Son günlər qızılın bahalaşdığı müşahidə edilir. Yalnız qızıl deyil, digər qiymətli metalların da dəyəri artıb. Hətta bu artımlar rekord həddə çatıb.
Modern.az qızıl bazarında son vəziyyət və gözləntilərlə əlaqədar Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanovla həmsöhbət olub.
- Rövşən müəllim, dünya bazarında qızılın qiyməti hansı həddə qədər qalxa bilər?
- Son günlərdə dünya maliyyə bazarlarında qiymətli metalların qiymətləri rekord səviyyələrdə ticarət olunur. Xüsusilə qızıl bazarında sürətli artım müşahidə edilir. Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3900 ABŞ dollarını keçib. Analitiklərin fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti, yüksək inflyasiya riskləri və qlobal qeyri-müəyyənliklər fonunda qızılın qiymətində əlavə artım ehtimalı böyükdür. Unsiya üçün psixoloji hədd 4000 ABŞ dolları hesab olunur və yaxın dövrdə bu həddin də aşılması mümkündür.
- Digər qiymətli metalların qiymətində hansı dəyişikliklər müşahidə olunur?
- Gümüşün qiyməti 14 ildən sonra ən yüksək həddə çataraq 47 ABŞ dollarını keçib. Bu artım həm spekulyativ amillərlə, həm də sənaye tələbinin yüksəlməsi ilə bağlıdır. Platin isə 1600 dollar civarında qərarlaşaraq son 12 ilin rekordunu yeniləyib və ilin sonuna qədər 1700 dollar diapazonunda sabitləşə bilər.
- Hazırda Azərbaycanın qızıl bazarında vəziyyət necədir?
- Qlobal artım tendensiyası yerli bazara da təsirsiz ötüşməyib. Hazırda 999,9 əyar qızılın bir qramı təxminən 205 manat, 750 əyar qızıl 153 manat, 585 əyar qızıl isə 120 manat civarında satılır. Son bir ildə Azərbaycanda da qızılın qiymətində nəzərəçarpacaq artım qeydə alınıb. Bütün əyar kateqoriyalarında satış qiymətləri əvvəlki dövrlə müqayisədə yüksəlib. Belə ki, 585 əyarlı qızıl məmulatlarının satış qiyməti hazırda 140–160 manat arasında dəyişir. 750 əyarlı qızıl məmulatlarının qiyməti isə 180–210 manatdır. Ən yüksək keyfiyyət göstəricisinə malik 999,9 əyarlı qızıl məmulatlarının satış qiyməti isə 220–240 manata çatıb. Bu da əvvəlki dövr göstəricilərindən yüksəkdir.
- Hansı növ qızıla tələbat daha çoxdur?
- 585 və 750 əyar qızıla tələbat daha çox müşahidə olunur. Bunun səbəbi həm qiymətlərin daha əlçatan olması, həm də gündəlik zərgərlik məmulatlarında geniş istifadə edilməsidir. Saf qızıl (999,9 əyar) isə əsasən investisiya və yığım məqsədilə alınır.
- Bəs qiymətli daş bazarında vəziyyət necədir?
- Burada fərqli mənzərə müşahidə olunur. Təraşlanmış almazların (brilyant), eləcə də digər qiymətli daşların -zümrüd, sapfir, yaqut və aleksandritin qiymətlərində artım qeydə alınmayıb. Bu bazarın sabitliyi beynəlxalq almaz birjalarının fəaliyyəti və tələb-təklif balansı ilə bağlıdır.
- Azərbaycanın qiymətli metallar sektorunda ümumi inkişaf necədir?
- Son illərdə ölkəmizdə həm hasilat, həm də ixrac göstəricilərində nəzərəçarpacaq artım müşahidə olunur. Eyni zamanda, bazarda satılan zərgərlik məmulatlarının təxminən 70%-i artıq yerli istehsaldır ki, bu da daxili istehsalın inkişaf etdiyini göstərir.