Azərbaycan jurnalistikasında peşəkarlığın, prinsipial mövqenin və milli dövlətçilik düşüncəsinin rəmzinə çevrilən “Şirməmməd Hüseynov mükafatı” bu il tanınmış jurnalist, pedaqoq və ictimai xadim Qulu Məhərrəmliyə təqdim olunub. Təqdimat mərasimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə media və ictimaiyyət nümayəndələri,tanınmış jurnalistlər iştirak edib. Çıxışlarda “Şirməmməd Hüseynov mükafatı”nın yalnız peşəkar fəaliyyətə görə deyil, jurnalistikanı tarixi yaddaş, ictimai məsuliyyət və milli düşüncə daşıyıcısı kimi qəbul edən şəxslərə təqdim edildiyi vurğulanıb. Qeyd olunub ki, bu mükafat fərdi münasibətlərə deyil, ciddi meyarlar və yekdil mövqe əsasında verilir.
Mərasim boyu Şirməmməd Hüseynovun elmi və publisistik irsinin Azərbaycan jurnalistikasında tutduğu yer xüsusi dəyərləndirilib, onun formalaşdırdığı məktəbin bu gün də yaşadığı diqqətə çatdırılıb. Qulu Məhərrəmlinin fəaliyyəti isə həmin məktəbin davamı kimi təqdim olunub.
Sonda mükafat laureatı göstərilən diqqətə və yüksək qiymətə görə təşəkkür edib, Şirməmməd Hüseynovun jurnalistikaya gətirdiyi dəyərlərin bu gün də aktuallığını qoruduğunu bildirib.