General-mayor Fəxrəddin Cəbrayılov Azərbaycanın hazırda həyatda olan Milli Qəhrəmanlarından biridir. O, Birinci Qarabağ müharibəsi dövründə Raquf Orucov və Polad Həşimovun komandiri də olub.
Modern.az saytı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovla müsahibəni təqdim edir:
- Peşəkar hərbçilərin bu sahəyə gəlməsində ailə ənənəsinin də rolu olur. Sizin atanız da hərbi həkim olub.
- Bəli, atam hərbi həkim olub. 31 il sovet ordusunda xidmət edib. Ona görə də mən məktəbi bitirəndən sonra qərar verdim ki, hərbiçi olum. O vaxt Bakıda iki ali hərbi məktəb var idi: biri Ali Ümumqoşun Məktəbi, digəri isə Dənizçilər məktəbi. Mən Ümumqoşun Məktəbinə sənəd verdim. Açığı, atam buna razı deyildi. Amma mən israr etdim və hərbi məktəbə daxil oldum.
Maraqlıdır ki, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində həmin illərdə azərbaycanlılar çox az idi. Təsəvvür edin, oxuduğum qrupda 26 nəfərdən yalnız mən azərbaycanlı idim. Digərləri əsasən Rusiya, Belarus və Ukraynadan gəlmişdilər.
Ulu öndər 1994-cü ildə Bərdəyə səfəri zamanı məni icra başçısının kabinetinə çağırdı. Uzun söhbət oldu və məndən soruşdu: “Səni tanımıram, qalx tərcümeyi-halını danış”. Mən də hərbi məktəbi bitirdiyimi söylədim. Sonra soruşdu ki, məzun olduqdan sonra hara göndərilmisən... Bildirdim ki, Almaniyada yerləşən sovet ordusuna məxsus hərbi hissəyə taqım komandiri təyin olunmuşam.
Bu zaman Heydər Əliyev üzünü həmin vaxtkı müdafiə naziri Məmmədrəfi Məmmədova, eləcə də Nəciməddin Sadıqova, Nurəddin Sadıqova və Arif Rəhimzadəyə tutaraq dedi ki, Azərbaycan zabitlərinin respublikadan kənarda xidmət etməsi onun təklifi olub. Mən də əlavə etdim ki, tarixdə ilk dəfə bizim buraxılış mərasimimizi Lenin meydanında siz keçirmisiniz.
Ulu öndər məndən soruşdu ki, buraxılışda leytenant poqonunu sənə kim verdi? Cavab verdim ki, sizin ikinci katibiniz Yuri Puqaçov. Bundan sonra aramızda uzun və ciddi söhbət oldu. Söhbət əsasən Gəncə ilə bağlı idi.

- Daha sonra Birinci Qarabağ müharibəsi dövründə Gəncənin müdafiəsini Heydər Əliyev sizə tapşırdı…
- Heydər Əliyev məndən soruşdu ki, sən Gəncəni saxlaya biləcəksən, ya yox? Söhbət 1994-cü il aprelin 9-dan gedir. Həmin vaxt o, Gəncədəki bütün hərbçiləri, polisi, prokurorluq əməkdaşlarını, hüquq-mühafizə orqanlarının rəhbərlərini bir yerə toplamışdı. Amma bundan əvvəl məni ayrıca çağırmışdı. Dedi ki, Moskvadan xəbər var, ermənilər Gəncəyə hücum edə bilərlər. Sən Gəncəni saxlaya biləcəksən, ya yox? Məsələ son dərəcə ciddi idi.
Ulu öndər çox narahat idi. Aprelin 9-u müzakirələr aparıldı, ayın 10-dan isə mənə hər gün zəng etməyə başladı. Düz 40 gün ərzində hər gün maraqlanırdı, hansı yüksəklikləri almısınız, hansı irəliləyişlər var və sair. Aprelin 21-də zəng edib soruşdu ki, niyə özünü təqdim etmirsən. Soruşdum ki, nə mənada? Dedi ki, Müdafiə Nazirliyi sənə polkovnik rütbəsi verib. Cavab verdim ki, bu, sizin təklifinizlə olub. Məni təbrik etdi.
- 2017-ci ilə qədər xidmət etmisiniz. Deyirlər ki, komandir olmağın həm müsbət, həm də çətin tərəfləri var. Bir az da sizdən eşidək.
- Sülh dövründə komandir olmaq nisbətən asandır. Bilirsən ki, əsgərlərin sağdır. Amma müharibə vaxtı tamam başqa məsuliyyətdir. Mənim xidmət etdiyim briqada 4 464 nəfərdən, 7 motoatıcı bölmədən ibarət idi. Murovdağda isə elə sərt soyuq olurdu ki, bunu təsəvvür etmək çətindir. Qar o qədər çox idi ki, əsgərlərimi iki dəfə qar aparmışdı, onları iki gün sonra tapa bildik. Yeddi nəfərdən üçü donaraq şəhid olmuşdu, dördünün isə ayaq barmaqları amputasiya edildi.
Yüksəkliklərdə oksigen azalır, insanı yuxu tutur. Baxmayaraq ki, o vaxt gənc idim, mən də çətinlik çəkirdim. Yaralı bir hərbçini hospitala aparmaq üçün səkkiz nəfərin köməyinə ehtiyac olurdu. Müharibə dövründə komandir olmaq həm də psixoloji cəhətdən ağırdır. Daim fikirləşirsən ki, bəlkə əməliyyatı düzgün planlaşdırmamısan və nəticədə bu qədər şəhid vermisən. Gizlətmirəm, dörd ay ərzində 208 şəhid verdik. Bu, çox böyük itkidir.
Bütün bu çətinliklərə baxmayaraq, bütün Azərbaycan bizə dəstək olurdu. Məktəblilər corab toxuyub göndərirdilər, içərisinə də adlarını yazırdılar. Belə məqamlar məni çox kövrəldirdi. Bütün Azərbaycanın ürəyi bizimlə idi. Yalnız sərt və soyuq hava şəraiti bizi ciddi şəkildə çətin vəziyyətdə qoyurdu.

- 1994-cü ildən etibarən atəşkəsin davamlı pozulması ilə bağlı xəbərlər səngimirdi. Amma reallığın fərqli olduğunu biz sonralar öyrəndik. Kəşfiyyat fəaliyyəti, əsir götürülməsi prosesi… Cəbhə bölgəsində xidmət edən komandir kimi həmin günləri necə xatırlayırsınız?
- Atəşkəs elan edildikdən sonra da kəşfiyyat fəaliyyətimiz davam edirdi. Biz torpaqlarımızı itirmişdik və təbii olaraq sual yaranırdı: bundan sonra nə olacaq? Faktiki olaraq heç nə dəyişmirdi. Horadizi boşaltdıq, ayrı-ayrı istiqamətlərdən mövqelərimizi geri çəkdik. Hərbçi kimi bundan narazı idik, çünki müharibə faktiki olaraq davam edirdi.
Açıq şəkildə tanklardan istifadə etməsək də, minaatanlardan və toplardan atəş açılırdı. Əslində, 44 günlük müharibəyə biz 30 il hazırlaşmışdıq. Cənab Prezident ordunun silahlanmasına xüsusi diqqət yetirdi, zabitlərimiz və gizirlərimiz xaricdə təhsil alıb qayıdırdılar.
Hərbçilər öz yerində, amma biz bu gün də dərk edirik ki, bu müharibəni Ali Baş Komandan qazandı. Bir sıra siyasi və regional məsələlər var idi ki, onlar bizim üçün ciddi problemlər yarada bilərdi. Lakin Ali Baş Komandan bu riskləri düzgün idarə etdi və nəticədə torpaqlarımız geri qaytarıldı.
- Siz Şəhid polkovnik Raquf Orucovun da komandiri olmusunuz…
- Raquf Orucov əslən Ağdamdandır. 1992-ci ildə anası kənddən çıxarkən uşaqlarını qorumaq istəyib. Bu zaman ermənilər minaatanla atəş açıb və anası şəhid olub. Həmin gündən Raquf hərbçi olmaq qərarına gəlib. SSRİ dövründə Özbəkistanda xidmət edib. SSRİ dağılandan sonra geri qayıdıb, Ağdam taborunda döyüşüb. Daha sonra Ali Ümumqoşun Məktəbinə daxil olub, iki il oxuyandan sonra kiçik leytenant rütbəsi alıb.
Raquf atəşkəs dövründə, 1995-ci ildə yanımıza gəldi. Mən onu tağımın kəşfiyyat komandiri təyin etdim. Avqustun 13-də dağlarda güclü duman olan vaxt yeddi nəfər - bir çavuş və altı əsgər - posta qalxarkən yolu azıb Kəlbəcərin kəndlərindən birinə düşüblər. Çavuş əsgərlərin bir neçəsinin itdiyini anlayıb onların ardınca gedib və o da əsir düşüb. Əsgərlər çavuşun geri qayıtmadığını görüb geri dönmək istəsələr də, ermənilərin postuna çıxıblar. Həmin gün biz də onları axtarırdıq.
Ertəsi gün ermənilər xəbər göndərdilər ki, əsgərləriniz bizdədir. Bir həftə danışıqlar apardıq. Altı əsgəri qaytardılar, amma dedilər ki, çavuş Şuşa həbsxanasındadır və onu verməyəcəklər. Mən dərhal müdafiə naziri ilə əlaqə saxladım. Həmin vaxt nazir Səfər Əbiyev idi. İcazə istədim ki, iki kəşfiyyat qrupu göndərək, qarşı tərəfdən əsir götürək və əsirləri dəyişək. Əvvəl razılıq vermədi. Dedim ki, məsələ Ulu öndərə məruzə edilsin. O vaxt atəşkəs artıq elan olunmuşdu və hər hansı insident yeni döyüşlərin başlanmasına səbəb ola bilərdi. Nəticədə icazə verildi.
Kəşfiyyat bölüyünün zabitlərini çağırdım. Onlardan biri Raquf Orucov idi. Sağ və sol istiqamətlərdən hərəsi 11 nəfərdən ibarət iki qrup göndərildi. Sol istiqamətdən gedən qrup iki dəfə cəhd etdi, nəticə olmadı. Amma Raqufun qrupu Qarabağ zonasını keçərək birbaşa Ermənistana, Göyçə gölü ətrafında yerləşən Vardenisə (Basarkeçər-müəl.) qədər irəlilədi. Burada yalnız qəhrəmanlıq və qorxmazlıqdan danışmaq olar.
Rabitə dağlıq əraziyə görə işləmirdi. Bizim kəşfiyyatçılar 10 gün sonra üç nəfər erməni gətirdilər.
Ertəsi gün ermənilər mənə zəng edib dedilər ki, bilirik onlar sizdədir, gəlin əsirləri dəyişək. Əvvəl üç, sonra beş nəfərə razılaşdılar. Mən məsələni müdafiə nazirinə çatdırdım. O dedi ki, əgər 30 nəfər verirlərsə, dəyişək. Dedim ki, buna getməzlər. Bir müddət sonra xəbər göndərdilər ki, təkcə çavuş yox, mart ayında yaralanan başqa bir əsgər də bizdədir. Sənədlərə baxdım, doğrudan da həmin hərbçi mart ayından itkin kimi qeyd olunmuşdu.

Bizim qaydalara görə əsirləri bir gündən artıq saxlamaq olmazdı. Cənab Prezident Heydər Əliyev müdafiə naziri Səfər Əbiyevə tapşırıq verdi və helikopterlə gətirib onları apardılar.
Bir həftə keçdi. Əsirlikdə olan çavuşun anası hər gün gəlirdi, ağlayırdı. Raquf Orucovun gətirdiyi üç nəfər erməni barədə müdafiə nazirindən soruşdum, dedi ki, artıq məsələyə Milli Təhlükəsizlik Nazirliyi baxır. İcazə alıb ora müraciət etdim. Ertəsi gün oradan nazir müavini zəng etdi, yenə 30 nəfərlə dəyişmə məsələsini qaldırdı. Dedim ki, bu, mümkün deyil, razı deyilsinizsə, birbaşa Ulu öndərə məruzə edəcəyəm.
İki gün sonra MTN-in Gəncə şəhər şöbəsinin rəisi Tofiq Babayev mənə qəzetləri göndərdi. Baxdım ki, yaralı çavuş və daha üç hərbçi dəyişdirilib. Yenə də inanmadım, bir zabitimi Bakıya göndərdim. Ertəsi gün çavuşu da götürüb geri qayıtmışdı. Dedilər ki, azad olunmuş digər hərbçilər hospitaldadır. Əsas olan o idi ki, əsgərlər bildi ki, biz onları tək qoymuruq.
Bu əməliyyatda Ulu öndər Heydər Əliyev başda olmaqla müdafiə naziri Səfər Əbiyev, korpus komandiri Şair Ramaldanovadək hamı iştirak etmişdi. Mən Raquf Orucovun mükafatlandırılması üçün təqdimat da vermişdim, amma nədənsə reallaşmadı.
1996-cı ildə Bakıya gələndən sonra da Raquf dəfələrlə kəşfiyyata gedirdi. Ona “Murovdağ qartalı” deyirdilər. Həqiqətən qartal idi, çox ciddi zabit idi.
Raqufda zərrəcə qorxu yox idi. Kəşfiyyatçılıq sanki onda fitri idi. Zabit peşəkarlığı ilə bərabər onda güclü hissiyat da var idi. Milli kadr idi.
Əsgərlər danışırdı ki, Raquf ruh kimi sakitcə gəlib tapşırığını verirdi və birdən-birə gözdən itirdi. Onun çox böyük gələcəyi var idi. İnanırdım ki, general rütbəsinə qədər yüksələcək. Briqada komandiri də olub, Talış döyüşlərində kəşfiyyat bölməsinin rəhbəri də. Dəfələrlə təklif olunsa da, Raquf heç vaxt arxa cəbhədə xidmət etməyə razı olmadı. Bəlkə də razı olsaydı, indi sağ idi. Bu da qismətdi...
Bu gün ailəsi, övladları onunla fəxr edir. Mən də fəxr edirəm. Onların hərbi hissəyə gəlməsi yaxşı yadımdadır. Raquf Orucov və Polad Həşimov ikisi birlikdə gəlmişdilər. Hər ikisi kiçik leytenant rütbəsində mənim briqadama gəlmişdi və hər ikisinin komandiri olmuşam. Mənim dövrümdə zabit kimi formalaşdıqları üçün qürur duyuram. Allah hər ikisinə rəhmət eləsin. İkisi də qəhrəman idi və vətən üçün çalşırdılar. Əsgər heyəti də onları sevirdi. Çünki əsgərlərlə dostluq edirdilər. Əvəzsiz hərbçilər idilər.

- Bakıya gəldikdən sonra Raquf Orucovun kəşfiyyat əməliyyatları barədə məlumatınız olurdu?
- Uşaqlar həmişə danışırdılar. Biz N saylı hərbi hissədə idik, həmin hissə indi Kəlbəcərdə yerləşir. Orada xidmət edən əsgər və zabitlərimiz gəlib məlumat verirdilər. Mən də soruşurdum ki, Raquf nə edir? Deyirdilər ki, dəfələrlə kəşfiyyata çıxıb, erməniləri əsir götürüb.
Bilirsiniz, kəşfiyyat çox çətin işdir. O yolların hamısını tanımalısan, ərazi minalanıbsa, minaları zərərsizləşdirməlisən. Düşmənin postlarını dəqiq bilməlisən. Raqufdan əvvəl kəşfiyyata çıxan bir qrup mühasirəyə düşmüşdü və onlardan yalnız biri sağ qalmışdı. Amma Raqufun dövründə belə hallar heç vaxt baş vermədi. Əsgərləri özündən çox qoruyurdu.
Daha ətraflı videoda: