Aprelin 2-də Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində "Azərbaycan Türk Ocağı"nın təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimetmə mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbiri fakültənin dekanı, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açaraq Qənirə Paşayevanın zəngin jurnalist fəaliyyətindən və media sahəsinə verdiyi töhfələrdən bəhs edib.
"Azərbaycan Türk Ocağı"nın başqanı, Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında Qənirə Paşayevanın ictimai-siyasi və media fəaliyyətinə toxunub. Bildirib ki, Qənirə Paşayeva yalnız peşəkar jurnalist deyil, eyni zamanda milli dəyərlərin qorunması və təbliği istiqamətində yorulmadan çalışan fədakar ziyalı, jurnalistika sahəsində gənclər üçün nümunə idi.
A.Aşırlı qeyd edib ki, Qənirə Paşayevanın adı bağlı ilə təsis edilən bu mükafatın əsas məqsədi gənc jurnalistləri dəstəkləmək, onların peşəkar inkişafına töhfə vermək və bu sahədə yeni, istedadlı kadrların formalaşmasına stimul yaratmaqdır. O, mükafatın builki qalibi- III kurs tələbəsi Nuray Məmmədrzayevanı təbrik edib.
Mükafatın qalibi Nuray Məmmədrzayeva çıxışında bu mükafatı almağın onun üçün böyük uğur və şərəf olduğunu bildirib.
Tədbirin sonunda Qənirə Paşayeva adına mükafat builki qalibinə - Nuray Məmmədrzayeva təqdim edilib. O, diplom və pul mükafatı ilə təltif olunub.