Modern.az

Mehman Cavadoğlu dəyişib: “Etdiyim səhlənkarlığın cəzasını çəkirəm” - FOTO

Mehman Cavadoğlu dəyişib: “Etdiyim səhlənkarlığın cəzasını çəkirəm” - FOTO

Media

23 Yanvar 2026, 12:52

Təxminən bir ay öncə 70 yaşı tamam olmuş tanınmış jurnalist Mehman Cavadoğlunun yeni görüntüləri yayılıb.

Modern.az saytı xəbər verir ki, qocaman jurnalist APA-ya müsahibəsində bir çox mətləblərdən – jurnalistikaya gəlməyindən, hazırkı durumundan, qəzetçilikdən və s.-dən danışıb.

Bir vaxtlar "Sovet kəndi", "Müxalifət", “Həyat”, “Azərbaycan”, “Rezonans” qəzetlərində rəhbər postlarda çalışmış gənc, enerjili Mehman Cavadoğlu artıq yaşlandığını, əvvəlki gücündə olmadığını deyib:

“Heç vaxt ağlıma gəlməzdi ki, mən 70 yaşa çatacam...
...İnsan yaşlandıqca əvvəlki həvəs, əvvəlki həyat eşqi azalır, necə deyərlər, sönməyə doğru gedir. Və başlayırsan xatirələrlə yaşamağa. İnsan gəncliyində daha çox arzularla, qocalığındasa xatirələrlə yaşayır. Yaşadığı günlərin dadınısa yalnız uşaqlıq illərində və cavanlığında çıxarır”.


O, indi nə aktiv jurnalistika ilə, nə də fəal siyasətlə məşğuldur:

 “Həmişə deyillər ha xatirələr şirindir, bu fikirdə böyük həqiqət var. Yaşlaşandan sonra insanın yaddaşında ilişib qalan nə varsa, hamısı şirinləşir - pis günlər də, yaşadığın acılar da... Halbuki bu acıları yaşayarkən hər şeydən, həyatdan da, özündən də, ətrafından da bezirdin. Ona görə də xatirənin yaxşısı, pisi yoxdur, hamısı şirindir. Həyatın özü kimi. Pis günlər olmasa, yaxşı günlərin də qədir-qiyməti bilinməz”.

Mehman Cavadoğlu podaqra xəstəliyindən əziyyət çədiyini qeyd edib:

“Podaqra xəstəliyi ilk dəfə 33 yaşımda üzə çıxdı, ayağımda tutmuşdu. Halbuki tibbi ədəbiyyatda yazılır ki, bu xəstəlik adətən 40-45 yaşdan sonra başlayır. Atamda da bu xəstəlik var idi, irsidi. Amerikada da, Tailandda da, Leninqradda da, Tiflisdə də müayinə etdirmişəm. Hər yerdə eyni sözlər, eyni dərmanlar. Tam müalicəsi yoxdur. Ömrünün axırına kimi gözləməlisən, nazıyla oynamalısan. Oynamadınsa, cəzalandırır. Mən də indi vaxtilə etdiyim səhlənkarlığın cəzasını çəkirəm”.

“Əllərim açılarsa, elə bu xəstəliyimin tarixçəsini yazaram, publisistcəsinə. Həkim kimi yox, bir xəstə kimi, yaşadığım dəhşətli əzabları...
... Son bir ildə, bir il yarımda çox əziyyət çəkmişəm. Əvvəllər bir həftə, 10 gün yatırdım, keçib keçirdi. İndi isə il yarımdır tutub buraxmır, daha bezmişəm. Nə öldürür, nə də rədd olub gedir. Demək olar ki, hər şeyə həvəsim itib...”, - M.Cavadoğlu əlavə edib.


Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. Orta təhsili İsmayıllı şəhərindəki 1 saylı məktəbdə başa vurub. 1977-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Jurnalistikaya 1978-ci ildə "Sovet kəndi" qəzetində müxbirliklə başlayıb, 1988-ci ilə kimi burada çalışan M.Cavadoğlu şöbə müdiri vəzifəsinə yüksəlib.

1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən - Azərbaycan Xalq Cəbhəsi (AXC) yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin yayılmasında iştirak edib.

1991–1992-ci illərdə "Müxalifət" qəzetinin redaktoru olub.

1991-ci ildə AXC Ali Məclisinin üzvü seçilib. 1992-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olmuş "Azərbaycan" qəzetinin bərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru işləyib.

1993-cü ilin avqust ayında Müsavat Partiyasına üzv olub. Həmin ilin sentyabr ayında partiyanın Divan üzvü və Mətbuat və informasiya məsələləri üzrə katibi seçilib.

1996–1998-ci illərdə müstəqil "Rezonans" qəzetinin baş redaktoru işləyib.

2001-ci ildə Müsavat Partiyasının 6-cı qurultayında partiya idarəçiliyində həyata keçirilən struktur dəyişikliyindən sonra Müsavat başqanının müavini təyin olunub.

Jurnalist fəaliyyətinə görə "Qızıl qələm" və "Müstəqillik dövrünün jurnalisti" mükafatlarını alıb, rəhbərlik etdiyi "Rezonans" qəzeti və Müsavat Partiyasının mətbuat xidməti isə Yeni Nəsil Jurnalistlər Birliyinin "Media açarı" mükafatına layiq görülüb.

2015-ci ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına üzv olsa da, sonra yenidən Müsavat Partiyasının sıralarına qayıdıb. Hazırda patrtiyada sıravi üzv kimi qalır. O, qocalığa görə pensiya alır.

2019-un yanvarında Mehman Cavadogluna ağır itki üz verib. Vaxtilə bir yerdə işləyərkən sevib ailə qurduğu həyat yoldaşı Lətafət xanım vəfat edib. Onların övladları dünyaya gəlməyib.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır