Fəzail İbrahimli: "Bir dənə əlavə gəlir yerim, 1 sot əlavə torpağım yoxdur"
"Fəzail Ağamalı ilə aramıza girənlər olmuşdu"
"2005-ci ildə Ramiz Mehdiyev mənim deputat seçilməyimə mane oldu"
II, III, IV, V və VI çağırış Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli Modern.az saytına geniş müsahibə verib. Deputatla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, sizinlə plenar iclasdan sonra görüşürük. Yorulmamısınız?
- İnsan özünə lazım olmayan şeylərdən yorulur. N sayda insana sual versən ki, nədən yorulmursunuz, hərəsi bir şey deyər. Amma bu sualın bir cavabı var, insan yaşdan yorulmur.
- Siz özünüzü neçə yaşda hiss edirsiniz?
- Nəvələrimin yanında baba, övladlarımın yanında ağsaçlı ata, tək olanda cavan insan, tələbələrimin yanında gənc yaşda hiss edirəm.
- Maraqlıdır, sizi tarixçilik sahəsinə nə gətirdi?
- Arzum professor olmaq idi. Mənimlə Ahuna adında qız oxuyurdu. Bir sırada otururduq, amma mən ondan bir yaş kiçik idim. Tələbə vaxtı da qızlar özündən bir yaş kiçiklərə önəm vermirlər. Sual verdim, laqeyd cavablandırdı. Dedim Ahuna, özünü elə apar ki, gələcəkdə sənin övladların professor Fəzailin yanına gələndə mən onlara yaxşı baxım. Mənə yumorla cavab verdi. 30 il keçmişdi, Bakı Dövlət Universitetində kafedradan çıxanda gördüm ki, qapıda iki gözəl qız dayanıb. Dedilər sizin yanınıza gəlmişik, o vaxt anamıza söz vermisiniz ki, sənin övladların yanıma gəlsə, onlara kömək edəcəm. Soruşdum ananız kimdir, Ahunanın adın deyəndə tanıdım. Dedim ki, ananız sizə səhv məlumat verib. Mən ona dedim özünü yaxşı aparsan, kömək edəcəm. Biri də dilli-dilavər idi, soruşdu ki, pis aparıb? Dedim yox. Qızların kəsirləri var idi, köməklik etdim problemləri həll olundu.
Oxumağa böyük həvəsim var idi. Müəllimlərim yaxşı olub, həyatımda müəllim amili böyük rol oynayıb.
- Deputat olmazdan əvvəl bu sahədə kimi özünüzə örnək bilmisiniz?
- İllərlə deputat olmaq düşüncəsində olmuşam desəm, yalan olar. Vətəndaş Həmrəyliyi Partiyasında ideoloji katib idim. Namizədliyim partiyadan verilib. Ona qədər də heç bir deputatı tanımırdım. Mən Milli Məclisə gələndə indiki kimi deyildi. İndi hamı deputatın ayaqqabısının ölçüsünü də bilir. O vaxt qapalı dünya idi. Gələndən sonra bir müddət adları öyrəndim.
- Çətin olmadı?
- Kim desə ki, hər şey o saat asan olur, bu səhvdir. Təxminən üç ay heç danışmadım. Öyrəndim. Üç aydan sonra artıq danışmağa başladım. Seçildiyimin 2-ci ilindən Parlament Jurnalistləri Birliyinin keçiridiyi nominasiyalarda yer almağa başladım. Deputat seçildiyimin 2-ci ilində “Ən cəsarətli deputat” nominasiyasının qalibi oldum. 4-cü və 5-ci il “İlin ən fəal deputatı” nominasiyasının qalibi oldum. Deputat üçün həlledici məqam ondadır ki, danışığı ilə əməli düz olsun. Əgər biri rüşvətdən danışır, amma özü bu əməllə məşğuldursa, bu onun öz-özünü ifşa etməsi deməkdir. Elin gözü tərəzi olur.

- Bəs VII çağırışda ilk dəfə seçilən deputatlar sizdən nəsə öyrənməyə can atdı?
- Onlar elə bilir ki, bizdən çox bilirlər.
- Cəmiyyətdə deputatın nüfuzunu necə dəyərləndirirsiniz?
- Bunu siz daha yaxşı bilərsiniz. Amma mən də yaxşı bilirəm, hər şey aydındır.
- Siz də deputatsınız. Bu sizi narahat edir?
- Təbii ki. Biz bir ailənin üzvüyük. Hamı eyni adı daşıyır. Hansı deputatın uğursuzluğuna gülürəmsə, demək özümə gülürəm. Amma hərə bir cür başa düşür bu məsələləri. Kimsə hesab edir ki, məndən keçdi qardaşıma dəydi. Biz hamımız deputat sözündə birləşmişik. Bu gün hamı deputatlara bir ölçüdə baxır, amma bir ölçüdə baxmaq olmaz. Hər kəsin bir xarakteri, ölçüsü, tərcümeyi-halı, həyat tərzi var. İnsan öz vicdanı və Tanrı qarşısında hesabat verməlidir. Kiminsə övladı min hoqqadan çıxır, amma o gəlib tərbiyədən danışırsa, təbii ki, cəmiyyət bunu qəbul etməz.
Cəmiyyətə bir fikir var ki, Azərbaycanda nə baş verirsə, günahkar deputatdır. Bir misal danışacam: bizim kənddə bir müəllimin 8 uşağı var idi. 8 uşağın hamısı da ərköyün böyümüşdü. Psixologiyaları da elə idi ki, hara getsələr, əllərinə nə keçsə, götürürdülər. Bunların da qonşularında sadəlövh qadın yaşayırdı. Həyət-bacadan o qədər şey götürmüşdülər ki, qadın ayaqyolunun qapısını bərk bağlamışdı. Bir gün bunlara qonaq gəlir, nərd oynayırlar. Nərddə uduzan tərəf bərkdən deyir ki, bu zərin şeşi yoxdur. O qadın da bunun nə olduğunu bilmədiyi üçün deyir ki, filankəsin uşaqları oğurlayıb. Fikir formalaşıb ki, nə oğurlansa, nə yoxdursa, o uşaqların işidir.
Bu gün deputatlar həmin uşaqlara bənzəyir. Maaş artmır, deputat maaş artırmır, binada yanğın baş verib, deputat günahkardır, qaz, işıq gəlmir, deputat edib. Deputat statusu haqqında məlumatların hüquqi tərəfini deputatlar bilmir. Bakı Dövlət Universitetində bir professor mənə deyir ki, nə vaxt maaşımızı artıracaqsınız. Əgər bir professor deputatın işini bilmirsə, başqası nə düşünsün?
- Seçiciləriniz üçün əlçatansınız? Yadınızda qalan bir müraciəti bölüşsəniz, sevinərəm...
- Nömrəm bütün seçicilərimdə var. Qaçıb gizlənmirəm. Bir dəfə Cəlilabbaddan zəng gəldi ki, 4 inəyim itib. Səni seçmişəm, canın çıxsın, gəl axtar, tap. Dedim ki, bu gün işim var, sabah gələrəm. Bu sözüm onun xoşuna gəlmədi. Sonra qoydum özümü onun yerinə, dedim mənə 1 həftə vaxt ver. Əgər sizin heyvanlar tapılmasa, mən kreditlə də olsa, o inəkləri alıb sizə verəcəyəm. Zəng etdim rayonun Polis bölməsinə, izah etdim məsələni. Dedim ya inəkləri tapıb verin, ya da onun pulun. İş düzəlməsə, nazirliyə xəbər verəcəm. Üç gündən sonra həmin qadın mənə zəng etdi. Dedi "sənə qurban olum, ikisini diri gətiriblər, ikisinin də pulunu". İnsanlar belədir, bizim işimiz budur. Demirəm ki, mən "Toz içərisində çiçək" filmindən bir fraqmentəm, amma bacardığım şeylər varsa, eləməliyəm. Mən hüquqi müstəvidə bu məsələlərə baxsam, deyərdim zəhmət çək polisə müraciət elə. Bilirdim ki, bu məsələyə qarışmasam, xəmir çox su aparacaq. Belə şeylər çox olur həyatımızda.

- Bildirmisiniz ki, lazım gəlsə kreditə girərəm. Sizin məgər bir kənd sakininə 4 inək almaq imkanınız yoxdur?
- Desəm yoxdur, onsuz da inanmayacaqsınız. Desəm ki, var. Yalan danışaram. Hər kəsin öz büdcəsi var. Jurnalistlər özləri də bilir ki, hansı deputatın maddi durumu necədir.
- Sizi bilmirik...
- Məni ona görə bilmirsiniz ki, olmayan şeyi bilmərsən. Molla Nəsrəddinə deyiblər "oğlun yıxılıb, ağlı başından çıxıb", o da deyib "elə şey olar? Onun ağlı yox idi, görən başından çıxan nədir?"
Mən ciddi həyat yaşayıram. Çox razıyam Allahımdan da, seçicilərimdən də, göstərilən etimaddan da. Adam özü haqqında danışanda qeyri-təvazökar alınır. Gərək sənin haqqında başqaları danışsın. Mənim hazırda Bakıda yaşadığım 3 otaqlı mənzil cənab Prezident tərəfindən verilib. Ondan başqa mənim ikinci yaşayış yerim yoxdur, bir dənə əlavə gəlir yerim, 1 sot əlavə torpağım yoxdur. Belə olan halda mən necə varlı ola bilərəm? Yardımlıda üç qardaşın 1 ata ocağı var idi. 2002-ci ildə İlham Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidenti idi, onun köməyi ilə həmin yurd bərpa olundu. Allah etdiklərini övladlarının qabağına çıxarsın.
- Fəzail müəllim, dindar adamsınız? Danışanda Allahın adını çox çəkirsiniz...
- Səfeh bir misal var, deyir: Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Allahsız yerdə böyük olar? Bu şeytan sözüdür. Mənim dinə özüməməxsus inamım var. Heç vaxt dinə qarşı danışmaram. Valideynlərim “Allahu-Əkbər” səsi ilə dünyadan köçüblər. Mən dindar ailədə böyümüşəm, gözümü açanda elə o sözü eşitmişəm. Amma düşüncələrimdə müəyyən şeylərin fəlsəfəsini daha dərindən öyrənməyə can atmışam. Mənim bu gün narazı qaldığım şey Allaha qarşı yağdırılan iftiralardır. Mənim dindarlığım Allaha qarşı iftiralara qarşıdır. Yer üzündə nə qədər hadisələr varsa, hər şeyi Allahın üstünə atırlar. Təyyarə qəzası olur - Allahın işidir, gəmi batır - Allah edib. Allah nə təyyarəni vurub yerə salan, nə də gəmi batırandır. Allahı düzgün qavramaq lazımdır. Hər şeyi Allahın iradəsinə bağlayırlar.

- Mən belə başa düşürəm ki, siz indiyədək Allahdan heç nə istəməmisiniz. Yanılıram?
- İstəmişəm.
- İndi nə istəyirsiniz?
- İndi konkret nəsə yoxdur. Allahdan həmişə istədiyim şey mənim övladlarımın çiynində getməyimdir. Onu hər gün, həmişə istəyirəm. Valideyn üçün ondan böyük heç nə yoxdur.
Qalan hər şey gözəldir. Mənim yaşıdlarım çox qocalıb. Mən tələbələrimin içində çox xoşbəxt, gənc oluram. Çox sağlamam, ömür boyu siqaret çəkib içki içməmişəm. Nə varsa, ona çox razıyam. Bizim müqəddəs kitabda da bir məqam var, deyir ki, özündən qabaq gedənləri görüb, küfr etmək istəyəndə tələsmə, çevril arxaya bax, görəcəksən sən çox irəlidəsən. Və dua edəcəksən. Əgər mən deputatamsa, birinin də böyük şirkəti var. Halal xoşu olsun. Bir dəfə Milli Məclisə gəlirdik, mənim “VAZ 2107” maşınım var idi. Yeganə deputat idim ki, o maşınla iclasa gəlirdim və özüm də sürürdüm. Bir nəfər soruşdu ki, bəs niyə belə? Dedim hərənin bir qisməti var. Adam var “Jeep”lə gəlir, amma iclasda lal olub oturur. Mənim də “Jeep”im danışmaq, sözümü demək idi. Hərəyə bir şey verilir. Allah mənə həm savadı, həm “Jeep”, həm var-dövləti versə, balans yaranmaz. Ona görə də hər şeydən razıyam, əhvalım həmişə yüksək olur və çalışıram ətrafıma mənfi enerji verməyim.
- Milli Məclisdə çıxışlardan söz düşmüşkən, sanki VII çağırışa qədər, xüsusilə də vitse-spiker olduğunuz dövrdə kəskin çıxışlarınız olub. Amma son çağırışdan sizi sakit görürük...
- Rəhmətlik Murtuz Ələsgərovun vaxtı idi, dedim ki, mən bir elan vermək istəyirəm, kimin böyrəyində daş varsa, getsin Cənub bölgəsində. Orada yollar elədir ki, heç həkimə getmədən böyrəyinin daşı düşəcək. İndi 8 saata gedilən yol olub 2 saatlıq. Qaz, işıq hər şey yerindədir.
- Demək indi problemlərin həll olunduğunu düşündüyünüz üçün sakitsiniz?
- Yox. Problemlər həll olunmayıb. Bilirsən, müğənninin də, deputatın da öz dövrü var. Mən elmi xarakter daşıyan məsələlərdən həmişə danışmışam, vitse-spiker olanda mənim çıxışlarım çox olub. İndi sıravi deputatam, demək istədiklərim sağımdan-solumdan deyilir də. Təzədən durub köhnə çuvala yeni qulp qoymaq fikrim yoxdur. Mən məhəllə xarakterli məsələlərdən danışmıram. Tutaq ki, mənim dairəmdə yol problemi var. Ora işıqfor lazım idi. Aidiyyatı quruma rəsmi məktubla müraciət etdim, problem 20 günə həll olundu. Mən gəlib plenar iclasda desəm ki, filan kənddə işıqfor yoxdur... Əgər sənin deyəcəyin söz bir neçə dəfə deyilib, qoz kimi divara dəyib yapışmayıbsa, onu gündəmə gətirmək olar. Mənim elə problemim yoxdur. Seçicilərlə görüşdə oluram. Rayon rəhbəri ilə əl-ələ verib müvafiq qurumlara müraciət edirik. Həll olunması mümkün olan problemləri heç vaxt Milli Məclisdə qaldırmıram. Kimisi təzə gəlib, mən də varam deyir. Kiminsə həqiqətən oxu daşa dəyib, alındırmayıb, orada deyir. Kimisinin xətrinə dəyirlər, o məsələni gündəmə gətirib demokratiya bayrağı altında mürtəce ideyalarını yeridir. Mənim öz iş üslubum var. Ona görə də Fəzailin səsi yenə də həmin səsdir. Sadəcə olaraq öz yerində-yurdunda olanda, dəyərini biləndə, sənin səsin ünvana daha çox çatır.
- Sizin parlamentdə çıxışlarınızı bir sıra hallarda vitse-spikerliklə də əlaqələndirirlər. Bunun vəzifə ilə əlaqəli olduğunu düşünürmüsünüz?
- Yox. Mən vitse-spiker olana qədər daha yaxşı danışmışam. İran parlamenti Azərbaycan parlamentinə müraciət etmişdi ki, sizin qəbul etdiyiniz qərar bizə qarşıdır. Mən onda kəskin çıxış etmişəm. Vitse-spikerlik dövründə qaz, işıq problemindən danışmamışam. Mən xarici siyasət məsələlərinə, dövlətimizə qüsur gətirən məsələlərə müdaxilə edirdim. Mən işığın yanmağından-sönməyindən danışmamışam. Qlobal məsələlərdə həmişə mikrofonun qarşısında olmuşam. İndi də lazım gələrsə, dövlətimizə qarşı hansısa addım olsa, danışa bilərəm. Mən heç vaxt iqtisadi məsələlərdən danışmıram. İnsan bilmədiyi məsələlərdən danışanda bəstəboy görünür. Ona da hər şeyşünas deyirlər. Mən bilmədiyim məsələləri heç vaxt danışmamışam, danışmıram, danışmayacağam da. Düz danışmaq üçün nələrisə bilməlisən. Düzdür indi hər şeydən danışanlar da var. Jurnalist gedir kənddə idmanın təşkilindən, iqtisadçı tarixdən, tarixçi başqa şeydən danışır. Belə şeylər də olur, amma qəbul olunmur. Sənin söz çəkin olmalıdır.

- Sizin konkret fərdlər, deputatlarla bağlı çıxışlarınız da olub. Məsələn, Vahid Əhmədova demişdiniz ki, mandatını götür, get buradan. Maraqlıdır sonradan barışdınız?
- Vahid Əhmədovla biz savaşmamışıq. Sadəcə müzakirə gedib, mən də fikrimi demişəm. Mən onunla düşmən olmadım, bu gün də deyiləm. Ondan sonra bir dəfə də üz-üzə gəlməmişik. Üz-üzə gəlsəm, onunla görüşə də bilərəm. Vahid Əhmədov xalq düşməni deyil. Sadəcə müəyyən incə məqamlar var idi, bizim mövqeylərimiz ayrı idi. O deyirdi mən düz deyirəm, mən isə deyirdim sən yox, mən düz deyirəm. Burada müəyyən dövlətçilik məsələləri də var idi. Vahid Əhmədov da kifayət qədər ağıllı adamdır. O, müstəqillik dövründə bütün sınaqlardan keçən, bütün hakimiyyətlərlə işləyən adamdır. Mənim Azərbaycanda düşmənim yoxdur. Əsl düşmənçilik pul və namus üstündə olur. Allaha şükür ki, mən bu baxımdan çox təmizəm.
- Vahid Əhmədovun yenidən deputat seçilməməyinə münasibətiniz necə oldu?
- O hadisələrdən sonra üz-üzə gəlməmişik. Yenidən seçilsəydi, əlini sıxıb təbrik edəcəkdim.
- Sonradan emosional çıxış etdiyinizi düşünmüsünüz?
- Səhv dediyimi düşünməmişəm, amma emosianal dediyimi düşünmüşəm. Müəyyən şeyləri daha sakit, təmkinli demək olardı, amma mən tünd etmişəm. Həmişə özümə tənqidi yanaşmışam. Amma mən içəridən gələn harayla danışdığım üçün heç bilmirəm necə danışım. Sonradan baxıb demişəm ki, daha sakit ola bilərdim. Çıxışlarıma baxanda görürəm ki, çox əsəbi, çox gərgin görünürəm.
- Məlahət İbrahimqızı, Razi Nurullayevlə də zaman-zaman mübahisələriniz düşüb. Onlar sizin indi də həmkarlarınızdır. Danışırsınız?
- Hamısı ilə dostam. Mən onlara qarşı düşmən cəbhəsi açmamışam. Sadəcə, razılaşmadığım məqamları bildirmişəm.

- Bu yaxınlarda vəfat edən Fəzail Ağamalı ilə də ciddi mübahisəniz olmuşdu. Demişdiniz ki, o “Fəzail” adını elə şumlayıb ki, mən uzun illərdir bu adı təmizləməklə məşğulam...
- Onunla da mübahisəm olmuşdu. Amma İslamın ən gözəl tərəfi odur ki, insan vəfat edəndə, dilindən “La ilahə illallah” kəlməsi çıxanda, Allah onun günahlarını bağışlayır. Dünyasını dəyişən hər bir insana rəhmət oxumaqdan başqa nəsə demək günahdır. Biz aspiranturada yoldaş olmuşuq. O qiyabi, mən əyani oxuyurdum. Qardaşların da evdə sözgüləşməsi olur. O vaxt bizim də aramıza girənlər oldu. Aparıb tamam yanlış məlumatlar vermişdilər. Sonradan emosional formada çıxışlar etdik. Amma qısa müddət sonra əl verdik, görüşdük. Ən aşağısı, mənim adaşımdır. Allahdan onun övladlarına can sağlığı arzu edirəm. O, həyatda kifayət qədər çarpışan, vuruşan adam olub. Səhhəti də məhz buna görə pis oldu. Xarakterində qəribə cəngavərlik var idi. Bəzən görürdük ki, adımız eynidir deyə, bizi qarışdırırlar.
- Necə oldu ki, barışdınız?
- Bizə minnətçi lazım deyildi. Səhərisi gün üz-üzə gəldik, görüşdük, barışdıq. Soruşdu ki, adaş necəsən. O sayt atışması idi.
- Dəfninə getdiniz?
- Təbii ki. Niyə də yox...
- Milli Məclisin VII çağırışında Vətəndaş Həmrəyliyi Partiyasından vitse-spiker Rafael Hüseynov oldu. Hansı ki VI çağırışda siz idiniz. Hazırda onun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Mənim ixtiyarım var ki, bəzi suallara cavab verməyim. Biz bir partiyadanıq, bir-birimiz haqqında heç nə danışmamlıyıq.
- Münasibətləriniz yaxşıdır?
- Hər şey qaydasındadır.
- Hər bir halda vitse-spikerlik postundan getmək və eyni partiyadan olan başqa birinin bu vəzifəyə gətirilməsi, nə qədər anlayışla qarşılasaq da, insan üçün mənəvi cəhətdən asan olmaz...
- Hislərə toxunmaq lazım deyil. Hələ indiyə kimi vəzifədən çıxan adam desə ki, yaxşı oldu çıxdım, o özünü də, səni də ələ salır. İnsani hisdir. Bu hisləri hamı yaşayır. Əgər mən vitse-spikerlik dövründə cinayət törətsəydim, siyasi səhvlərə yol versəydim, deyərdim elə yaxşı qutardım. Amma mən vicdanla işimi yerinə yetirdim. Həyat tərzim dəyişmədi, maddi durumum haqqında düşünmədim. Dövlətimin, xalqımın, Prezidentimin qabağında vəzifəmi üzü ağ başa vurdum.

- Bir müddət əvvəl Milli Məclisdə keçirilən konfransda moderatorluq edən vitse-spiker Rafael Hüseynov Azərbaycan dilinin normaları ilə bağlı müzakirələrdə çıxış üçün tədbirə dəvət olunmuş sabiq deputat, Xalq şairi və partiyanın sədri Sabir Rüstəmxanlının sözünü kəsmiş və yenidən söz verməmişdi. Bu da partiyada ciddi narazılıqlara səbəb oldu. Sizin bu məsələyə münasibətiniz həm keçmiş vitse-spiker, həm deputat, həm də partiyanın sədr müavini kimi maraqlıdır...
- Rafael Hüseynov həmin hadisədən sonra səhv etdiyi üçün töhmət aldı. Sabir Rüstəmxanlı mənim üçün hər şeydən qabaq ağsaqqaldır, elimin-obamın, Yardımlının ilk Xalq şairidir. Sabir Rüstəmxanlı Türk dünyasında daha çox tanınır, sevilir. Onun yaradıcılığı bir dünyadır, məndən 5 yaş böyükdür, partiyanın rəhbəridir və mən o partiyadan bura gəlib çıxmışam. İnsan keçdiyi yola çox diqqətlə yanaşmalıdır. Səhvə yol vermişdi. Sabir Rüstəmxanlı 50 ildir dil uğrunda vuruşur. Amma o özü istəmirdi töhmət verilsin. Məsələni 20 rayonun partiya nümayəndəsi qoydu. Dedilər ki, əgər ona töhmət verilməsə, biz partiyanın üzvülüyündən çıxacağıq.
- Sabir müəllim parlamentin sonuncu seçkilərində çıxış etməyəndə və yerinə xanımı, partiyanın üzvü Tənzilə Rüstəmxanlının namizədliyi irəli sürəndə bu məsələ ictimaiyyətdə müzakirə olundu. Partiya bu qərarı necə qarşıladı?
- Bu Sabir Rüstəmxanlının özünün qərarı idi. Özü seçkiyə getmirdisə, kimsə seçkiyə getməli idi. Məsləhət oldu ki, həyat yoldaşı Tənzilə xanım getsin.
- Milli Məclisdə masa yoldaşınız Tənzilə Rüstəmxanlının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Çox yaxşı, oturmuşuq bir yerdə, məsləhətləşirik. Tənzilə xanım hələ Milli Məclisdə olmayanda Azərbaycanı Türk dünyasında tanıdan, kifayət qədər ictimai adam idi. Onun ictimai fəaliyyəti burada seçim qurumu ilə möhürləndi. Tənzilə Rüstəmxanlı kifayət qədər tanınan şəxsdir. O birbaşa evdən gəlib burada oturmayıb. Onun bütün fəaliyyəti qiymətləndirilib.
- Sabir Rüstəmxanlının yerinə gəlmək bir az çətin məsələdir deyəsən.
- Yerinə gəlməyib, onun yerini abad edib. Mənə elə gəlir ki, hələ başlanğıcdır, ikinci ildir. Tənzilə Rüstəmxanlı hələ Azərbaycan cəmiyyətində deputat kimi özünü çox yaxşı təsdiqləyəcək.
- Həm də müəllimsiniz, tələbələrlə münasibətiniz necədir?
- Mən heç vaxt tələbə əlinə baxmamışam. Onların yanında üzüm ağdır. Çox qürurlu yaşamışam. Heç kimin qarşısında üzüqara deyiləm. Dünən də, bu gün də, Allah izin versə, sabah da.

- Fəzail müəllim, maraqlıdır sizə həm müəllim, həm də deputat kimi iş düzəltmək üçün xahiş edənlər olub?
- Deputat kimi heç bir məmura nə zəng etmişəm, nə də xahiş etmişəm. Amma biz səhrada bitən ağac deyilik. Övladlarım üçün nələrisə xahiş etməliyəm, gözü kədərli bacımın övladı üçün nəyisə xahiş etməliyəm. Bir də var vasitəçi olasan. Qazanmaq üçün kimlərisə işə düzəldəsən. Bu mümkün deyil. Bizim tələbəlik dövrümüzdə başqa ab-hava var idi, indi tapşırıq məsələləri yoxdur. Yardmlıdan oxuyanlar yanıma gəlirdi, köməklik edirdim. Bu yerliçilik idi, amma ortada maddiyyat yox idi.
- Əslən Yardımlıdan olsanız da, 73 saylı Masallı - Cəlilabad seçki dairəsinin deputatısınız. Amma bölgələr elədir ki, onlar dairələrə görə yox, elə bir rayona görə deputatı xatırlayırlar. Bu bölgələri təmsil edən deputatların da sayı az deyil, Məşhur Məmmədov, Cavanşir Paşazadə, Musa Qasımlı, Elman Nəsirov, Malik Həsənov. Maraqlıdır bəs Masallı və Cəlilabada gedib insanlardan deputatlarının kim olduğunu soruşsaq, onlar hansınızın adını çəkər?
- Baxır sən hara gedəcəksən. Bazara gedəcəksən, yoxsa bir kitabxanaya, mədəni ocağa, məktəbə. Ola bilər ki, bazardakı adam məni tanımasın, hər təbəqədən soruşsanız, fərqli cavab verərlər. Birmənalı cavab vermək olmur.
- Siz bölgəyə gedəndə hansı təbəqədəki adamlarla görüşürsünüz?
- Mən kəndlər üzrə görüşlər keçirirəm, təbəqələr üzrə yox. Dərdlərini, problemlərini soruşmuşam.
- Bəs rayona gedəndə insanların çox toplaşdığı bazara, çayxanalara getmirsiniz?
- Mən uşaqlıqdan çayxanalara getmirəm. Deputat bazara gedib yalandan insanlarla görüşməməlidir, onların şəraitini yaxşılaşdırmaq üçün iş görməlidir. Mən bazarda dəfələrlə olmuşam, tanıyanda ucuz malıl ucuz satmaq istəyirlər, deyirəm yox, baha verin. Bir də görürsən ki, biri kənardan deyir "bu bizim deputatdır". Amma bayaqkı müqayisəm öz yerindədir, məktəbdə işləyənlərin yüz faizi məni tanıyar, bazardakılar üçün eyni sözü deyə bilmərəm. İnsan gərək dürüst danışa.
- Bir ara mediada yayılmışdı ki, Fəzail İbrahimli növbəti seçkilərdə iştirak etməyəcəyi üçün indi bu qədər sakitdir. Bayaq da dediniz ki, hər şeyin bir müddəti var. Bu məlumat nə dərəcədə doğrudur? Siz deputatlıq müddətini başa vurmağı düşünürsünüzmü?
- Əgər tələbələrin sənə qulaq asmırsa, sən müəllim işləməməlisən. Cərrahsansa, əlin əsirsə, imtina etməlisən. Deputatsansa, həm şövq və enerji ilə işləməyəcəksənsə, o işi davam etdirməyəcəksən. İndidən camaat arasında söz gəzir, amma mən bu haqda heç fikirləşməmişəm. Mən həyatımın sonunu düşünmürəm.
- Sizcə, siz deputat olmasanız, bu həyatınızın sonu olar?
- Məlumatı yayanlar belə düşünür ki, bu sıradan çıxıb. Belə çıxır ki, qapı döyülür... Bu düşüncə sıradan çıxmalıdır. Maşallah olsun, Ziyad Səmədzadənin 85 yaşı var, biz heç onunla ayaqlaşa bilmirik. Bu qismət payıdır. Hələ iki ildir, bunu sonuncu il soruşsanız cavab verə bilərəm. İndi desəm ki, iştirak etməyəcəyəm, sonra namizədliyimi verərəm, yalançı olaram. Desəm iştirak edəcəm, sonra nəsə olar, iştirak etmərəm. İnsanın həyatı bəzən 6 ayda dəyişir, nəinki 3 ildə.
- Bir çıxışınızda demişdiniz ki, mənim bir mandatım var, bir də diplomum...
- O vaxt Baş nazir Artur Rasizadə haqqında danışırdım. Dedim Artur Rasizadə məmur məktəbidir, ay onun ətrafındakılar, keçin o məktəbi, öyrənin. Sonra da dedim fikirləşəcəksiniz ki, mən Baş nazirə yarınıram. Amma nəyə yarınacam, bir mandatım, bir də diplomum var. Onu da əlimdən almaq olmaz. Ondan sonra da Hacıbala Abıtalıbov haqqında danışdım. Dedim ki, kim onunla görüşə, danışa bilibsə, “Qırmızı Kitab”a düşəcək...
- Hacıbala Abıtalıbov sonra sizə zəng etdi?
- Yox. Onlar çox yaxşı bilirdi ki, mən kiminsə sifarişini yerinə yetirmirəm. Ona görə də heç vaxt mənim xətrimə dəyməyiblər. O vaxt Ramil Usubovun rəhbərlik etdiyi dövrdə polisləri bədii dillə, Qasım bəy Zakirin təmsili ilə tənqid etmişdim. Ondan bir müddət sonra Ramil Usubovla qarşılaşdıq, gəlib əlimi sıxdı ki, yaman dedin, o şeir xoşuma gəldi.

- Məmurları tənqid edirdiniz...
- Həmişə etmişəm. Elə bir məmur olmayıb ki, mən onun haqqında danışmayım. Onlardan xahişim olmayıb ki, yanlarında da üzüqara olum. Pis olub, pisliyini demişəm. İndi görürsünüz o məmurlar nə günə düşür... Allah yanındakılara rəhmət etsin, kənd təsərrüfatı naziri 5 milyon manat pul yemişdi, Azərbaycan və Türkiyə münasibətləri pisləşmişdi. Onu mən gətirdim gündəmə.
- İndi kimləri tənqid edirsiniz?
- İndi bu mənim missiyam deyil. Başqaları deyir, danışır.
- Keçmiş məmurlardan söhbət düşmüşkən, o vaxt Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin əleyhinə çıxış etmişdi. Sizin onunla münasibətiniz necə olub, birbaşa və ya dolayı yolla tənqid etmisinizmi?
- Sabir Rüstəmxanlı ilə Ramiz Mehdiyevin münasibəti onun bizim partiyamıza olan münasibətinə çevrildi. Parlamentdə də onların arasında mübahisə düşmüşdü. Sonra 2000-ci ildə mən deputat seçildim. 2005-ci ildə Ramiz Mehdiyev bizim partiyadan mənim deputat seçilməyimə ciddi mane oldu. Mən 6 ay deputat olmadım. Əslində indi bu haqda danışmaq istəməzdim, çünki indi hamı Ramiz Mehdiyevin əleyhinə danışır. Həmin vaxt isə Mixail Zabelin mənim dairəmdən deputat oldu. Mən rus işğalına məruz qalan sonuncu azərbaycanlıyam. 10 yer boş idi, may ayında təzədən namizədliyimi verdim və seçildim. Sabir Rüstəmxanlını isə 2015-ci ildə Ramiz Mehdiyev vurdu, qoymadı deputat olsun. Onun bizim partiyaya, bizə münasibəti çox pis idi. Heç vaxt onunla üz-üzə gəlməmişəm, görüşməmişik, sadəcə, Sabir Rüstəmxanlı ilə münaisbəti həm partiyaya, həm də mənə sirayət edirdi.