Son illər Azərbaycan televiziya məkanında yayımlanan şou və sosial proqramlarla bağlı ictimai müzakirələr intensiv xarakter alıb. Tənqidlərin əsas hədəfi verilişlərin bayağılaşması, aparıcıların peşə etikası çərçivəsindən kənara çıxması, efirə dəvət olunan bəzi müğənni və ictimai fiqurların davranış standartlarına əməl etməməsi, eləcə də qeyri-etik ifadələrin normaya çevrilməsidir. Xüsusilə üç televiziya kanalında – Space TV, ARB TV və qismən ATV-də yayımlanan müəyyən proqramlar bu müzakirələrin mərkəzində dayanır.
Bu fonda iki əsas yanaşma formalaşır. Birinci yanaşma konkret verilişləri və aparıcıları hədəf alaraq problemi fərdi və lokal xarakterli hesab edir. İkinci yanaşma isə məsələni daha geniş kontekstdə – dövlətin media siyasətinin nəticəsi kimi təqdim etməyə çalışır. Əslində peşəkar akademik baxış tələb edir ki, emosional yanaşmalardan uzaq duraraq, struktur, institusional və bazar amilləri ilə birlikdə mövcud duruma qiymət verilsin, təhlil süzgəcindən keçirilsin. Media tədqiqatlarında geniş istifadə olunan “struktur – agent – bazar” modeli də göstərir ki, hər hansı neqativ tendensiyanı yalnız bir amillə izah etmək metodoloji səhvdir. Dövlət siyasəti, media sahiblik forması, reklam bazarının həcmi, redaksiya mədəniyyəti və auditoriya tələbatı paralel şəkildə təhlil edilməlidir. Əks halda məsələ populist şüar səviyyəsində qalır.
İlk növbədə vurğulamaq lazımdır ki, son dövrdə Azərbaycan media siyasətində və televiziya məkanında mühüm struktur dəyişiklikləri həyata keçirilib. Məsələn, AzTV-nin məzmun və format baxımından yenilənməsi, daha analitik və eyni zamanda məzmunlu ictimai-siyasi proqramların artması diqqət çəkir. Eyni zamanda ingilisdilli xəbər kanalı olan AnewZ-un yaradılması Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin gücləndirilməsi məqsədini daşıyır. ARB24, Real TV kanalları həm xəbər, həm də analitik formatda maraqlı məzmunlar təqdim etməkdədirlər. İctimai Televiziya (İTV) son illər efir məkanında rəngarəngliyin artırılması, ictimai-siyasi debatların təşkili və sosial məsuliyyətli proqramların genişləndirilməsi istiqamətində addımlar atır. Adlarını qeyd etdiyimiz kanallarda Qarabağ mövzusu, regional təhlükəsizlik, enerji diplomatiyası, beynəlxalq münasibətlər kimi istiqamətlərdə sistemli diskurs formalaşdırılır. Bu isə göstərir ki, ümumi informasiya strategiyası populizm deyil, daha çox dövlətçilik və analitik yanaşma üzərində qurulub. Xüsusilə qeyd olunmalıdır ki, bu gün Azərbaycan mediası “özü deyib özü eşidən media” mərəzindən xilas ola bilib və artıq ölkənin səsini istənilən platformaya və ünvana çatdırmaq imkanına malikdir. Sadaladığımız faktlar göstərir ki, ümumi media siyasəti səviyyəsində məzmunun ideoloji və strateji istiqaməti ilə bağlı proseslər hansı yöndədir. Belə bir fonda ayrı-ayrı şou proqramlarda müşahidə olunan etik pozuntuları bütöv media siyasətinin böhranı kimi təqdim etmək obyektivlikdən uzaq yanaşmadır.
Tənqidlərin mərkəzində duran əsas məsələ kommersiya kanallarında yayımlanan şou və sosial proqramlardır. Xüsusilə Space TV-də Tarix Əliyevin “Tarixin bir günü”, ARB TV-də Yalçın Uğurun “Bir gün”, eləcə də ATV-də Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri tez-tez qalmaqallı məzmun, emosional manipulyasiya və qeyri-etik ifadələrlə gündəmə gəlir.
Mövcud problemlərin mərkəzində aparıcı fenomeni də dayanır. Bu proqramlarda müşahidə olunan əsas problemlər kimi aparıcının moderator yox, hakim roluna keçməsini, studiyada emosional qarşıdurmaların süni şəkildə stimullaşdırılmasını, şəxsi həyatın ifrat dərəcədə ifşasını, hətta bəzi hallarda reytinq naminə etik normaların pozulmasını müşahidə edirik. Məsələ təkcə ayrı-ayrı aparıcıların davranışında və ya konkret epizodlarda deyil, problem formatın özünün kommersiya məntiqi ilə strukturlaşmasındadır.
Bəzi hallarda aparıcılar, ARB TV-də Xoşqədəm Hidayətqızı (“Səni axtarıram”), Zaur Kamal (“Həmin Zaur”), Space TV-də Tarix Əliyev (“Tarixin bir günü”), Amil Xəlil (“Gəl danış”), ATV-də Zaur Nəbioğlu (“Rəngarəng”), Zaur Baxışəliyev (“Bizimləsən”) kanalda redaksiya siyasətini faktiki olaraq öz əllərinə alır, rəhbərlik isə reytinq qorxusu səbəbindən müdaxilə etmir. Nəticədə efir məkanı fərdi ambisiyaların nümayiş meydanına çevrilir. Yuxarıda adları çəkilən verilişlərin, həmçinin ARB TV-də “Elgizlə izlə” (aparıcı Əkbər Mustafayev), XƏZƏR TV-də “Təsir dairəsi” (aparıcı Lalə Azərtaş) kimi sosial verilişlərdə aparıcıların hakim mövqe tutması, emosional hökm verməsi jurnalistikanın əsas prinsipləri – balans, neytrallıq və etik məsuliyyətlə ziddiyyət təşkil edir. Aparıcıların özlərini “hakim”, “psixoloq” və ya “ictimai qınama mexanizmi” kimi təqdim etməsi televiziya məkanını institusional legitimlikdən uzaqlaşdırır. Sosial problemlərin hüquqi və psixoloji aspektləri primitiv mühakimələrlə əvəz olunur. Aparıcının “hakim” mövqeyi tutması xüsusilə təhlükəlidir. Çünki televiziya studiyası məhkəmə zalı deyil. Hüquqi qiymətləndirmə, psixoloji diaqnoz və ictimai qınama mexanizmi bir şəxsin subyektiv mövqeyi üzərində qurulduqda, həm tərəflərin hüquqları pozulur, həm də tamaşaçıya yanlış mesaj ötürülür: guya sosial problemlərin həlli emosional təzyiq və açıq qınaq yolu ilə mümkündür.
Məsələnin digər ciddi tərəfi isə odur ki, müğənnilərin və şou-biznes nümayəndələrinin efir hegemonluğu formalaşdırılır. Bu “hegemonluq” mədəniyyət anlayışının daralmasına gətirib çıxarır. Sənət diskursu yerini dedi-qodu diskursuna verir. Müğənnilər şou verilişlərində yalnız musiqi performansı ilə deyil, daha çox şəxsi həyatları, məişət söhbətləri və qalmaqallarla gündəmə gəlirlər. Efirə dəvət olunan Vəfa Şərifova, Şəbnəm Tovuzlu, Şəbnəm Qəhrəmanova, Nəfəs, Nüşabə Musayeva, Ofelya Şabanova, Kəmalə Günəşli, Canana, Mətanət Əsədova, Arzuxanım, Mehriban Qənbərova, Kəmalə Nəsibova, Aqşin Fateh, Pünhan Piriyev, Canan, Firuzə Babayeva, Aşıq Namiq, Səidə Sultan, Günel Ələkbərova, Elvin Nəsib, Samirə Yusifova, Təranə Qumral, Rəqsanə və s. bu kimi müğənnilər bəzən süni ssenarilər, dramatik səhnəciklər və ailə münaqişələri ilə tamaşaçının diqqətini cəlb etməyə çalışırlar. Nəticədə gənc auditoriya üçün rol modeli kimi təqdim olunan simalar intellektual və peşəkar göstəricilərlə deyil, qalmaqal potensialı ilə seçilir. Bu isə uzunmüddətli perspektivdə ictimai estetik zövqün və mədəni tələbatın aşağı düşməsinə səbəb ola bilər.
“Sosial veriliş” adı altında yayımlanan proqramlar ilkin olaraq maarifləndirici və ictimai problemlərin həllinə yönəlmiş format kimi nəzərdə tutulur. Lakin praktikada bu proqramların bir qismi psixoloji sensasiya və dramatik nümayiş meydanına çevrilir. Studiyada ailədaxili münaqişələrin açıq şəkildə müzakirəsi, şəxsi məlumatların ifşası, tərəflərin emosional təzyiq altında saxlanılması jurnalist etikasının prinsiplərinə uyğun gəlmir. Belə hallarda veriliş sosial problemlərin həll platforması deyil, emosional tamaşa obyektinə çevrilir.
Bu isə iki səviyyədə təhlükə yaradır: fərdi səviyyədə – şəxsi həyatın toxunulmazlığı pozulur; ictimai səviyyədə – konflikt mədəniyyəti normallaşdırılır, hətta ən qorxulusu, efir vasitəsi ilə legitimləşdirilir! Konfliktin normallaşdırılması cəmiyyətin ünsiyyət mədəniyyətinə də sirayət edir. Unutmaq olmaz ki, televiziya davranış modeli formalaşdıran güclü vasitədir. Əgər efirdə aqressiv ton, qışqırıq və qarşılıqlı təhqir adi hala çevrilirsə, bu, sosial münasibətlərə də təsir göstərir.
İTV-nin “Sabaha saxlamayaq” proqramında bu məsələlərin müzakirəsi ictimai debat baxımından əhəmiyyətli addım idi. Lakin proqramın birtərəfli təşkil olunduğunu, problemin mahiyyətinin tam obyektiv təqdim edilmədiyini də qeyd etmək lazımdır. Burada mühüm məqam ondan ibarətdir ki, İctimai Televiziya dövlət büdcəsindən maliyyələşir və nisbətən sabit maliyyə imkanlarına malikdir. Üstəlik, reklamdan, xüsusilə eksklyuziv translyasiyalardan əldə edilən reklamdan gəlir götürür. Kommersiya kanalları isə günü-gündən daralan reklam bazarından asılıdır. Digər tərəfdən, yayıma görə ödənişlərin artması, həyat səviyyəsinin yüksəlməsi ilə şərtlənən maaş azlığı problemi bu kanalların maliyyə sabitliyini ciddi şəkildə təhdid edir. Bu fərq müzakirələrdə nəzərə alınmalıdır. Dövlət büdcəsi ilə təmin olunan və komfort zonada outran qurumun bazar şərtlərində fəaliyyət göstərən kanallara normativ dərs keçməsi həmkar münasibətləri baxımından da məqbul hesab oluna bilməz.
Lakin bu arqumentin özü də sözügedən verilişlərdə mövcud olan etik pozuntulara haqq qazandırmır. Maliyyə çətinliyi qeyri-etik davranış üçün əsas ola bilməz.
Akademik yanaşma tələb edir ki, “sistem problemi” ilə “institusional yayınma” anlayışları fərqləndirilsin. Əgər dövlətin media siyasəti bütövlükdə sensasiyaya, etik normadan kənar məzmuna və bayağılığa təşviq etsəydi, bu tendensiya bütün kanallarda eyni dərəcədə müşahidə olunardı. Lakin reallıq göstərir ki, daha ciddi və analitik kontentə üstünlük verilir, hətta bu proses təşviq edilir.
Deməli, problem daha çox kommersiya yönümlü bəzi kanalların redaksiya siyasətində və daxili nəzarət mexanizmlərindədir. Bu kanalların özəl olması onların ictimai məsuliyyətdən azad olması demək deyil. Və ya bu nöqteyi-nəzərdən kommersiya maraqları, reytinq yalnız televiziya kanallarının maliyyə məntiqi ilə izah oluna bilməz, o, həm də televiziya məzmununun sosial-mədəni funksiyasının sıxışdırılmasına gətirib çıxarır. Şou verilişləri əyləndirmə funksiyasını yerinə yetirə bilər, ancaq bu, etik və peşə standartlarının üstündə olmamalıdır. Efir məkanı ictimai resurs kimi qəbul edilməli və onun mədəniyyətə, ailə dəyərlərinə və ümumi ictimai etikaya təsiri ciddi nəzərdən keçirilməlidir.
Televiziya efiri ictimai resursdur və ictimai dəyərlərin qorunması hüquqi və etik öhdəlikdir!
Bu mənada Azərbaycan televiziya məkanında mövcud problemləri ümumi media siyasətinin böhranı kimi təqdim etmək metodoloji baxımdan düzgün deyil. Bir çox kanallarda və özəl platformalarda aparılan məzmun yenilənməsi və strateji istiqamət dəyişiklikləri bunu əyani şəkildə göstərir.
Problem daha çox konkret kommersiya kanallarında redaksiya nəzarətinin zəifliyi, reytinq yönümlü populizm və aparıcı hegemonluğu ilə bağlıdır. Deməli, kanal rəhbərlikləri daxili nəzarət və etik standartları gücləndirməlidir, tənzimləyici qurumlar selektiv yox, prinsipial mövqe tutmalıdır, ictimai debat isə emosional ittiham yox, faktoloji və analitik əsasda aparılmalıdır. Televiziya yalnız kommersiya platforması deyil, həm də ictimai institutdur. Onun əsas funksiyası reytinq toplamaq deyil, cəmiyyətin informasiya təhlükəsizliyini, mədəni səviyyəsini və sosial balansını qorumaqdır.
Sistem yaxşı işləyir. Lakin sistemdən kənara çıxan seqmentlər mövcuddur. Bu seqmentlərin islahı isə həm institusional məsuliyyət, həm də ictimai nəzarət tələb edir!
Elman BABAYEV
Əməkdar jurnalist