Modern.az

Ən yaxşı müsahibə və xəbər jurnalistləri, teleaparıcılar, araşdırmaçılar kimlərdi? - ADLAR

Ən yaxşı müsahibə və xəbər jurnalistləri, teleaparıcılar, araşdırmaçılar kimlərdi? - ADLAR

Media

30 Dekabr 2025, 08:57

İnformasiya məkanının sürətlə dəyişdiyi, rəqəmsal platformaların gündəmi müəyyənləşdirdiyi bir şəraitdə media yalnız xəbəri çatdıran vasitə deyil, eyni zamanda ictimai etimadın, zövqün və mövqenin formalaşdığı əsas meydandır.

Belə ki, rəqəmsal medianın sürətli inkişafı informasiya bolluğu yaradaraq keyfiyyət anlayışını daha da ön plana çıxarır. Bu fonda jurnalistikanın əsas sualları dəyişməz olaraq qalır: oxucu hansı mənbələrə inanır, ən yaxşı müsahibə və xəbər jurnalistləri, teleaparıcılar, araşdırmaçılar, mədəniyyət və idman yazarları, fotomüxbirlər, təhlilçilər, analitiklər kimlərdir, hansı saytlar daha yaxşı başlıqlar təqdim edir? 

Modern.az saytı bu və digər suallara cavab tapmaq üçün bir neçə tanınmış media nümayəndəsilə həmsöhbət olub.

Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, xəbərləri çox geniş diapazonda izləyir:

“Bu baxımdan konkret olaraq yalnız bir mənbəni qeyd etmək mənim üçün çətindir. Həm yerli media resurslarından, eləcə də xarici mənbələrdən istifadə edirəm. İngilis, türk, özbək, qırğız, tatar, türkmən və digər dillərdə yayımlanan xəbərləri izləyir, eyni zamanda, alman mənbələrini də diqqətdə saxlamağa çalışıram. Əlbəttə, Azərbaycan mediasını da mümkün qədər geniş şəkildə izləyirəm.

Məhz bu səbəbdən konkret bir saytın adını çəkib “bu mənim əsas mənbəmdir” demək mənim üçün bir qədər çətindir. Bununla belə, davamlı olaraq Prezidentin rəsmi internet səhifəsi olan President.az saytına nəzər salıram. Buna səbəb isə ən önəmli və rəsmi xəbərlərin məhz bu mənbədə yer almasıdır”.

Televiziya sahəsinə gəldikdə, A.Həsrət diqqətlə izlədiyi, sözünə güvəndiyi, eləcə də dəyər verdiyi insanların çox olduğunu vurğulayıb:

“Aparıcı olmasa da, müəllif proqramları ilə gündəmə çıxan Mirşahin Ağayevin adını xüsusi qeyd etmək istərdim. Bundan əlavə, həftəsonu yayımlanan və həftənin yekununu təqdim edən "İTV Xəbər Yekun" verilişinin aparıcısı Nigar Sabirqızını da ayrıca vurğulamalıyam".

Həmsöhbətimiz müsahibə hazırlayan jurnalistlər barədə bir qədər xəsisliklə cavab verəcəyini bildirib:

"Deyə bilərəm ki, müsahibə janrında Mirşahin Ağayev əsl ustad jurnalistdir. Eyni zamanda, mərhum jurnalist Qənirə Paşayevanın da bu sahədə xüsusi yerə sahib olduğunu söyləməliyəm.

"Ən yaxşı reportaj hazırlayan jurnalistlər sırasında, xüsusilə iri həcmli, araşdırmaya əsaslanan və Prezidentin səfərlərinin işıqlandırılması baxımından AzTV-dən Vüsal Mətləb diqqətimi çəkir".

Onun materiallarını mütəmadi izlədiyini və reportajlarını kifayət qədər yüksək səviyyədə təqdim etdiyini söyləyən müsahibimiz, ümumilikdə bu cür peşəkar jurnalistlərin sayının artmasının vacibliyi qənaətindədir.

A.Hsrət fərqlənən fotomüxbirlərin adlarını ayrıca sadalamağın çətin olduğunu ifadə edib:

“Çünki bir çox hallarda mediada yayımlanan fotolarda fotomüxbirin adı qeyd olunmur. Bununla belə, uzun illərdir izlədiyim Rasim Sadiqovu peşəkar fotoqraf kimi xüsusi nümunə çəkmək istərdim. Zənnimcə, o, Azərbaycanın müasir tarixini - sovetlərin dağılmasından bugünə qədərki dövrü lentə köçürmüş, həqiqətən unikal fotolar çəkmiş və bu fəaliyyətini davam etdirən nadir həmkarlarımızdan biridir. Əlbəttə, adlarını çəkə biləcəyim çoxsaylı digər peşəkar fotomüxbirlərimizdə var”.

Xəbər başlıqları məsələsində isə o, “şok”, “dəhşət” kimi ifadələrdən istifadə etməyən media qurumlarına üstünlük verdiyini deyib:

“Bu tip sözlər olan heç bir xəbərə daxil olmur və oxumuram. Buna görə də müqayisə imkanları məhdud olsa da, Hikmət Sabiroğlunu uğurlu və peşəkar başlıq seçən jurnalistlərdən biri kimi qeyd edərdim. Bundan əlavə, "Xalq qəzeti"ndə çalışan İmran Bədixanlını da ustad jurnalist adlandırır və onun başlıq seçimindəki peşəkar yanaşmanı xüsusi təqdir edirəm”.

A.Həsrət onu da əlavə edib ki, yaxşı xəbər yazan jurnalistlərin sayı da kifayət qədər çoxdur. Onun fikrincə, qısa, lakonik, eyni zamanda mövzunu tam əhatə edən xəbərlər yazan jurnalistlər də az deyil:

“Analitik və təhlil yazıları yazanlar sırasında da xeyli peşəkar mətbuat nümayəndələrimiz mövcuddur. Bu sırada Asif Nərimanoğlunun adını çəkə və onun kifayət qədər güclü təhlillər təqdim etdiyini vurğulaya bilərəm”.

O həmçinin vurğulayıb ki, mədəniyyət və idman sahəsi də daim diqqətində olan istiqamətlərdəndir:

“Bu sahədə jurnalist Samirə Əşrəfin adını xüsusi qeyd edə bilərəm, eyni zamanda, Zöhrə Əliyevanın da adını çəkmək olar.

İdman jurnalistikasına gəldikdə, bu sahədə Azərbaycanda artıq bir məktəbin formalaşdığını və kifayət qədər peşəkar jurnalistlərin yetişdiyini məmnunluqla bildirə bilərəm”.


Mətbuat Şurası İdarə Heyətinin digər üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hesab edir ki, ölkədə media subyektlərinin bolluğu ilə yanaşı, eyni zamanda xəbər gündəmi də zəngindir:

“Bu baxımdan bütün media subyektlərini və bütün xəbərləri izləmək imkansızdır. Bununla yanaşı, Azərbaycanın üzdə olan xəbər saytlarını, məşhur media subyektlərini hər gün nəzərdən keçirirəm. Aparıcı media subyektlərini diqqətdə saxlamaq, xəbər gündəmini izləmək mənim işimdir, müqayisəli təhlil aparıram. Orta hesabla, 30-a yaxın media subyektini işimlə əlaqədar olaraq bu və ya digər formada mütəmadi gözdən keçirirəm.

Paralel olaraq, xəbər gündəmini diqqətdə saxlamaq vacibdir. Hansı xəbərlər trenddir, gündəmdə hansı mövzular var? Bunu müəyyənləşdirmək üçün fərqli metodlardan istifadə edirəm. Ayrı-ayrı media subyektlərini izləməklə yanaşı, texnoloji tətbiqlərə müraciət edirəm. Həmçinin, üzdə olan media subyektlərindən sosial şəbəkə platformalarında “dostlar”ım var. Hər kəs özünün maraqlı hesab etdiyi informasiyanı paylaşır, mən də görürəm, diqqətimi çəkənləri oxuyub tanış oluram”.

M.Ələsgərli qeyd edib ki, televiziyalarda maraqla izlədiyi verilişlər və ya şəxslər var:

“Məsələn, AzTV-də “HƏDƏF”, “MediaLAB” proqramlarını izləyirəm. Həftənin yekununda isə Rövşən Məmmədovun təqdimatında analitik buraxılışa mütləq baxıram. İctimai TV-də “Diqqət mərkəzi” də istisnasız izlədiyim verilişlər sırasındadır. Murad Hüseynov çox maraqlı mövzular üzrə debatlar təşkil edir. REAL TV-də “Mir Şahinin vaxtı”nı diqqətə saxlayıram. Hətta canlı izləməyə çatmasam belə, sonradan ona yutubda baxıram. Baku TV-də “Aktual gündəm” də maraqlı tərtibatda olur. Elçin Əlibəyli maraqlı mövzular ətrafında debat qura bilir.  Avtomobildə olanda isə radionu qoşuram. Çalışıram yol yürüşümü o vaxta salım ki, İctimai TV-də ya Nərmin Aşurzadənin, ya da Pərvanə Nadirqızının verilişlərinin zamanına təsadüf etsin. Çox mükəmməl müsahibə qururlar, mövzunu dərinliyinə qədər aça bilirlər, zövlü təqdimatları var. Təəssüf ki, onlarla hələ əyani olaraq rastlaşmamışam. Rastlaşıb təşəkkür etmək, xoş sözlər demək keçir ürəyimdən. Ümumi fikrim budur ki, televiziya və radioda maraqlı verilişlər, təqdimatlar var, çoxdurlar”.

M.Ələsgərli eyni zamanda əlavə edib ki, yaxşı araşdırma yazıları hazırlayan, analitik materiallar verən media orqanlarından AzərTAC, APA, “Trend”, “Report” informasiya agentliklərinin, “Qafqazinfo” və “Caliber.az” saytlarının, “Yeni Musavat” “Xalq qəzeti"nin adını çəkib.

"Amma yəqin siz də müşahidə etmisiniz: adətən bu cür maraqlı araşdırmalar “redaksiya yazısı” kimi təqdim olunur, müəllif kimi redaksiya görünür. Ona görə də konkret müəllif adı çəkə bilmirəm. Amma çalışıram ki, sadaladığım media subyektlərində dərc edilən araşdırma yazılarını mütləq oxuyum”.

Tanınmış jurnalist  Etibar Cəbrayıloğlunun sözlərinə görə, xəbərsiz bir günü olmur:

“Gün ərzində bir neçə dəfə xəbər saytlarını izləyirəm. Rəsmi xəbərləri və dövlət əhəmiyyətli məlumatları əsasən AZƏRTAC və Prezidentin rəsmi internet səhifəsi olan President.az vasitəsilə oxuyuram. Daim izlədiyim onlayn media resursları sırasında Modern.az, Bakıvaxtı.az, Qafqazinfo.az, Lent.az və Yenisabah.az var. İdman xəbərlərini isə əsasən Qol.az, Sportal.az və Match.az-dan izləyirəm.

Televiziya sahəsində mənim üçün ən yaxşı xəbər aparıcısı ATV kanalında çalışan Günay Yelmarqızıdır. Onun efir mədəniyyəti və peşəkar təqdimat tərzi fərqlənir.

Müsahibə janrında Mədəniyyət kanalında yayımlanan Rafiq Həşimovun müsahibələrini maraqla izləyirəm. Gənc jurnalistlər üçün bu müsahibələr yaxşı bir məktəbdir. Çap mediasında “525-ci qəzet”də Aytac Sahədin müsahibələri bu janr üçün maraqlı nümunələrdir. Təəssüf ki, fəaliyyəti dayandırılan “Mədəniyyət” qəzetində Gülcahan Mirməmməd və Həmidə Rüstəmovanın hazırladığı müsahibələr də daim diqqət çəkirdi.

Televiziya reportajları arasında mədəniyyət sahəsində hazırlanan telerportajlara xüsusi önəm verirəm. Bu baxımdan Ülviyyə Heydərovanın hazırladığı materiallar daha çox diqqətimi cəlb edir”.

E.Cəbrayıloğlu həmçinin vurğulayıb ki, araşdırma jurnalistikasının bugünkü vəziyyəti özü ayrıca bir araşdırma mövzusudur:

“Telekanallar arasında bu sahədə İctimai Televiziyada Müsəllim Həsənovun fəaliyyəti xüsusi yer tutur. Eyni zamanda, həmin kanalda Murad Hüseynovun müstəqil Azərbaycanın keçmiş xarici işlər nazirləri ilə Qarabağ danışıqları mövzusunda hazırladığı araşdırma yüksək səviyyədə təqdim olunmuşdu. Yazılı mətbuatda araşdırma janrı demək olar ki, yox səviyyəsindədir. Bununla belə, “525-ci qəzet”də İlqar Tağıyevin Azərbaycanın beş milyonuncu vətəndaşı ilə bağlı araşdırması maraqlı istisna idi.

Fotomüxbirlər arasında AZƏRTAC-ın əməkdaşları Aydın Oqtay oğlu və İlqar Cəfərovun tədbirlərdən çəkdiyi fotolar diqqətəlayiqdir. İlqar Cəfərov idman sahəsində çəkdiyi fotolara görə beynəlxalq mükafatlara layiq görülüb. "Trend" informasiya agentliyinin fotomüxbiri Zaur Mustafayevin də işlərini qeyd etmək olar.

Xəbər başlıqları baxımından Modern.az və Bakıvaxtı.az saytlarında maraqlı nümunələrə rast gəlirəm. Qafqazinfo.az da bu sahədə xüsusi fərqlənir”.

Müsahibimizin fikrincə, ən yaxşı xəbər yazan jurnalistin adını xüsusi olaraq fərqləndirmək çətindir:

“Peşəkar xəbər yazarlarımız kifayət qədərdir. Analitik yazılar sırasında Bahəddin Həziyevin təhlillərini bəyənirəm və jurnalist olmaq istəyən gənclərə onu oxumağı tövsiyə edirəm. Elxan Şükürlünün təhlillərini də izləyirəm, lakin hazırda o, daha çox siyasi fəaliyyətlə məşğuldur.

Mədəniyyət mövzusunun işıqlandırılmasına gəldikdə, televiziya sahəsində Ülviyyə Heydərovanın, çap mediasında Aytac SahədHəmidə Rüstəmovanın, onlayn mediada isə “Yeni çağ” saytında çalışan Cəvahir Səlimqızının fəaliyyəti diqqətəlayiqdir”.

"Bakı Xəbər" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyev bildirib ki, əsasən President.az və AZƏRTAC-ı, daha sonra isə bir sıra ölkələrin rusdilli və ingilisdilli media orqanlarını mütəmadi izləyir:

"Ermənistan və Rusiya mediasını, həmçinin İran mediasının rusdilli seqmentini diqqətdə saxlayıram. Beynəlxalq media orqanlarından isə "The New York Times", "The Washington Post" və "The Guardian"ı mütəmadi oxuyuram. Türkiyə mediasından isə Anadolu Agentliyinin rusdilli versiyasını daim izləyirəm.

Ən yaxşı müsahibə və reportaj hazırlayan jurnalistlərə gəlincə, Aydın Quliyev "Bakı Xəbər" qəzetinin əməkdaşlarının adını çəkib:

İradə Sariyeva müsahibə janrının ən böyük peşəkarlarından biridir. Ən yaxşı reportaj hazırlayan jurnalistlərdən biri isə Akif Nəsirlidir. Təxminən 25 ilə yaxın media təcrübəsinə malik olan Akif Nəsirlinin reportajlarını oxuyarkən oxucu özünü hadisənin içində hiss edir”.

Aydın Quliyev müəmma və tapmaca xarakterli xəbər başlıqlarını qətiyyən oxumadığını bildirir.

“Xəbərin başlığı dolğun, konkret və məzmunu əks etdirən olmalıdır. Oxucu, dinləyici və tamaşaçı ilə “oyun oynamaq” yolverilməzdir. Təəssüf ki, bu cür problemli başlıqlar artıq bir növ “xəstəlik” kimi yayılıb. Müəmma xarakterli başlıqlardan istifadə edən saytları izləmir və həmin xəbərləri oxumuram”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ