Modern.az saytı xarici jurnalistlərlə silsilə müsahibələrini davam etdirir. Müsahibələrdə ölkələrarası əlaqələrə həmin jurnalistlərin özəl baxışına, eləcə də həmin ölkələrdə Azərbaycan və azərbaycanlılar barədə təsəvvürləri öyrənməyə, iki ölkə arasında ortaq cəhətləri araşdırmağa çalışırıq.
Budəfəki müsahibimiz Braziliyadan olan jurnalist Roberto Fonsecadır. O, Brazliyanın nüfuzlu media quruluşu - "Correio Braziliense"ın əməkdaşı, eyni zamanda Qlobal Jurnalistlər Birliyinin (QJB) Braziliya təmsilçisidir.
Onunla müsahibəni təqdim edirik:
–Əvvəla bilmək istərdim, bu gün Azərbaycan - Braziliya münasibətlərini necə xarakterizə edərdiniz?
- Münasibətlər institusional möhkəmlənmə mərhələsindədir. Son dövrlərdə gömrük sahəsində qarşılıqlı yardım sazişləri imzalanıb, investisiyaların qorunması istiqamətində dialoqlar davam edir. Ətraf mühit əməkdaşlığı da ön plana çıxıb: Azərbaycan COP29-a (Bakı), Braziliya isə COP30-a (Belém) ev sahibliyi edir.
-Ölkəniz Cənubi Qafqaz regionunu, o cümlədən Azərbaycanı necə qiymətləndirir?
-Braziliya Cənubi Qafqazı Avropa ilə Asiyanı birləşdirən strateji körpü kimi görür. Regionun qlobal enerji təhlükəsizliyində rolu və yeni nəqliyyat marşrutları potensialı marağı artırır. Azərbaycan isə bu coğrafiyada əsas iqtisadi tərəfdaş kimi qəbul edilir.

– Braziliyada Azərbaycan haqqında hansı təsəvvürlər mövcuddur? Azərbaycanda nə qədər braziliyalı yaşayır və ya çalışır?
Azərbaycan Braziliya ictimaiyyətinə hələ geniş tanış deyil. Əsasən neft-qaz ehtiyatları və Formula 1 kimi idman tədbirləri ilə assosiasiya olunur. Azərbaycandakı braziliyalıların sayı təxminən 100 nəfərdir və əsasən diplomatlar, enerji sektoru mütəxəssisləri və idmançılardan ibarətdir. Brazilyalılar,əsasən, neft-qaz sektorunda, mühəndislik konsaltinqində və tarixən idman-futbol və futzal sahəsində fəaliyyət göstərirlər.
– İcazə verin, biraz da Braziliyanın daxili prosesləri barədə suallar verim. Məsələn, Braziliyanın qonşu ölkələrlə münasibətlərini necə xarakterizə edərdiniz?
-Bu münasibətlər güclü praqmatizm və davamlı regional inteqrasiya səyləri ilə səciyyələnir. 2026-cı ildə Braziliya “Cənubi Amerika İnteqrasiya Marşrutları” proqramına rəhbərlik edir. Bu təşəbbüs ölkəni Argentina, Paraqvay, Boliviya və Peru kimi qonşularla logistika və enerji dəhlizləri vasitəsilə birləşdirməyi hədəfləyir. Hökumətlər arasında zaman-zaman siyasi fikir ayrılıqları yaransa da, əsas prioritet iqtisadi əməkdaşlıq və regional sabitlik olaraq qalır.

– Sizcə, hazırda Brazilyanın ən aktual daxili problemi nədir?
-Ən təxirəsalınmaz məsələ fiskal balansın qorunması və inflyasiyanın nəzarətdə saxlanılmasıdır. Braziliya geniş sosial proqramları davam etdirməyə çalışarkən, eyni zamanda dövlət maliyyəsini tənzimləmək zərurəti ilə üz-üzədir. Bundan əlavə, siyasi qütbləşmə və sərhəd təhlükəsizliyi (narkotik qaçaqmalçılığı və transmilli cinayətkarlıqla mübarizə) milli gündəmin əsas mövzularındandır.
– Maraqlıdır, bu gün Braziliyada jurnalist olmaq necədir? Medianın və mətbuat azadlığının mövcud vəziyyətindən razısınızmı?
-Mənzərə kifayət qədər çətin və mürəkkəbdir. Xüsusilə 2026-cı ilin oktyabrında keçiriləcək ümumi seçkilər fonunda süni intellektin yüksəlişi ciddi narahatlıq doğurur. Kütləvi dezinformasiya riski yaradan saxta videolar geniş miqyasda istehsal edilir. Məmnunluq səviyyəsi müxtəlifdir, lakin bəzi bölgələrdə jurnalistlərin fiziki təhlükəsizliyi və ənənəvi medianın rəqəmsal platformalar qarşısında maliyyə dayanıqlığı daim narahatlıq mövzusudur.
– Braziliyada aparıcı media qurumları hansılardır və jurnalistlərin orta maaşı yetərli həyat səviyyəsi təmin edirmi?
Aparıcı media qurumlarına "Grupo Globo", "Grupo Folha" və "Estadão" daxildir. Eyni zamanda CNN, Band və SBT kimi televiziya şəbəkələri də önəmlidir. Jurnalistin orta aylıq maaşı region və ixtisaslaşmadan asılı olaraq təxminən 1000 ABŞ dollarıdır. Kiçik şəhərlərdə bu rəqəm daha aşağıdır. Böyük şəhərlərdə isə orta təbəqə səviyyəsində yaşam üçün kifayət etsə də, bir çox jurnalist əlavə fəaliyyətlə məşğul olmağa məcbur qalır.
– Braziliya iqtisadiyyatının əsas sütunları hansılardır? Əsas ixrac və idxal məhsulları nələrdir?
-Əsas sütunlar aqrobiznes, mədənçilik və xidmət sektorudur. İxrac edilən məhsullara soya, dəmir filizi, xam neft, mal əti və "Embraer" təyyarəsinin məhsullarını, idxal edilən məhsullara isə gübrələr, elektron komponentlər, emal olunmuş yanacaq və dərman vasitələrini nümunə göstərmək olar.
– Braziliyada nə qədər azərbaycanlı yaşayır və onlar hansı sahələrdə çalışırlar?
-Azərbaycan icması kiçikdir və əsasən San-Paulu və Braziliya şəhərlərində cəmləşib. Onlar daha çox diplomatiya, xarici ticarət və akademik sahədə fəaliyyət göstərirlər.

– Azərbaycandan söhbət düşmüşkən, ölkəmizi heç ziyarət etmisiniz?
-Bəli. 2024-cü ilin fevralında Bakıda və Şuşada olmuşam.
– Sizi ən çox nə təəccübləndirdi və ya təsirləndirdi?
Bakının ultra-müasir memarlığı, nümunə kimi Heydər Əliyev Mərkəzini göstərə bilərəm. Yəni ultra-müasir memarlığı ilə İçərişəhərin tarixi irsinin harmoniyası məni xüsusilə təsirləndirdi. Azərbaycan yenidən qayıtmaq arzusunda olduğum ölkədir.
– Azərbaycan və Braziliya arasında oxşarlıqlar varmı?
-Hər iki ölkənin iqtisadiyyatı təbii resurslarla sıx bağlıdır və hər ikisi iqtisadi şaxələndirmə çağırışı ilə üz-üzədir.
– Məncə, hər iki ölkənin əhalisinin yeməyə, mətbəxə xüsusi yanaşması var. Maraqlıdır, Azərbaycan və Braziliya mətbəxləri arasında oxşarlıqlar varmı?
-Bəli. Xüsusilə qızardılmış və manqalda bişirilən ət ənənəsi oxşardır. Azərbaycan kababı Braziliya barbekyusu ilə həm vizual, həm də mədəni baxımdan bənzərlik təşkil edir. Həmçinin təzə tərəvəzlərə və ənənəvi çörəyə verilən dəyər ortaqdır. Qatıq əsaslı şorbaları da çox bəyəndim.
– Azərbaycan futbolunu izləyirsinizmi?
-Çox az. Çempionlar Liqasındakı çıxışına görə Qarabağ haqqında müəyyən məlumatım var. Ötən il Braziliyanın ən populyar klubu Flamengo Azərbaycan liqasının seçilən futbolçularından Juninyo ilə müqavilə bağlamışdı. Lakin bu transfer uğurlu alınmadı və o artıq komandadan ayrılıb.
– "Qarabağ FK"nın UEFA turnirlərindəki çıxışını necə qiymətləndirirsiniz?
- "Qarabağ FK" Braziliyada daha çox dözümlülüyün və əzmkarlığın simvolu kimi qəbul olunur.
– Azərbaycanın 44 günlük Vətən müharibəsi Braziliya mediasında necə işıqlandırıldı?
-Əsasən beynəlxalq xəbər agentliklərinə istinad edilərək informativ formada təqdim olundu. İlkin mərhələdə humanitar aspektə diqqət yetirilirdi. Daha ətraflı şərh verə bilmərəm.
– Azərbaycanın həmin münaqişədə qələbəsini necə qiymətləndirirsiniz?
- Bu məsələdə fikir bildirmək istəmirəm.
– Braziliya beynəlxalq aləmdə daha çox hansı məhsul və sahələrlə tanınır?
-Kənd təsərrüfatı məhsulları ilə yanaşı, Braziliya aviasiya sənayesində (Embraer), bank texnologiyalarında, kosmetika və bioyanacaq istehsalında qlobal liderlərdən biridir.
– Braziliya və Azərbaycan beynəlxalq platformalarda hansı sahələrdə əməkdaşlıq edirlər?
Əməkdaşlıq əsasən BMT çərçivəsində (davamlı inkişaf gündəliyi), iqlim dəyişiklikləri forumlarında və enerji keçidi mövzusunda inkişaf etməkdə olan ölkələr arasında dialoq formatında həyata keçirilir.