Qadınlarda sonsuzluq problemi bu gün cəmiyyətimizdə həm tibbi, həm də psixoloji baxımdan müzakirə olunann mühüm mövzulardan biridir. Belə ki, müxtəlif hormonal pozğunluqlar, reproduktiv orqanlardakı problemlər və həyat tərzi amilləri qadının hamilə qalmaq imkanını azalda bilər. Beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də bu problemə rast gəlinir.
Modern.az saytı qadınlarda baş verən sonsuzluq problem ilə bağlı cərrah mama-ginekoloq Fəxrəndə Rəsulova ilə həmsöhbət olub.
- Son illərdə “sonsuzluq” diaqnozu daha çox səslənir. Sizcə, bu artımın əsas səbəbi nədir? Tibbin inkişafı ilə diaqnozların dəqiqləşməsində, yoxsa doğrudan da qadın reproduktiv sağlamlığında geriləmədə?
- Düzünü desək, burada hər iki amil rol oynayır. Bir tərəfdən tibbin, xüsusilə də laborator və diaqnostik imkanların inkişafı nəticəsində artıq problemləri daha erkən və dəqiq aşkarlamaq mümkündür. Əvvəllər “səbəbi bilinməyən sonsuzluq” kimi dəyərləndirilən hallar indi konkret diaqnozlarla izah olunur. Digər tərəfdən isə təəssüf ki, qadın reproduktiv sağlamlığında geriləmə də müşahidə olunur. Cinsi yolla keçən infeksiyaların çoxalması, hormonal disfunksiyalar, həyat tərzinin dəyişməsi bu artımda mühüm rol oynayır. Bəzən cütlüklər ailə qurmadan öncə lazım olan müayinələrdən keçmir, nəticədə sonradan ciddi problemlərlə üzləşirlər.
- Qadınlarda uşaq dünyaya gətirməyə ən çox hansı tibbi və ya həyat tərzi amilləri mane olur?
- Əslində, bu məsələdə həm tibbi, həm də sosial amillər iç-içədir. Ən önəmli faktorlardan biri ailələrin maliyyə və sosial vəziyyətidir. Gərgin iş qrafiki, daimi stress, qeyri-sağlam qidalanma, siqaret və alkoqol istifadəsi, gec yatmaq, fiziki aktivliyin az olması kimi amillər qadının hormonal balansına ciddi təsir göstərir. Hormonal disfunksiya, yumurtalıq rezervinin azalması, endometrioz, boruların keçməzliyi kimi tibbi səbəblər də geniş yayılıb. Bütün bunlar bir yerdə sonsuzluğa gətirib çıxara bilir. Sağlam həyat tərzi və vaxtında müayinələr isə bu risklərin əksəriyyətini azalda bilər.
- Bəzən qadınlar illərlə müalicə alsa da, amma nəticə əldə olunmur. Bu kimi hallarda əsas məsuliyyət kimdə olur - pasiyentin özündə, yoxsa həkimin yanaşmasında?
- Açığı, bu suala birmənalı cavab vermək çətindir, çünki hər iki tərəfdən qaynaqlanan problemlər var. Bəzən həkim tərəfindən düzgün diaqnoz qoyulmur, səbəb tam başqa yerdə axtarılır, yaxud lazımi ardıcıllıqla müalicə planı qurulmur. Digər hallarda isə pasiyentlər maliyyə və ya vaxt çatışmazlığı səbəbindən müalicəni yarımçıq saxlayır, verilən tövsiyələrə riayət etmirlər. Sonsuzluq müalicəsində səbr, ardıcıllıq və düzgün yanaşma çox vacibdir.
- Sonsuzluq mövzusunda cəmiyyətdə hələ də tabu və yanlış fikirlər çoxdur. Sizcə, bu stereotiplər qadınların müalicəyə vaxtında müraciət etməsinə necə təsir edir?
- Təəssüf ki, bu gün də bəzi ailələrdə belə yanaşma qalır. Qız övladında menstrual pozğunluq, hormonal problem və ya digər ginekoloji əlamətlər müşahidə olunsa da, “el nə deyər” qorxusu ilə həkimə aparılmır. Bu isə sonradan, ailə qurduqdan sonra ciddi reproduktiv problemlərə səbəb olur. Cəmiyyətimizdə hələ də sonsuzluq yalnız qadınla əlaqələndirilir, amma reallıqda bu, hər iki tərəfə aid olan bir problemdir. Maarifləndirmə işləri və düzgün məlumatlandırma cür stereotipləri sındırmaq üçün çox önəmlidir.
- Texnologiyanın inkişafı ilə süni mayalanma üsulu da ölkəmizdə getdikcə daha çox yayılır. Siz bu metodu necə qiymətləndirirsiniz? Beynəlxalq təcrübə ilə müqayisədə ölkəmizdə vəziyyət necədir?
- Süni mayalanma müasir tibbin ən mühüm nailiyyətlərindən biridir və bir çox ailə üçün yeganə ümiddir. Ölkəmizdə də bu sahədə ciddi irəliləyişlər var, belə ki, təcrübəli mütəxəssislər, müasir laboratoriyalar, yeni texnologiyalar tətbiq olunur. Lakin etiraf etməliyik ki, bəzən bu sahə sırf maliyyə məqsədi ilə sui-istifadə edilir. Bəzi hallarda pasiyentlər tam müayinə olunmadan və lazımi hazırlıq mərhələləri keçilmədən süni mayalanmaya yönləndirilir. Bu isə həm uğursuz nəticələrə, həm də ailələrin həm maddi, həm də psixoloji cəhətdən itkilərinə səbəb olur. Doğru yanaşma odur ki, cütlük əvvəlcə hərtərəfli müayinə olunsun, səbəb müəyyənləşdirilsin, yalnız bundan sonra süni mayalanma qərarı verilsin.
- Son olaraq, sonsuzluqdan əziyyət çəkən xanımlara hansı tövsiyələri verərdiniz?
- Əgər artıq iki ilə yaxındır ailəlisiniz və hamiləlik baş vermirsə, mütləq həkimə müraciət edin. Hər iki partnyor birlikdə müayinədən keçməli və bir-birinə dəstək olmalıdır. Ən vacibi, səbəbi düzgün tapmaq və müalicəni ardıcıl aparmaqdır. Tam müalicə olunduqdan sonra isə hamiləlik planlamalarını məsləhət görərdim. Unutmayaq ki, sonsuzluq diaqnozu ümidsizlik demək deyil - sadəcə, səbəbin müəyyənləşdirilib düzgün istiqamətdə addım atmaq lazımdır. Tibbin bu günkü imkanları ilə bir çox hallarda belə uğurlu nəticə əldə etmək mümkündür.