Nadir Məmmədli: “Terminologiya bizim ən zəif halqamızdır”
“Dil normalarını ən çox pozan sahələrdən biri mediadır”
“O sözü götürmək olar ki, onun bizim dilimizdə anoloqu yoxdur”
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli Modern.az saytına geniş müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- Nadir müəllim, uzun illərdir dilçilik sahəsində çalışan professor kimi, Azərbaycan dilinin bugünkü vəziyyətini necə dəyərləndirirsiniz? Sizcə, dilimizin inkişaf dinamikası qənaətbəxşdirmi?
- Mən ali məktəbi bitirən kimi Dilçilik İnstitutunun aspiranturasına qəbul olunmuşam. Elmi rəhbərim bu gün bir çoxunun stolüstü kitab saydığı izahlı lüğətlərin, rusca-azərbaycanca lüğətin müəllifi olan AMEA-nın müxbir üzvü Əliheydər Orucov olub. Mən onun tərbiyəsi ilə böyümüşəm, işin mədəniyyətini də, elmi məsuliyyəti də ondan öyrənmişəm. Həyatım, elmi fəaliyyətim Dilçilik İnstitutu ilə bağlıdır. İnstituta rəhbər təyin olunanda da proses asan olmadı. Müsabiqələr, seçim mərhələləri oldu. Sonra bu etimad mənə göstərildi. Həmin ərəfədə universitetlərin birində pedaqoji fəaliyyətlə məşğul olurdum. Elmi tədqiqat bir tərəfə, pedaqoji fəaliyyət bir tərəfə -ikisini paralel aparmaq həqiqətən çətindir. Amma deyərdim ki, bu işlərdə də öz növbəsində səbir, təmkin və işgüzarlıq əsasdır.
Azərbaycan dilinə gəldikdə, dilimizin gücü tarixən özünü sübut edib. Ərəb, fars, monqol, rus təsirləri olub, amma dilimiz “qılınc gücü” ilə yox, öz daxili gücü ilə bu təsirləri mənimsəyib, əridib. Bu gün isə məsələ başqadır. Qapılar açıqdır, informasiya axını çoxdur. Elə buna görə də dilə laqeyd yanaşmaq olmaz. Məhz bu səbəbdən də, dili qorumaq üçün emosional yox, elmi əsaslı yanaşma lazımdır.
- Rəhbərlik etdiyiniz Dilçilik İnstitutu hazırda hansı prioritet istiqamətlər üzrə fəaliyyət göstərir? Son illər əsas layihələr hansılardır?
- Artıq qapılar açılıb, dünya ilə inteqrasiya imkanı yaranıb. Bu gün dünyada dilçiliklə məşğul olan çoxsaylı sahələr, institutlar fəaliyyət göstərir və onlarla mütləq əlaqələr qurmaq lazımdır. Nümunə olaraq, institutda dilçiliklə bağlı 1970-ci ildən nəşr olunan “Türkologiya” jurnalı mövcuddur. Jurnal cəmi 1 il Moskvada nəşr olunsa da, sonradan Heydər Əliyevin təşəbbüsü ilə yenidən Azərbaycana qaytarıldı. Artıq 50 ildən çoxdur ki, jurnal çap olunur və bu, bizim dünya ilə elmi inteqrasiyamızın göstəricisidir. Hazırda 52 ölkə ilə əməkdaşlıq edilir, həmçinin jurnal həmin ölkələrə də göndərilir.
Bir məqamı da vurğulamaq istərdim. Mən Dilçilik İnstitutuna gələndə Azərbaycan dilinin orfoqrafiya lüğəti yenicə çap olunmuşdu. Ən mükəmməl nəşrlərdən biri 1975-ci ildə Əliheydər Orucovun redaktəsi ilə hazırlanmışdı. Sonralar yenidən işlənmiş variantlar nəşr olundu. 2004-cü ildə, 2013-cü ildə və 2021-ci ildə. Ancaq bir məsələ də var: köhnə üsullardan imtina etmək lazım idi. Kartıçka toplamaq, mətbuatı izləmək həm çətin, həm də ləng prosesdir. Biz isə fərqli bir yol seçdik. Dilçilik İnstitutunda “Süni intellekt və kompüter dilçiliyi” şöbəsi yaradıldı. Azərbaycan Milli Elmlər Akademiyasının digər proqramçı institutları ilə əməkdaşlığa başladıq. Proqramçıların və şöbə əməkdaşlarının birgə işi nəticəsində süni intellektin köməyi ilə Azərbaycan dilinin orfoqrafiya lüğətinin elektron bazasını yaratdıq. Bu, türkdilli xalqlar arasında mühüm təşəbbüs və böyük nailiyyətlərdən biridir. Əgər dilin söz bazasını bilmirsənsə, dildə neçə söz olduğunu, hansı imkanların mövcud olduğunu müəyyən etməmisənsə, keyfiyyətli lüğət və ya kitab hazırlamaq mümkün deyil. Artıq həmin baza vasitəsilə defisli sözlərin sayını bir saat ərzində müəyyən edə bildik. Eyni üsulla sinonimlər, antonimlər, terminoloji lüğətlər də hazırlamaq mümkündür.
- Dilimizə təsir göstərən əsas ünsürlər nələrdir?
- Dilimizə təsir göstərən əsas sahələrdən biri də publisistik üslubdur. Mətbuatın yazılı dili, radio və televiziyanın şifahi dili ictimai fikrə birbaşa təsir edir. Orada işlədilən sözlər məsuliyyətlə seçilməlidir. Elmi-texniki inkişaf nəticəsində yeni sözlərin dilə daxil olması təbii prosesdir. Beynəlxalq leksika nəzərə alınmalıdır. Lakin əsassız şəkildə xarici sözləri dilə gətirib onu süni şəkildə doldurmaq düzgün deyil.

- Yeri gəlmişkən, sizin Türkoloji Qurultay barədə yeni kitabınız da çapdan çıxıb. Müəllifi olduğunuz kitabda hansı məsələlər öz əksini tapıb və prioritet istiqamətlər nələrdir?
- Bu kitab Türkoloji Qurultay ilə bağlı yazılmış ilk fundamental tədqiqat əsəridir, bu sahədə ikinci bir nümunə yoxdur. 860 səhifədən ibarət olan kitabı hazırlayarkən əsas məqsədim indiyədək araşdırılmamış arxiv materiallarını, məxfi sənədləri üzə çıxarmaq və qurultayın keçirildiyi dövrün real mənzərəsini göstərmək idi. Çünki bu mövzuda daha çox ayrı-ayrı məqalələr və tezis xarakterli yazılar mövcud idi, lakin heç kim, ümumiyyətlə, arxiv sənədləri ilə işləməmişdi. Eyni zamanda, türkologiya tarixində mühüm mərhələ olan 1926-cı il I Ümumittifaq Türkoloji Qurultayın üstündən 100 il keçməsinə baxmayaraq, təəssüf ki, bu mövzu sistemli şəkildə araşdırılmamışdır. Tədqiqat zamanı ictimai-siyasi arxivdən çox mühüm materiallar əldə etdik. Məlum oldu ki, qurultayla bağlı sənədlərin bir hissəsi Azərbaycan Kommunist Partiyasının 6-cı şöbəsi vasitəsilə göndərilib və arxasında isə “oxunduqdan dərhal sonra yandırılsın” qeydi yazılıb. Həqiqətən də, sənədlərin əksəriyyəti məhv edilib. Buna baxmayaraq, 6-cı şöbənin arxivindən həmin sənədlərin izlərini tapmaq mümkün oldu və biz onları ilk dəfə olaraq tam mətn, transliterasiya, şəkillər və elmi şərhlərlə birlikdə kitaba daxil etdik. İlk dəfə bizim hazırladığımız kitabda ictimai-siyasi arxiv sənədlərindən geniş istifadə olunmasında məqsədimiz yalnız çıxış mətnlərini deyil, o dövrün ab-havasını, siyasi və ideoloji mühitini də bərpa etmək idi.
Sənədlər də göstərir ki, qurultayın əsas hədəflərindən biri ərəb əlifbasının dəyişdirilməsi və latın qrafikalı əlifbaya keçid məsələsi olub. Bu məsələ mədəni islahat kimi təqdim edilsə də, əslində ciddi siyasi kontekstdə müzakirə edilirdi. Əgər əlifba məsələsinə sırf savadlanma prizmasından yanaşsaq, o zaman Koreya, Yaponiya və Çin kimi ölkələri savadsız hesab etməli olarıq. Deməli, məsələ daha mürəkkəb idi. Həmçinin o dövrdə qurultayla bağlı yazmaq üçün rəsmi icazə verilmiş dörd qəzetin - “Kommunist”, “Yeni yol”, “Bakınskiy raboçiy” və Tiflisdə nəşr olunan “Yeni fikir” qəzetinin bütün materiallarını toplayaraq kitaba daxil etdik. Həmin dövrün mətbuat səhifələrinin skan variantlarını və mətnlərini də təqdim etdik. Biz bütün bunları tarixi kontekstdə vermişik ki, oxucu qurultayın hansı siyasi mühitdə keçirildiyini aydın görə bilsin.
Digər mühüm məsələ isə qurultayda verilən qərarla bağlı idi. Qərara alınmışdı ki, Türkoloji Qurultay iki ildən bir çağırılsın. 1928-ci ildə Səmərqənddə keçirilməsi planlaşdırılırdı. Lakin keçirilmədi. Sonrakı - 1930, 1932, 1934-cü illərdə də bu qərar icra olunmadı. Bu gün 2026-cı ildə yaşayırıq və "100 il ötməsinə baxmayaraq, həmin ənənə niyə davam etmədi" sualına indiyədək cavab verilməmişdir. Kitabda isə bu sualların hər birinə arxiv sənədləri əsasında cavab təqdim olunur. Bu kitab üzərində işləmək mənim təxminən 10 ilimi aldı. Təkcə arxiv sənədlərinin izini tapmaq üçün 2 ilə yaxın vaxt sərf etdik. Lakin nəticədə Türkoloji Qurultayın həm rəsmi, eləcə də müəyyən mənada gizli tərəflərini əhatə edən bütöv bir mənzərəni ortaya qoymağa nail olduq.
- İnstitut tərəfindən aparılan dil monitorinqləri hansı sahələri əhatə edir? Xüsusilə televiziya, radio, onlayn media və sosial şəbəkələrdə ədəbi dil normaları ilə bağlı müşahidələriniz nələrdir?
- Dilçilik İnstitutunda monitorinq şöbəsi var. Onlar mətbuatı, radionu, televiziyanı, onlayn medianı, eləcə də şəhər reklamlarını izləyirlər. Müşahidələr göstərir ki, dil pozuntularının böyük hissəsi məhz publisistik üslubdan gəlir. Çünki publisistika ən çevik sahədir. Onun həm yazılı, həm şifahi forması var və ictimai fikrə, təfəkkürə də birbaşa təsir edir. Reklamdan tutmuş televiziya çıxışlarınadək isə bir çox yerdə ədəbi norma gözlənmir. Bəzən elə yanlış ifadələr işlənir ki, dilin məntiqini də, estetikasını da zədələyir. Üstəlik sosial şəbəkələrdə qısaltmalar (tşk, ok, bye-bye və s.) hədsiz yayılıb. Bunlar da dilimizə, ümumi nitq mədəniyyətimizə təsir edir. Bir yaxşı tərəf odur ki, cəmiyyət artıq daha həssasdır və hətta deyırdim ki, insanlar dilçiləşib. Onlar bir-birinin nitqində qüsur görəndə reaksiya verir. Amma bu da təkbaşına kifayət deyil. Sistemli maarifləndirmə və peşəkar məsuliyyət də lazımdır.
- Medianın dilimizin formalaşması və inkişafında rolu barədə nə düşünürsünüz? Azərbaycan mediası ədəbi dil normalarına yetərincə diqqət yetirirmi?
- Medianın rolu çox böyükdür. Yayılan istənilən informasiya həm dili zənginləşdirə, həm də zədələyə bilər. Təəssüf ki, dil normalarını ən çox pozan sahələrdən biri yenə medianın özüdür. Bundan başqa, rəsmi üslubda da ciddi problemlərə rast gəlinir. Rəsmi blanklarda, ərizə, müraciət və s. belə üslub səhvlərinə rast gəlirik. Bu, cəmiyyətin yazı mədəniyyətinə də təsir edir. Bundan əlavə, qəzetlərdə, saytlarda, televiziya xəbər dilində tələskənlik, diqqətsizlik, bəzən də məsuliyyətsizlik nəzərə çarpır.

- Azərbaycan dilinin söz ehtiyatının zənginləşdirilməsi istiqamətində hansı işlər görülür?
- Əşya dilə söz gətirir. Məsələn, mobil telefonlar yarananda bizim dilimizdə “ayfon” sözü yox idi. Əşya ilə birlikdə söz dilimizə gəldi, “vətəndaşlıq qazandı” və işlənməyə başladı. Ancaq elə sözlər də var ki, "vətəndaşlıq" qazana bilmir, gəlir, bir müddət işlənir, sonra isə uğursuzluğa görə sıradan çıxır.
Məsələn, “mesaj” sözünün əvəzinə dialektlərimizdə işlənən “ismarıc” sözü var. Niyə biz mütləq “mesaj” işlətməliyik? Eyni şəkildə dialektlərimiz hər zaman ədəbi dil üçün baza rolunu oynayıb. Oradakı yaxşı sözləri seçib ümumi dilə gətirmək mümkündür. Məsələn, Bakı dialektində işlənən “qənbər” sözü bu gün artıq geniş yayılıb. Qərbi Azərbaycandan gələn soydaşlarımızın işlətdiyi “qəlbi” (hündür mənasında) sözü də dilə daxil olub.
Əvvəllər lüğətimizdə 110 mindən çox söz yox idi, indi isə 220 minə yaxın söz bazamız var. Bu o demək deyil ki, sözlərin hamısı lüğətə daxil ediləcək. Sözlər emal olunur, tezlik proqramları vasitəsilə yoxlanılır. Əgər söz cəmiyyətdə işləkdirsə və ehtiyac varsa, lüğətə salınır. Dilimizdə 220 min işlək söz olduğu halda, niyə onlardan istifadə etməyək, mütləq gedib xarici, əcnəbi sözlər gətirək? Bu iki məqsəd daşıya bilər, ya özünü çox bilikli göstərmək istəyi, ya da ümumiyyətlə bilməməkdən irəli gəlir.
Vaxtilə Ömər Faiq Nemanzadə deyirdi ki, mən istəmirəm yazılarımı üç-beş istanbullu oxusun, istəyirəm xalq oxusun. Bax, məsələ budur. Özünü bilikli göstərmək istəyənlər bəzən bilmirlər bunu necə etsinlər ki, alim kimi görünsünlər. Məsələn, çox keçmişə getməyə ehtiyac yoxdur - Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Şeyx Nəsrullah obrazı var. Azərbaycanca danışmağa başlayanda köməkçisi dərhal deyir: “Şeyxanə, ərəbcə danış, ərəbcə danış”. Çünki ərəbcə danışanda bir az nüfuzu, hörməti artır. Bu gün də bəziləri əcnəbi dildə danışanda insanların onları bilikli, məlumatlı hesab edəcəyini düşünürlər. Bunlar müəyyən mənada sözün mənasını bilmədən dilə gətirməkdən də irəli gəlir. Bax, bu çox pisdir.
- Yeni terminlərin yaradılması və alınma sözlərin tənzimlənməsi üçün konkret mexanizmlər varmı?
- Dil bazası olmadan nə lüğət yazmaq, nə terminoloji işi düzgün qurmaq olar. İndi bizim əlimizdə böyük söz bazası var. Terminologiya isə bizim zəif həlqələrimizdəndir. Çünki xaricdən söz axını çoxdur və bu sözlərin hamısını olduğu kimi qəbul etmək düzgün deyil. Burada əsas prinsip sadədir. Əgər dilimizdə qarşılıq varsa, o işlənməməlidir. Yox əgər, qarşılığı yoxdursa, o zaman alınma sözün işlənməsi təbiidir. Məsələn, “banan” kimi sözləri olduğu kimi qəbul etməliyik, çünki buna “meymun yeməyi” deyə bilmərik. Həmçinin, söz nə qədər işlənir, cəmiyyətə lazımdırmı, faydalıdırmı? Bu meyarlarla qərar vermək daha doğrudur. Dialektlər də bizim üçün baza rolunu oynayıb. Bəzən unutduğumuz sözlər dialektlərdə yaşayır və belə halda uyğun olanları ədəbi dilə gətirmək mümkündür. Bu məsələ ətrafında müzakirələr 1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayda da aparılmışdı. Məsələn, Fərhad Ağazadə alınma söz əvəzinə “əski türkcə”ni, arxaik sözləri dilə gətirməyi, B.Çobanzadə həm dialektlərdən, həm ədəbi dilimizin söz yaradıcılığından bəhrələnməyi, başqa türkdilli xalqların söz bazasından istifadə etməyi, əlacsız qaldıqda Avropa dillərinə müraciət etməyi tövsiyə edirdi.
Cənab Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki çıxışında da qeyd etmişdi ki, yad sözlər damla-damla yığılaraq gələcəkdə ciddi fəsadlara səbəb ola bilər. Bu baxımdan terminoloji və söz bazasının yenilənməsi, habelə düzgün seçimi çox vacibdir.
- Şagird və tələbələrin söz ehtiyatının ölçülməsi ilə bağlı normativ yanaşma mümkündürmü? Məsələn, ibtidai sinfə başlayan, məktəbi və ya ali təhsili bitirən gəncin təxminən neçə söz bilməsi kimi…
- Söz ehtiyatı birbaşa mütaliədən asılıdır. Nə qədər çox oxusa, bir o qədər leksik bazası artır. Uşaq sözü ilk dəfə ailədə eşidir, sonra məktəbdə genişləndirir, daha sonra oxuduğu ədəbiyyatla zənginləşdirir. Məncə, burada ən böyük başlanğıc nöqtəsi dərsliklərdir. Şüur da, nitq mədəniyyəti də oradan formalaşır. Dərsliklərin hazırlanması mexanizmi təkmilləşməlidir. Müəllif seçimi, mətnlərin yaş dövrünə uyğunluğu, dilin səviyyəsi nəzarətdə saxlanılmalıdır. Ümumilikdə də, dərsliklərin rəqəmsallaşdırılmasına gəlincə, bunu, istər elmi-texnoloji yenilik, istərsə də iş yükünün yüngülləşdirilməsi baxımından müsbət dəyərləndirirəm.

- 2 il öncə tapdığınız nadir “Divanü lüğat-it-türk” əsəri… necə oldu bu kitabı məhz Dilçilik İnstitunun arxivindən tapa bildiniz?
- 2024-cü ildə dünyada uzun illər axtarılan bu nadir əsəri Dilçilik İnstitutunun arxivindən aşkar etdim. Bu, XI əsr alimi Mahmud Kaşğari tərəfindən qələmə alınmış möhtəşəm bir türk dili abidəsidir. Ensiklopedik lüğət 1074-cü ildə ərəb xəlifəsinə bağışlanıb. Monqol istilası zamanı yandırılan əsərin üzü köçürülmüş əlyazması 1915-ci ildə İstanbulda aşkarlanıb. Dünyada ilk tərcüməsi milliyyətcə özbək olan, 1918-ci ildə Nuru paşanın qoşunlarının tərkibində Bakıya gələn Xalid Səid Xocayev tərəfindən məhz Azərbaycan dilinə tərcümə olunub. Bu kitaba görə onu həbs edərək, 3 gün sonra güllələyiblər. Kitabın ilk dəfə tam şəkildə nəşr olunması onun 950 illik yubileyinə ərməğan oldu. Uzun illərki axtarışlardan sonra bu qiymətli mənbəni tapmaq mənə nəsib oldu. Bir gün sonra kağız çıxdaşları (makulatura) arasında tarixi qovluqlar atılacaqdı. Bir təsadüf və uzun illərin axtarışları öz bəhrəsini verdi. Tapıldı! Kitabı elmi redaktə ilə üç cilddə nəşr etdik. Bu nəşr beynəlxalq səviyyədə də böyük maraq doğurdu. UNESCO tərəfindən dəvət aldım və təşkilatın qərargahında kitab haqqında təqdimatla çıxış etdim.
Ümumilikdə əsas prioritetimiz hazırda da Azərbaycan dilini elmi cəhətdən zənginləşdirməkdir. Hesab edirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik, Tarix və Folklor institutlarında əldə olunmuş nailiyyətlər daha geniş şəkildə tətbiq olunmalıdır. Məsələn, əvvəllər xarici mənbələrdə Azərbaycan toponimləri təhrif olunurdu. Mərdəkanın “Mardakyan” kimi yazılması halları vardı. Bunun qarşısını almaq üçün rus və ingilis dillərində inzibati ərazi adlarımızın düzgün yazılış qaydalarını hazırladıq və onları səfirliklərə, aidiyyəti qurumlara təqdim etdik ki, beynəlxalq yazışmalarda toponimlərimiz təhrif edilməsin. Bundan başqa, dialektoloji atlaslar hazırlayıb nəşr etdirmişik. Dilçilikdə “coğrafi metod” deyilən yanaşmanı ilk dəfə geniş tətbiq etdik. İstənilən sözün hansı bölgədə yarandığını və hansı areal üzrə yayıldığını elmi şəkildə göstəririk. Artıq Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ atlasları nəşr olunub, Borçalı, Təbriz və Dərbənd atlasları üzərində isə iş aparılır. Əsas məramımız da Azərbaycan dilinin kompakt şəkildə yayıldığı bütün arealları elmi əsaslarla təqdim etməkdir.
- Müasir Azərbaycan yazıçılarının dili barədə nə düşünürsünüz? Ədəbi norma baxımından sizi qane edirmi?
- Yaxşı yazıçılarımız çoxdur, izləyirəm və oxuyuram. Bir məqamı qeyd etmək istəyirəm. Azərbaycan dilinin qrammatik quruluşunu mükəmməl bilən insan, əslində digər türk dillərini də, məsələn, türkmən dilini, özbək dilini, qazax dilini və s. daha asan başa düşür. Çünki bu dillərin quruluşunda ümumi qanunauyğunluqlar vardır. Məsələn, cümlə quruluşu. Əvvəl mübtəda gəlir, sonra ikinci dərəcəli üzvlər, sonda isə xəbər. Bəzi gənc yazıçıların əsərlərində, nümunələrində isə görürük ki, əvvəl mübtəda verilir, sonra xəbər gəlir, ikinci dərəcəli üzvlər isə sonra yerləşdirilir. Bu model bizim dil üçün səciyyəvi deyil. Bu, daha çox fars, erməni və rus dillərinin sintaktik quruluşuna uyğun formadır. Ona görə də gənc müəlliflər dilimizin təbii sintaksisinə daha diqqətlə yanaşmalıdırlar.
- Azərbaycan ədəbi dilinin qorunması və təbliği baxımından klassik və müasir ədəbiyyatda hansı əsərləri və müəllifləri nümunə göstərərdiniz?
- Klassiklərimizdən yan keçmək olmaz. Nizami Gəncəvi, Nəsimi, Füzuli, Qazi Burhanəddin, Xətai və başqaları. Sonrakı mərhələdə Mirzə Fətəli Axundzadənin dramları, Cəlil Məmmədquluzadə, Üzeyir bəyin publisistikası, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Rəsul Rza, Əliağa Vahid… Bu yazıçılarımız dilin həm zənginliyi, həm də üslub mədəniyyəti üçün sözün həqiqi mənasında bir ədəbi məktəbdirlər.
Bununla bərabər, müasir yazıçıların yaradıcılığını da izləyirəm. Konkret ad çəkmək istəmirəm, çünki birinin adını çəkib digərini çəkməmək düzgün olmaz. Amma onlara bir tövsiyəm var ki, çox yazmasınlar. İnsan çox yazanda özünü də çox “xərcləyir”. Məsələn, Ramiz Rövşən kimi şairlər bəzən uzun fasilə ilə yazırlar, amma hər yeni nümunə bir brendə çevrilir. Sözün də öz lətafəti var. Necə ki su həddindən artıq içiləndə fayda yox, zərər verir, söz də həddindən artıq işlənəndə təsirini itirir. Çox yazanda fikir təkrarlanır, məna zəifləyir. Az yazanda isə oxucu hiss edir ki, müəllif yeni söz, yeni bir fikir gətirib. Zənnimcə, bu, daha qiymətlidir.
- AMEA-nın 80 illiyində Prezident İlham Əliyev dedi ki, Azərbaycan dilində qarşılığı olan sözün əvəzinə xarici kəlmənin işlədilməsi ya səhvdir, ya da təxribatdır. Dilçilik elmi bu məsələyə necə yanaşır?
- Tamamilə doğrudur. Bu ifadə təsadüfi deyil. Əgər qələm tutan, nitq qabiliyyəti olan bir fərd, jurnalist, yazıçı və s. qarşılığı ola-ola əcnəbi sözə qaçırsa, bu iki səbəbdən qaynaqlanır. Ya dili bilmir, ya da özünü “bilikli göstərmək” istəyir. Halbuki dilin zənginliyi elə ondadır ki, öz sözümüzlə fikri daha dəqiq və daha səliqəli ifadə edək. Alınma söz o zaman işlənə bilər ki, dilimizdə analoqu olmasın, yaxud bu artıq beynəlxalq leksikonda sabitləşmiş anlayış olsun. Amma qarşılığı olduğu halda kənar söz yığmaq elə cənab Prezidentin də qeyd etdiyi kimi, dilə “damla-damla” ziyan vurur.
- Prezident İlham Əliyev vurğuladı ki, dilin saflığını qorumaq hamının - alimlərin, medianın, yaradıcı şəxslərin, siyasətçilərin ortaq məsuliyyətidir. Bu məsuliyyət praktik müstəvidə necə bölüşdürülməlidir?
- Bəxtiyar Vahabzadənin məşhur bir misrası var: “Mən yanmasam, sən yanmasan, bəs kim çıxaracaq bizi qaranlıqdan işıqlığa?” Mən də bunu demək istəyirəm: mən etməsəm, sən etməsən, alimlər etməsə, bəs kim edəcək? Bu işi həm praktik, həm də elmi şəkildə görməliyik. Yəni məsələ məişət səviyyəsində deyil, sistemli və peşəkar yanaşma tələb edir. Dilimizin normalarını qoruyan bizik. Əgər biz bu normaları qoruya bilməsək, onda kimə arxayın olacağıq? Ulu öndər Heydər Əliyevin də dediyi kimi, bu dil bizə babalarımızdan qalıb və biz onu göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Bizim amalımız da odur ki, estafeti gələcək nəsillərə ötürəndə onlara sağlam, saf və mədəni bir dil verək.
- Sosial şəbəkələrdə gənclər “cool, cringe, task, text” kimi sözləri tez-tez işlədirlər. Bu tendensiya gələcəkdə dilimizin unudulmasına səbəb ola, habelə həmin sözlər siyahıya alına bilərmi?
- Min illərin sınağından keçən dilimiz unudula bilməz. Bu dil ərəb, fars, monqol, rus inperiyalarına qalib gəlib. Daş qayadan nə aparar? Bu insanların səviyyəsi ilə bağlıdır. Dilimizin leksik və qrammatik zənginliyini yaxşı bilən insan, adətən, belə ifadələrə ehtiyac duymur və öz sözlərimizdən istifadə edir. Qarşılığı olduğu halda əcnəbi sözlərə üstünlük vermək dilimizə ziyan vurmaqdan başqa bir şey deyil. Bu məsələdə də işə reklam mühitindən başlamaq lazımdır. Reklam şəhərin təkcə vizual bəzəyi deyil, o, eyni zamanda ictimai fikrə birbaşa təsir göstərən amildir. Xaricdən gələn qonaqlar bəzən təəccüblə soruşurlar: bura Azərbaycandır, yoxsa başqa bir ölkə? Bu mənzərəni yaradan da müəyyən mənada elə özümüzük.
Düzdür, bu sahədə sərt cəza mexanizmləri mövcud deyil, əsasən maarifləndirmə yolu ilə təsir göstərməyə çalışırıq. Konfranslar keçiririk, qeyri-hökumət təşkilatları ilə tədbirlər təşkil edirik. Lakin etiraf etməliyik ki, nəticə heç də istədiyimiz səviyyədə deyil. Halbuki istək olsa, vəziyyəti qısa müddətdə dəyişmək mümkündür. Axı heç kim insanı məcbur etmir ki, qarşılığı olan sözün əvəzinə mütləq əcnəbi ifadə işlətsin. Burada məsələ seçim və məsuliyyət məsələsidir.

- Türk dilləri sırasında Azərbaycan dili özünü nə qədər qoruyub saxlaya bilib? Bu illər ərzində həddən çox dəyişikliklərə məruz qalıbmı?
- Mən deyərdim ki, türk dilləri arasında özünü ən yaxşı qoruyub saxlayan dillərdən biri məhz Azərbaycan dilidir. Dilin saflığı baxımından da Azərbaycan dili seçilir. Bunun əsas səbəblərindən biri ahəng qanununun dilimizdə aydın və sistemli şəkildə qorunmasıdır. Ahəng qanunu “qızıl qanun” hesab olunur və Azərbaycan dilində bu özünü göstərir. İncə və qalın saitlərin uyğunluğu, sözə qoşulan şəkilçilərin bu uyğunluğa tabe olması dilimizin qanunauyğunluğunu təmin edən ən mühüm xüsusiyyətlərdəndir. Bu sistemlilik dilin gözəlliyini və təbii axıcılığını da qoruyur. Məsələn, biz “siqaret içmək” yox, “siqaret çəkmək” deyirik. Bu ifadənin özü belə dilimizin məntiqini və semantik dəqiqliyini göstərir. Bu silsilədən olan nümunələr və bir sıra nüanslar da Azərbaycan dilinin fərqliliyini və zənginliyini ortaya qoyan səciyyəvi xüsusiyyətlərdir.
- Xarici dillərdən tərcümə edilən kitablarda bəzən uyğun ifadələr düzgün əks olunmur. Bu kontekstdə yeni sözlərin daxil edilməsi və terminologiyanın zənginləşdirilməsi planlaşdırılırmı?
- Qətiyyən yox. Biz həmin sözləri qeydiyyata alırıq, araşdırırıq və onları “okkazional sözlər” kimi qiymətləndiririk. Əsas məsələ odur ki, bu sözlər xalq tərəfindən mənimsəniləcəkmi, dilə yatımlı olacaqmı... Əgər dilə uyğun gəlmirsə, məsələ bununla bitmiş sayılır. Bu baxımdan yeni sözlərin qəbulunda ehtiyatlı olmaq lazımdır.
- Azərbaycan sektorunda oxuyan şagirdlərin rus sektorunda oxuyanlardan milli dəyərlərə daha bağlı və intizamlı olduğu barədə fikirlər səslənir. Necə düşünürsünüz, dil bu baxımdan nə dərəcədə rol oynayır?
- Bizim əxlaqımız və davranış normalarımız ana beşiyində formalaşır. Ana laylasında eşidilən söz uşağın ruhuna hopur və milliləşmə prosesi məhz oradan başlayır. Ana laylası ilə deyil, başqa dillə qidalanan insandan necə eyni nəticəni gözləmək olar? Azərbaycan dilinin mayası məhz erkən yaşda qoyulmalıdır ki, insanın təfəkkürü düzgün formalaşsın və gələcəkdə cəmiyyət üçün faydalı şəxsiyyət yetişsin. Mən başqa dilləri pisləmək istəmirəm. Rus dilinin də öz gözəlliyi var. Lakin təhsilini rus dilində alan şəxs milli ədəbiyyatımızı, məsələn - Cəlil Məmmədquluzadəni, Mirzə Fətəli Axundzadəni, Səməd Vurğunu tanımayacaq, əvəzində Puşkini, Lermontovu yaxşı biləcək. Bu isə onun milli hisslərdən müəyyən qədər uzaq düşməsinə səbəb olur.
- Türkdilli ölkələrin vahid əlifbası qəbul edilib. Sizcə, bu əlifba nə dərəcədə işlək ola bilər?
- Mən bunu normal qəbul edirəm. Bu məsələ dünən başlamayıb. 1926-cı ildə I Ümumittifaq Türkoloji Qurultayda da ortaq əlifba mövzusu gündəmdə idi, lakin uzunömürlü olmadı. Son dövrlərdə məsələ yenidən gündəmə gəlib. Nəzərə almaq lazımdır ki, burada müəyyən siyasi motivlərin də rolu var. Xüsusilə Orta Asiya ölkələrində əlifba dəyişikliyinin siyasi münasibətlərə təsir göstərə biləcəyi ilə bağlı yanaşma hiss olunur. Buna baxmayaraq, ortaq variant qəbul edildi. Bu əlifbanın ideyası əslində 1991-ci ildə Marmara Universitetində azərbaycanlı və türkiyəli alimlərin iştirakı ilə hazırlanmış layihəyə gedib çıxır. Bəzi xalqlarda müəyyən hərflərin çoxvariantlı olması çətinlik yaratsa da, nəticədə 34 hərf üzərində razılıq əldə edildi. Ümumilikdə hərflərin böyük hissəsi bir-birinə uyğundur. Azərbaycan əlifbası 32 hərfdən ibarət olaraq qalır, Türkiyə əlifbası da dəyişmir. Yeni ortaq əlifba əsasən Azərbaycan əlifbası bazasında hazırlanıb və iki əlavə hərflə 34 hərf formalaşdırılıb. Gələcəkdə bu əlifbanın praktik tətbiqinin necə olacağını isə zaman göstərəcək.
- Dilimizdə elə sözlər varmı ki, istifadədən çıxarılmasına və ya məhdudlaşdırılmasına ehtiyac var?
- Belə sözlər kifayət qədərdir. Orfoqrafiya lüğəti hazırlanarkən də bu nəzərə alınacaq. Vaxtilə ərəb və fars mənşəli bir çox sözlər dilimizdə işlənib, lakin onların hamısını qoruyub saxlamağa ehtiyac yoxdur. Dil təbii şəkildə inkişaf edir. Bəzi sözlərin mənası genişlənir və ya dəyişir, bəziləri isə ümumiyyətlə işləklikdən çıxır. Nümunə olaraq, tarixizm adlanan sözlər var ki, müəyyən dövrlə bağlı olub və artıq həmin reallıq aradan qalxdığı üçün istifadədən çıxır. Sovet dövrünə aid terminlərin bir qismi də bu qəbildəndir. Əgər söz artıq işlənmirsə və ehtiyac qalmayıbsa, onun lüğətlərdən çıxarılması da tamamilə təbii prosesdir.
- Azərbaycan dilinin tarixən və bu gün ən çox təsir göstərdiyi dillər hansılardır?
- Bunu konkret şəkildə demək çətindir. Azərbaycan dilinin başqa dillərə ciddi təsir göstərdiyini söyləmək doğru olmaz. Əksinə, müxtəlif dillərin bizim dilə təsiri daha çox müşahidə olunur. Gənclərin maraqları, xaricdə təhsil imkanları, beynəlxalq əlaqələr, ticarət və ünsiyyət kimi amillər bu prosesdə mühüm rol oynayır. Türk dilləri arasında qarşılıqlı təsir təbii ki, mövcuddur. Ümumiyyətlə, bəzi türk mənşəli sözlərin rus dilinə keçdiyi də məlumdur (məsələn, “karandaş”, “kolbasa” və s.). Lakin Azərbaycan dilindən başqa dillərə geniş miqyaslı təsir barədə danışmaq isə bir qədər çətindir.
- Yekun olaraq, dilimizi qorumaq və inkişaf etdirmək üçün cəmiyyətə hansı mesajları vermək istərdiniz?
- Cəmiyyət ilk növbədə ana dilinin zənginliyini dərindən bilməlidir. İnsanlar dilə bələd olduqca, lazımsız əcnəbi sözlərdən istifadə etməyə ehtiyac duymayacaq və öz dilimizin imkanlarından yararlanacaqlar. Qəzetləri, mətbuatı, bədii ədəbiyyatı oxumaq, dilin gözəlliyini hiss etmək çox vacibdir. Bir dildə ki, roman, esse, fəlsəfi fikir və şeir yazmaq mümkündür, bu, həmin dilin zamanın sınağından çıxmış, zəngin və cilalanmış bir dil olduğunu göstərir. Ona görə də, xüsusi vurğulamaq istərdim ki, dilin gözəlliyini duymaq və onu qorumaq hər birimizin borcudur. Ulu öndər deyirdi: “Bu dil bizə babalarımızdan miras qalıb, onu göz bəbəyimiz kimi qorumalıyıq. Bizim borcumuz dilimizi gələcək nəsillərə etibarlı şəkildə ötürməkdir".