Artıq 2025-ci il başa çatdı. Geridə qoyduğumuz il ölkənin ictimai, iqtisadi və sosial həyatında baş verən mühüm hadisələrlə yanaşı, media mühitində də özünəməxsus izlər buraxıb. Bu xüsusda mediaturlar 2025-ci ilin yadda qalan media təcrübələrindən biri kimi xatırlanır.
İl ərzində müxtəlif dövlət qurumları, özəl sektor nümayəndələri və ictimai institutlar tərəfindən təşkil olunan mediaturlar jurnalistlər üçün təkcə məlumat toplamaq imkanı deyil, eləcə də hadisələrin, proseslərin və layihələrin yerində müşahidəsi baxımından əhəmiyyətli platformaya çevrildi. Regionlara təşkil edilən səfərlər, istehsal və infrastruktur obyektlərinə baxışlar, sosial layihələrin gedişi ilə yerində tanışlıq medianın informasiyanı daha dolğun, faktlara söykənən və operativ şəkildə təqdim etməsinə şərait yaratdı.
Bununla yanaşı, jurnalistlərin suallarının birbaşa cavablandırılması, proseslərin gizlədilmədən nümayiş etdirilməsi və real mənzərənin göstərilməsi ictimaiyyətin məlumatlandırılmasında medianın rolunu daha da gücləndirdi.
Modern.az ilin “İlin ən yaddaqalan mediaturları hansılardır” sualına cavab tapmaq üçün media sferasından olan bir neçə müxbirlə həmsöhbət olub.
Teleqraf İnformasiya Agentliyinin müxbiri Şəbnəm Zahir:
“Mən əsasən sosial sahə üzrə fəaliyyət göstərən qurumlarla işləyirəm. İl ərzində həmin qurumların təşkil etdiyi bir sıra mediaturlarda iştirak etmişəm. Açığı, çox az mediatur xüsusi olaraq yadda qalıb. Lakin Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində Xankəndiyə səfər mənim üçün xüsusilə unudulmaz oldu. Dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlı gənclərlə Xankəndidə görüşdük. Hətta İspaniyadan gələn, Qarabağ xanı Pənahəli xanın nəslindən olan gəncdən maraqlı müsahibə aldım. Jurnalist həmkarlarımla şəhəri gəzməyi planlaşdırsaq da, tədbir və müsahibələrin çoxluğu səbəbindən bu mümkün olmadı. Amma gecə saatlarında bir qədər vaxt ayırıb şəhəri gəzməyə çıxdıq. Xankəndi küçələrində gəzərkən şəhərdəki vəziyyəti, bərpa və yenidənqurma işlərini yerində gördük. Bir çox obyektlərdə təmir-tikinti işləri aparılırdı. İndi də həmin mediaturda tanış olduğum jurnalistlərlə görüşəndə “kaş yenə Xankəndidə bir araya gələk” deyirik. Məncə, mediaturlar məhz bu formatda olmalıdır. Əks halda, bəziləri sadəcə oturub qulaq asmaqla keçir”.
Oxu.az saytının müxbiri Töhfə Səmədova:
"Bu il iyunun 20-də TƏBİB-in təşkil etdiyi mediatur çərçivəsində Qobusdan Rayon Mərkəzi Xəstəxanasında olmuşduq. Həm həmkarlarla keçirdiyimiz asudə vaxt, həm də xəstəxana prosseslərinə canlı şahidlik etmək çox maraqlı idi. İlk dəfə idi ki, canlı formada hər hansısa bir əməliyyatın şahidi olurduq. Bununla yanaşı, hər birimizin müəyyən yoxlanış prosseslərindən keçməsi və ödənişsiz formada həkim qəbulunda olmaq da olduqca dəyərli idi. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, mənə görə, bu ilin ən yaddaqalan mediaturu məhz TƏBİB-ə aiddir".
Yenisabah.az saytının müxbiri Əsmətxanım Rzazadə:
"Bu il ərzində bir çox maraqlı mediaturda iştirak etmişəm. Hər biri özünəməxsus təəssüratlarla yadda qalsa da, mənim üçün ən yaddaqalan səfərlərdən biri yay aylarında təşkil olunan və Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edən mediatur oldu. Həmin səfər çərçivəsində media nümayəndələri üçün yaradılan imkanlar, bölgələrin turizm potensialı, istirahət mərkəzlərinin təqdimatı olduqca maraqlı və peşəkar şəkildə təşkil edilmişdi.
Eyni zamanda, bu ilin oktyabr ayında baş tutan Şamaxı səfərini də xüsusi qeyd etmək istərdim. Həm doyunca gəzmək, bölgəni daha yaxından tanımaq imkanı qazandıq, həm də həmkarlarla daha sıx ünsiyyət qurduq, yeni tanışlıqlar əldə etdik.
Bu cür mediaturlar qurumlarla, xüsusilə mətbuat katibləri ilə daha səmimi və etibarlı münasibətlərin formalaşmasına da müsbət təsir göstərir.
Məncə, bu cür səfərlər təkcə informasiya toplamaq baxımından deyil, peşəkar əlaqələrin genişlənməsi və təcrübə mübadiləsi baxımından da çox dəyərlidir. Ümid edirəm ki, qarşıdakı ildə də bu cür maraqlı və faydalı mediaturlar davam edəcək".
Globalinfo.az saytının müxbiri Zaira Akifqızı:
"Bir neçə dəfə fərqli qurumların təşkil etdiyi mediaturlarda iştirak etmişəm. Onların arasında “Azərişıq”la Zəngilana, "Azəriqaz"la Gəncəyə, “Azərsun”la Masallıda yerləşən çay plantasiyasına və Bakcell-lə Şuşaya səfərlər xüsusilə yadda qalıb. Bilirsiniz, mediaturların maraqlı tərəflərindən biri aylarla görüşmədiyimiz həmkarlarla bir araya gəlməkdirsə, digər tərəfi gedilən məkanın özüdür.
Qarabağ işğaldan azad olunduqdan sonra ilk dəfə fevral ayında Zəngilana getmişdik, oktyabrda isə Şuşaya ilk səfərimi etdim. Ağdam ərazisindən keçərkən artıq Qarabağa gəldiyimizi hiss edirdim. Kəlbəcərlə bağlı travmam olduğu üçün hər zaman ilk növbədə Kəlbəcərə getmək istəmişəm, amma hələ qismət olmayıb.
Şuşaya səfərimiz çox ürəyimcə oldu. Uşaqlıq dostumuz Sənan Hüseynovun Şuşada şəhid olması bu səfəri mənim üçün daha da duyğulu etmişdi.
Şuşaya daxil olarkən yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Sevinc, qürur və kövrəklik bir arada idi. Bilmirdim ki, qışqırım, ağlayım, yoxsa gülüm. Şəhərin tarix qoxan küçələri, füsunkar təbiəti bu təəssüratları daha da gücləndirirdi".
Mətbuat.az saytının müxbiri Sevinc İbrahimzadə:
"Aqrar Tədarük və Təchizat ASC yay aylarında Zaqatala və Şəkiyə mediatur təşkil etmişdi. Həm getdiyimiz yerlər, həm təşkilatçılıq çox əla idi. Ümumi olaraq, zövq almış və bol xatirələrlə qayıtmışdım.
Həmçinin payızda Bakcell-in təşkilatçılığı ilə Şuşaya jurnalist dostlarla səfər etmişdik. Azad olunmuş əraziləri görmək başda olmaqla, keçirilən tədbir, həmkarlarla birlikdə əylənmək, xüsusilə də səmimi münasibətlər bu cür mediaturları unudulmaz edir. Bir çox mediaturda olmuşam, hər birinin təşkilatçılarına çox təşəkkür edirəm".
TodayPress.tv saytının müxbiri Qiymət Mahir:
"İlk növbədə onu deyim ki, TƏBİB tərəfindən təşkil edilən mediaturalar olduqca maraqlı olması ilə seçilir. TƏBİB komandası media nümayəndələrinə xüsusi diqqət və qayğı göstərir. Mən də TƏBİB-in son təşkil etdiyi mediatur çərçivəsində Xəzər Tibb Mərkəzinə səfərdə iştirak etdim. Mediatur zamanı tibb mərkəzinin fəaliyyəti, yaradılan şərait və göstərilən tibbi xidmətlərlə yaxından tanış olduq. Media nümayəndələri üçün xüsusi olaraq müayinələr də nəzərdə tutulmuşdu ki, bu da tədbirin praktik və faydalı tərəflərindən biri idi. Daha sonra proqram çərçivəsində Mərdəkan Qalasını ziyarət etdik. Ümumilikdə, mediatur həm məlumatlandırıcı, həm də maraqlı təəssüratlarla yadda qaldı.
Bundan əlavə qeyd edə bilərəm ki, “Azərbaycan Dəmir Yolları" QSC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən mediaturlarda yaddaqalan olması ilə fərqlənir".