə bildim. Amma izahı böyük həmkarlarımdan gəlməklə.

İndi soruşacaqsınız ki, bəs yazımı niyə 1996-cı illə başlamadım? Məqsədim var. Dekabrın 28-də Sakit dedi ki, bəs "sabah "Qurd Qapısı" restoranında balaca şadyanalıq təşkil etmişəm. Sevinci də (həyat yoldaşım) götürüb gələrsən. 45 yaşım olacaq. Bir yerdə qeyd edərik. 40-ı biz tərəflərdə qeyd etmirlər. Ona görə də 45-ə saxladım".

HAŞİYƏ: Prezident Heydər Əliyev ABŞ-a rəsmi səfərə yola düşüb. Ordan materiallar göndərirlər. Sakit Ağ Evin qabağında ağ kostyumda stəndap edir. Fəxr duyuram mən. Bəs paxıllıq edənlər nə qədərdir? (SON)

Adamı ad gününə və ya toya çağıranda ilk doğan sual bu olur ki, bəs hədiyyə nə alım, yaxud da toya nə qədər pul salım? Mən də qərar verdim ki, Sakitə əl işləməsi olan qılınc alım. Xalçanın üstündən asar. Hər görəndə yada düşərəm. Səhərisi işdən yayınıb "Torqovıy"a düşdüm. 50 dollar verib bir dənə qılınc aldım. Qayıdıb otaqda gizlədirdim ki, Gülsəfa xanım gördü:

– Ay qıvlasız, o nədi əlində?

– Gülsəfa xanım, qılıncdır. Sakitin ad gününə almışam. Xalçanın üstündə asanda qəşəng görsənir.

– Bunu əvvəldən de də... Mən də qalmışam nə alıb aparım. Neçəyə almısan?

– 50 dollara.

Gülsəfa xanım tez çantasını açıb ordan 50 dollar çıxarıb mənə uzatdı.

– Get mənimçün də al. İkisini çarpazı asar. Lap “Qaynana” filmindəki kimi. Bax ha... ölçüsü bir olsun. Hə, lap yadımdan çıxmışdı. Kəmalə xanım bu il də böyük Yeni il şənliyi keçirir. Tut bu dəvətnamələri Suğqayla Bəyimi  apararsan. Mən də operatorla orda olacağam. “Xəbərlər”də göstərərəm.

Bunu deyib otaqdan çıxdı. Mən də əlimdəki işi başa çatdırıb otaqdan çıxdım ki, qılınc dalıyca gedim. Gördüm ki, rejissor Fatma Məstanova Gülsəfa xanımın bir əlindən tutub redaksiyaya daxil oldu.

– Mahir, Gülsəfanın əli bumbuzdur. Danışmır, dinmir. Nə soruşuram cavab vermir.

Tez kresloya otuzdurduq Gülsəfa xanımı. Həsən müəllim səsə gəldi. Tez təcili yardım çağırdı. Təcili yardıma məni otuzdurub Həsən müəllim, – Gülsəfayla sən get. Nə lazım olsa mənə zəng edərdən, Səhiyyə Nazirliyindən tapşırtdıraram, – deyərək. "Semaşko"ya yola düşdük. Orda məlum oldu ki, Gülsəfa xanımın beyninə qan sızıb. Çox başınızı ağrıtmayım. Həsən müəllimin sayəsində tez mütəxəssislər cəlb olundu. Onlar MRT təyinatının vacibliyini bildirdilər. O vaxt isə belə aparat Türk-Amerikan klinikasındaydı. Tez ora zəng etdim. Təcili yardım gəlib apardı. Aparata saldılar. Pul lazım oldu. Gülsəfa xanımın verdiyi 50 dollar yadıma düşdü. Çıxarıb verdim. Diaqnoz isə ürəkaçan olmadı. 10 gün vaxt qoydular. Elə də oldu. Əri, oğlu gələndən sonra isə evdən yoldaşımı götürüb restorana yollandım. 

Sakit Cəlilabadın Ocaqlı kəndindəndir. Təxəllüsünü də elə bu addan götürüb. Elinə bağlı adamdır. Süfrəsi çox zəngin idi. Stolun üstündə də indiki dildə desək, ekoloji məhsullar idi. Atam Qabilin diliylə desək, bircə bülbül dilindən kotlet yox idi. Sakit ad gününə Mətanət İsgəndərlini dəvət etmişdi. Çünki həyat-gün yoldaşı Xatirənin sevimli müğənnisiymiş Mətanət xanım.

Həmin gün mənim xatirimdə belə iz qoydu. O vaxtdan Sakitin çox ad günü olub. Yəqin dar çərçivədə, ailəsiylə qeyd edib. Oğlu Orxanı evləndirib, qızı Mənzəri ərə verib. İndi dəbdə nəvələrdir. İndi də evi qonaq-qaralıdır. Bircə şey dəyişib. Sakit hacıdır. İçmir. 


HAŞİYƏ: İşdəyik. Sakit:

– Mahir, işini bitirmisən?

– Hə.

– Onda gedirik bizə. Xatirə yaxşı yemək bişirib. Sən istəyəndən də var. Daşkəsənin polis rəisindən xahiş elədim, bir balon göndərdi. Vurarıq.

Sakit bilirdi ki, məndə xroniki faringit var. Onun da dərmanı el dilində kəklikotu çayı, bir də zoğal arağıdır. Ona görə də həmən razılıq verdim. Xatirə xanımın hazırladığı yeməklərə söz ola bilməzdi. Xülasə, getdik Sakitgilə. Artıq süfrə hazır idi. "Xolodnı"lar bir-birini çağırırdı. Atam Qabil demişkən, bu "xolodnı"larla bir ton araq vurmaq olardı. Sakit əvvəlcə divanın oturacağını qaldırdı, – İstəyirsən "zavodskoy"dan içək, – deyərək. Ağzınacan dolu yarımlitrlik spirtli içkiləri görüb, – yox, elə zoğal arağı yaxşıdır, – dedim. Sakit isə televizoru açıb qabağında dayanmışdı. Diqqətlə Prezidentlə bağlı süjetə baxırdı.

– Elə baxırsan ki, elə bil özün çəkməmisən.

İşarət barmağını şaquli şəkildə dodağının üstünə aparıb “sus!” işarəsi verdi. Material sona çatdı. Sakit süfrə arxasına oturmurdu. İndi də gözü telefondaydı. Telefon isə susurdu. Mən isə badələri doldurmuşdum. Zoğal arağı soyuyurdu. İçəndən sonra boğazımı yandıracağını, gözümdən alov çıxacağını, bu yanğıdan əlimi süfrədəki "xolodnı"ya apara bilməyəcəyimi təsəvvür edirdim. Sakitin gözü isə telefondaydı. On dəqiqə keçdi. Sakitlik idi. Nəhayət Sakit süfrəyə oturdu. Birinci badəni qaldırıb içdi. Ürəyi açıldı:

– Sən də Prezident çəkilişinə getmək istəyirsən. Sənə lazımdır bu? Material gedənəcən ürəyimi yedim. Sonra gözlədim ki, zəng edib deyəcəklər ki, Prezident Heydər Əliyevin xoşuna gəlməyib. Yenidən işə qayıtmalıydım. Düzəliş etməliydim. Nizami Xudiyev məni söyməliydi. Çünki onu da artıq söymüşdülər. Keçən dəfə Prezident zəng edib ki, ay Nizami, lentiniz yox idi? Demə həmin gün çəkilişə aparılan kasetin sonunda, iki gün qabaqkı material da olub. Eyni otaq, eyni insanlar, Prezident də həmin. Amma qalstuk başqa olub. İki kadrda bugünkü qalstuk olub, o birilərində srağagünkü. Heydər Əliyev bu cür diqqətlə yanaşır çəkilişlərə – qalstukun rənginəcən. Bildin?

Susdum. “Buna ürək dözər?” deyə içimdə fikirləşdim. (SON)

Həmişə ürəyiaçıq olan Sakit Ocaqlı illər əvvəl açıq ürək əməliyyatı keçirib. Ürəyiaçıqlığını həkim də öz arayışı ilə təsdiq edib. Sakit yaxşı adamdır. Ona yanaşan, pul istəyən, kömək istəyən kimsəni naəlac geri qaytardığını görməmişəm. Amma onların içindən “sağ ol” deyən az olub. Heç nəyə nail olmayan bir çoxları gedib rəhbərliyin yanında onu şeytanlayıblar da. İçərilərində indi millət vəkili olan da var.

29 dekabr 2025-ci il Sakitin 70 yaşı tamam olur. Çox gümrahdır. Heyf ki, qanunlarımız 70 yaşda işləməyə icazə vermir. Baxmayaraq ki, AzTV-də yaşı 70-dən yuxarı işləyənlər də, dəhlizlərdə ayağı büdrəyib başını yaranlar da var. Sakitin isə sadəcə varlığı bəs idi televiziyada. Təcrübəsiylə böyük töhfə verə bilərdi. Nə edək ki, uşaq-muşaq rəhbər bunu başa düşmür. Özlərini hamıdan ağıllı sayırlar.

Əlbəttə ki, Sakit haqqında çox yazmalıydım. Zarafat deyil, 30 ilə yaxındır tanıyıram onu. Sərgüzəştlərimizi, macəralarımızı, birgə çəkilişlərdə olan xatirələri dilimə gətirməliydim. Amma bircə şey kəsdi qabağımı. Nə kəsdi? Nə yox, kim. Elə yubilyarın özü. Mənə nə desə yaxşıdır: “Mahir, bilirəm ki, məmin haqqımda ən gözəl yazını sən yazacaqsan. Amma məndən sonra yaz”. Mən isə ölümü gözləmədim. Sakiti bilmirəm, axı mənə də heç kim zəmanət verə bilməz.

Bu yazını isə elə-belə yazdım. Sakitin 80 yaşına bir anons kimi. Sakitin 70 yaşına kiçik bir hədiyyə olaraq. Nəvaxtsa gənc jurnalist kimi qayğıyla yanaşdığı, sonralar ailəvi dostuna çevrilən 60 yaşlı Mahir Qabiloğludan bir minnətdarlıq hədiyyəsi kimi...

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi