Modern.az

Məşhur qəzetin qiyməti 40% artdı - SƏBƏB

Məşhur qəzetin qiyməti 40% artdı - SƏBƏB

Media

6 Yanvar 2026, 12:46

Yanvarın 5-dən başlayaraq Azərbaycanda bir sıra qəzetlər bahalaşacaq. Belə ki, hazırda “525-ci qəzet” 40 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” 40 qəpik artırılaraq 60 qəpiyə, “Novoye Vremya” 60 qəpik artırılaraq 70 qəpiyə, “Səs” 60 qəpik artırılaraq 1 manata satılır.

60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.

Modern.az-ın məlumatına görə, qiyməti qalxan qəzetlər arasında “Yeni Müsavat” da var. Qəzetin satış müdiri Ələsgər Süleymanov bunu saytımıza açıqlamasında təsdiqləyib.

O, qeyd edib ki, qəzetin qiyməti 40 qəpik artırılaraq, 1 manata çatdırılıb.

“Qəzetimiz həftəlik çap olunacaq. Hələlik 16 səhifə çap olunan qəzet hər həftənin III günləri köşklərdə olacaq. Gələcəkdə qəzet səhifələrinin artırılması gözlənilir”.

Şərq qəzetinin təsisçisi və Baş redaktoru Akif Aşırlı isə “Şərq” qəzetinin hazırda 50 qəpiyə təklif olunduğunu və qiymətin bahalaşmayacağını bildirib:

“Digər qəzetlər kimi biz də həftədə 1 dəfə nəşr olunacağıq. Burada qəzetlərdən hansısa bir gəlir əldə etmək mümkün görünmür. Ona görə də qiyməti elə 50 qəpikdə saxlamışam. Bundan sonra da qiymətlərin artması gözlənilmir. Bu gün qəzet bazarında vəziyyət tamamilə dəyişib. Köşklərdə qəzet yoxdur axı”.

“Türküstan” qəzetinin rəhbəri və Baş redaktoru Aqil Camal isə zərurət olacağı təqdirdə qəzetin qiymətini 50 qəpiyə qaldıra biləcəklərini söyləyib:

“Biz indiki vaxtda, qəzetin qiymətinin artırılması məsələsində mövcud reallıqlara və dünya təcrübəsinə baxırıq.

Məlumdur ki, hazırda qəzetlər köşkdən birbaşa satışdan daha çox abunə yolu ilə yayımlanır. Biz qiymət artırarkən abunəçilərin də fikir və maraqlarını nəzərə almalıyıq. Çünki, konkret “Türküstan” qəzeti hansısa tapşırıqla dövlət qurumlarına çoxsaylı abunəçiliklə sığortalanmayıb. Abunələrimiz fərdlər və ya ictimai qurumlardır.

İkincisi, biz görürük ki, dünyada qəzetlər simvolik qiymətə satılır. Həmçinin, mətbəə xərclərində də artım olmayıb. Yəni, qiymət artımı qəzetlərə ciddi gəlir vəd etmir.

Belə bir şəraitdə biz hələki qiymət artımına qərar verməmişik. Ümumi mənzərəyə baxacağıq. Zərurət olsa, qarşıda qəzetin qiymətini 50 qəpik edə bilərik”.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) maliyyə yardımı göstərilir.

MEDİA-nın əvvəlki müsabiqələrində isə həftədə 1 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə 5 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır