Modern.az

Müəllimin avtoritetliyini geri qaytarmalıyıq - MÜSAHİBƏ

Müəllimin avtoritetliyini geri qaytarmalıyıq - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 10:06

Fariz İsmayılzadə: "Deputat biganə olmamalıdır, problem varsa, səsləndirməlidir"

"AMEA-nın bugünkü fəaliyyəti zəifdir"

"İş axtarmayanları işsiz hesab etmək olmaz" 

Milli Məclisinin VII çağırış deputatı, Elm və təhsl komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə Modern.az-a müsahibə verib. 

Müsahibəni təqdim edirik:

– Fariz müəllim, Lənkəran, ABŞ, Avropanın bir sıra ölkələri, sonra Bakı... Fəaliyyətinizi yenidən Azərbaycanda davam etdirməkdə əsas məqsədiniz nədir?

– Azərbaycandan xaricə beyin axını 1990-cı illərdə çox idi. Gənclər hamısı xaricə axışırdı. Çünki həmin dövrdə iqtisadiyyat zəif, sosial rifah isə aşağı idi. Xaricdə oxuyandan sonra qarşımızda iki seçim olurdu: qayıtmaq, yoxsa qayıtmamaq. Bəziləri xaricdə qalmağı seçdi, bəziləri isə yenidən Azərbaycana qayıtdı. Bu mövzuda hər kəsin şəxsi seçimi oldu. Məsələn, mənimlə birlikdə 90-cı illərdə oxuyanların böyük hissəsi xaricdə qalmışdı. İndi onlar da yavaş-yavaş Azərbaycana qayıtmaq istəyirlər, hətta bir neçəsi artıq qayıdıb. Bu da onu göstərir ki, artıq Azərbaycan dəyişib: burada yeni imkanlar, yaxşı maaş, həmçinin iş perspektivi artıb.

– Sizin ABŞ-də təhsil almağınız dövlət xətti ilə oldumu?

– Bakalavriatı ABŞ dövlət proqramı, magistraturanı isə Azərbaycan dövlət proqramı əsasında bitirmişəm. Təhsil aldığım müddətdə isə hər iki ölkənin dövlət təqaüdünü almışam.

– Fərqlər var idi, yəqin ki...

– Azərbaycan sürətli şəkildə güclənir və hazırda minlərlə gəncə təqaüd verə bilir. Bu məni sevindirir. Azərbaycan dövlət proqramının xəttində hər şey ödənilir – təhsil haqqı, ev, sığorta, gediş-gəliş, viza xərcləri. Sadəcə, tək tələb qayıdıb ölkədə işləməkdir. ABŞ-də isə tələblər daha çoxdur. 

– 2024-cü ildə Milli Məclisin VII çağırış deputatı seçildiniz. Belə bir istəyiniz əvvəldən var idimi, yoxsa son anda qərar verdiniz?

– 20 ilə yaxındır ki, ADA Universitetində işləyirəm. Təbii ki, hər bir insan həyatında fərqli istiqamətlər axtarır. Düşünürdüm ki, əgər 20 ildir ADA Universitetində işləyirəmsə, burada topladığım təcrübəni siyasi arenada da istifadə edə bilərəm. Beləliklə, qərar verdim ki, bu seçkilərdə namizədliyimi irəli sürəcəyəm və hazırda da Milli Məclisin Elm və təhsil komitəsində təmsil olunuram. Mən parlamentdəki fəaliyyətimə ADA Universitetindəki təcrübəmin davamı kimi baxıram. Çünki ADA Universitetindəki fəaliyyətim boyunca ali təhsilin inkişafından, beynəlxalq layihələrdən danışırıq. Nəticədə bu təcrübənin davamını siyasi və qanunvericilik sahəsində inkişaf etdirmək imkanımız oldu. 

– Parlamentdən gözləntiləriniz nə idi?

– Yeni qanunların müzakirəsi, xarici parlamentlərlə təcrübə mübadiləsi, xarici platforma, beynəlxalq təşkilatlarla əməkdaşlıq, vətəndaşlarla sıx işləmək... Çünki universitet mühiti bir az fərqlidir, orada ancaq tələbələrlə işləyirsən. 

– Yaxşı, bəs deputat seçildikdən sonra Azərbaycan parlamenti gözləntilərinizi doğrultdumu?

– Konkret desək, bəli, doğrultdu. Çünki məndə üç istiqamət var. Birincisi, vətəndaşlarla işləməkdir ki, bu baxımdan, Lənkərana ayda 2 dəfə səfər edirik. İkinci istiqamət qanunverici istiqamətdir, burada söhbət qanunların müzakirəsindən gedir. Üçüncü isə təbii ki, beynəlxalq məsələdir. Mən Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm və bu parlamentlə çox sıx əlaqələrimiz var. Ümumilikdə, dediyim hər üç istiqamətdə yeniliklər görürəm. 

Böyük Britaniya parlamenti dünyada ən vacib parlamentlərdən biridir. “Dağlıq Qarabağ” problemi qaldırılanda Azərbaycana ən çox təzyiqlər məhz parlamentlərdən gəlirdi. Bizim vəzifəmiz parlamentləri məlumatlandırmaq, detallı informasiya verməkdir ki, onlar Azərbaycanı dəstəkləsinlər. Təəssüf ki, Britaniya parlamentində son 2 il ərzində dostluq qrupu fəaliyyət göstərmirdi. Çünki orada bəzi ölkələrlə bağlı korrupsiya skandalı olduğu üçün Britaniya parlamentdəki bütün dostluq qruplarının fəaliyyəti dayandırılmışdı. Bizim vəzifəmiz də yenidən bu dostluq qrupunun fəaliyyətini bərpa etməkdir ki, prinsipcə indi işlər daha yaxşıdır. 

– Bəzən bir neçə çağırış seçilən deputatlarla ilk dəfə seçilən deputatlar arasında isti olmayan münasibət müşahidə olunur. Sizin qocaman deputatlarla münasibətiniz necədir?

– Mən, demək olar ki, bütün deputatları tanıyırdım. Çünki onlar mütəmadi olaraq ADA Universitetinin tədbirlərində çıxış edirdilər. Parlamentin daxili proseduralarını öyrənmək üçün bir az vaxt gedir, məsələn, hansı formada çıxışları hazırlamaq, təklifləri vermək kimi məsələlərdə daha yaşlı deputatlarla ünsiyyətimiz faydalıdır. İstər çıxışları hazırlamaq, istər təklifləri vermək, istərsə də, məsələn, hansı məqamda susmalısan kimi məsələlər üçün bu təcrübə faydalıdır. Sözün düzü, mən ilk dəfə seçilən deputatlarla əvvəlki illərin deputatlarının münasibətlərində hər hansı bir təzyiq və ya neqativlik hiss etməmişəm. Əksinə, biz onların davranışlarına baxıb nələrsə öyrənirik. Məsələn, hansısa qanun müzakirəyə çıxarılanda ona indiyədək hansı dəyişikliklərin olduğunu əvvəlki çağırış deputatlarından öyrənə bilirik. Hətta davranış qaydalarında da öyrəndiyimiz nələrsə var. Yaxud Nazirlər Kabinetinin hesabatını dinləyəndə müəyyən məsləhətlər də verirdilər. Yəni siz düşündüyünüz kimi deyil, deputatlar, əslində, mehribandırlar. 

– Sizcə, deputat necə olmalıdır?

– Deputat, birinci növbədə, biganə olmamalıdır. Cəmiyyətdə, idarəçilikdə problemlər varsa, onu səsləndirməlidir. Çünki o məhz buna görə Milli Məclisdə oturur. Son iki il ərzində mən də Milli Məclisdə bir sıra məsələni qaldırmışam. Təbii ki, burada başqa kriteriyalar da var. Deputatın beynəlxalq təcrübəsi olmalıdır, vətəndaşlarla görüşlərə açıq olmalıdır, qayğıkeş olmalıdır. 

– Parlamentdə illərdir müzakirə olunan, ancaq qəbul edilməyən qanunlardan biri də “Ali təhsil haqqında” Qanundur. Sizin fikrinizcə, bu qanun layihəsinin qəbul edilməməsi ali təhsildə hansı problemlər yaradır?

– VII çağırışda “Ali təhsil haqqında” Qanun gündəliyə daxil edilməyib. Sonuncu dəfə VI çağırışda müzakirə edilib və həmin müzakirələrdə ekspert kimi iştirak etmişdim. Həmin qanun layihəsində müsbət məqamlar çox idi. Məsələn, bakalavr təhsilinin 3, magistratura təhsilinin 1 ilə endirilməsi, idarəetmədə müxtəlif çevikliklər, yeni ixtisasların yaradılması kimi bir sıra vacib məsələlər öz əksini tapmışdı. Amma nə üçün qəbul edilmədiyini, sözün açığı, bilmirəm. 

Ümumilikdə desək, məncə, bu qanunun qəbuluna ehtiyac var, çünki cəmiyyət, dünya dəyişir. Yeni qanunda mən hətta universitetlərə daha çox muxtariyyətin verilməsinin, onların daha çevik ixtisas yarada bilməsinə şərait yaradılmasının tərəfdarıyam. Eləcə də ali təhsil müəssisələrinin tələbə transfer etməsinin, o cümlədən tələbələrin bir fakültədən digərinə keçirilməsi prinsiplərinin sadələşdirilməsi zəruridir. Bir sözlə, hazırda belə bir qanun layihəsinə ehtiyac var. Bu baxımdan, gərək biz bu qanun layihəsini hazırlayaq. Universitetlərdə standart 4 və ya 5 il bir sahədə ixtisaslaşmaq, oxumaq təcrübəsi artıq sıradan çıxır. Bəzən  görürsən ki, sən hansısa bir ixtisasda təhsil almağa başlayırsan, amma 10 il sonra həmin ixtisas sıradan çıxır. Bu səbəbdən, daha mobil, çevik proqramlar, onlayn və distant resursların istifadəsindən yararlanmaq lazımdır. Biz görürük ki, kurikulum belə universitetlərdə bu çevikliyi yarada bilmir. 

– Azərbaycan təhsilinin hazırkı inkişaf dinamikasından razısınız?

– Azərbaycanda 1990-cı illərdə təhsil sistemi çökdü. Müasir dövrdə, lap dəqiq desək, son 10-15 ildə hökumətin əsas işi tədrisi qaldırmağa yönəlib, hələ ki tədqiqata gücümüz çatmır. Burada tədris işinin qaldırılması dedikdə müəllimlərin maaşının artması, yeni universitetlərin yaradılması, universitetlərdə rektorların dəyişdirilməsi nəzərdə tutulur. Yəni bu gün bizim əsas məqsədimiz tələbənin normal, keyfiyyətli təhsil almasıdır. Amma universitetlərin beynəlxalq səviyyəyə qalxması üçün orada yüksək səviyyədə tədqiqatlar, innovasiya, kəşflər, patentlər olmalıdır. Tədqiqat aparmaq üçün vəsait, laboratoriya, elmi mühit, alimlərin əməkdaşlığı kimi məsələlər çox vacibdir. Təəssüf ki, o mühiti hələ ki yarada bilməmişik. 

– Fariz müəllim, siz təhsilinizi xaricdə almısınız. Buna görə də hazırda yüksək vəzifədə təmsil oluna bilirsiniz. Bəs Azərbaycan universitetləri dövlətin yüksək vəzifələrində çalışan məzunlar yetişdirə bilirmi?

– Məzundan məzuna fərq var. Elə məzun var ki, praktikası var, biliklidir, banklarda və bənzər yerlərdə işləyib. Nəticədə, o daha sonra yaxşı iş tapa bilir. Hətta çox vaxt şirkətlər belə onlara müraciət edir. Amma elə tələbə də var ki, o 4 il ərzində heç nə oxumur, sonra…

– Amma Dövlət Məşğulluq Agentliyinin hesabatına əsasən, Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl universitetlərin məzunları ən yaxşı halda banklarda işləyir və ortalama olara məzunların son 2 ildə 40-45 faizi iş tapa bilir...

–  Dövlət Məşğulluq Agentliyinin hazırladığı hesabatla razılaşmıram. Çünki hesabatları doğru deyil. O hesabat yalnız kimin əmək müqaviləsinin olması ilə ölçülür. Kimlərsə xaricə gedib təhsilini davam etdirir, kimlərsə əsgərlikdədir, kimlərsə analıq məzuniyyətindədir. Və yaxud kimsə sahibkarlıqla məşğul olur, amma əmək müqaviləsi yoxdur. Həmçinin, xüsusi orqanlar orada qeydiyyatda deyillər. Bu baxımdan, o statistika çaşdırıcı statistikadır. Bununla bağlı parlamentdə də çıxış etmişdim. Yəni bu statistika o demək deyil ki, orada göstərilən faizə əsasən, yerdə qalanları işsizdir. Elə insan var ki, evdə oturub iş axtarmır. O da statistikaya təsir edir. İşsiz yalnız o adam sayılır ki, iş axtarır, amma tapa bilmir. Dediyim kimi, elə insan var ki, evdə oturub iş axtarmır. 

Ümumi götürsək, məzunların bir hissəsi ixtisasına uyğun iş tapa bilmir. Bu da onunla bağlıdır ki, yəqin, tələbə yaxşı oxumayıb, bazarda rəqabətə dözə bilmir və nəticədə, bizim iqtisadiyyatımız da tam sürətlə inkişaf etmir. Amma mən o qənaətdəyəm ki, yaxşı kadr özünə iş tapa bilir. Tələbə təkcə dərslərdə öyrənmir. Bu günün tələbəsi gərək layihələrdə iştirak etsin, yay düşərgələrində, konfranslarda olsun. Bizim tələbələrin əksəriyyəti dərsdən evə, evdən də dərsə gedir və nəticədə, bazarla ayaqlaşa bilmir. 

– Sizin tələbələrə tövsiyəniz nə olardı?

– Tələbələrə məsləhətim o olardı ki, dərsdənkənar fəaliyyətlə məşğul olsunlar. Konfranslarda, düşərgələrdə, treninqlərdə nə qədər iştirak etsələr, o qədər aktiv olarlar, ünsiyyət bacarıqları inkişaf edər.

– Amma dedikləriniz yalnız Bakıda təhsil alan tələbələrə aid edilə bilər. Bakı və bölgələrdəki universitetlərin səviyyəsinin bir-birindən kəskin fərqləndiyi deyilir. Məsələn, siz BDU ilə LDU-nu müqayisə etsəniz, hansı nəticələrə gələrsiniz?

– Əlbəttə, fərqlər çoxdur. Bakıda şirkətlər çoxdur və imkanlar daha genişdir. Təbii ki, rayonda olan gənclər üçün Bakıdakı kimi şərait yoxdur. Amma mən də rayonda oxumuşam. Həmçinin mənim oxuduğum illər 90-cı illərə təsadüf edib. Onda internet yox idi, indi isə var. Bu mənada, internetdən istifadə etməklə dil öyrənmək, onlayn kurslarda iştirak etmək mümkündür. Yəni inkişaf üçün imkanlar var, əsas istək olmalıdır. Mən Lənkəran səfərimdə Lerikə də getmişdim, ora daha ucqar bölgədir, amma orada belə internet var. 

– 2000-ci illərin əvvəllərində Azərbaycanda bəzi özəl universitetlər hətta dövlət universitetlərini qabaqlayırdı. Dünya praktikasında da özəl ali təhsil mərkəzləri daha prestijli hesab edilir. Ancaq hazırda ölkəmizdə özəl universitetlərlə bağlı eyni sözü demək mümkün deyil. Siz bunun səbəbini nədə görürsünüz?

– Ümumiyyətlə, Azərbaycan post-sovet cəmiyyəti dövlət strukturlarına daha çox etibar edir, çünki biz uzun illər Sovet İttifaqında yaşamışıq. Ona görə də cəmiyyətdə belə düşüncə var ki, dövlət universitetidirsə, onun diplomu bütün qurumlarda tanınacaq. Özəl universitetlərdə isə müəyyən zamanlarda müəyyən keyfiyyət problemləri yaşandı, bəziləri bağlandı, bəzilərinin diplomu sonralar tanınmadı. Amma xaricdə və hətta Türkiyənin özündə belə özəl universitetlər daha prestijlidir. Bu gün bəzi özəl universitetlər var ki, onlar, həqiqətən də, yaxşı işləyirlər. 

– Universitetlərdəki problemlərdən danışdıq. Bəs Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini olaraq, sizcə, Azərbaycan elminin və təhsilin əsas problemləri nələrdir?

– Əsas problemlər odur ki, dünya sürətlə dəyişir və biz o dəyişikliklərdən geri qalırıq. Universitetlərimiz daha çevik olmalıdır ki, texnologiyalara adaptasiya olsunlar. Eyni sözlər təhsillə yanaşı elmimizə də aiddir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi işlər daha çox universitetlərdə olur. Son illərdə bu istiqamətdə də işlər aparılır. Azərbaycan Milli Elmlər Akademiyasına daxil olan bir sıra institutları universitetlərə birləşdiriblər. Burada söhbət birləşməkdən daha çox sinergiyadan gedə bilər. Amma, təəssüf ki, bu proses belə kifayət qədər zəif gedir və universitetlərdə tədqiqat potensialı hələ ki gücləndirilməyib. 

– Ümumiyyətlə, AMEA-nın fəaliyyətini necə qiymətləndirirsiniz? Bu qurum fəaliyyətini cəmiyyətə nə dərəcədə göstərə bilir, onun nəşr etdiyi kitablar necə effekti yarada bilir?

– Ümumilikdə götürsək, AMEA-nın bugünkü fəaliyyəti zəifdir. Məsələn, xaricdə tədqiqat, əsasən, özəl sektor tərəfindən sifariş olunur. Özəl şirkət hansısa texnoloji yeniliklər, innovasiyalar, patentlər, mühəndislik qurğuları sifariş verir və nəticədə, elm də qabağa gedir. Bizdə özəl sektordan sifariş yoxdur, Elmlər Akademiyasının vəsaiti dövlətdən gəlir, o da kifayət qədər azdır. Nəticə etibarilə, elmi tədqiqat və araşdırmalar az aparılır, heç bir ixtira edilmir, innovasiya görünmür. Vəsait az olduqda, təbii ki, Elmlər Akademiyasının da işi zəif olacaq. Bəzi institutlar passiv formada fəaliyyət göstərir, daha çox köhnə araşdırmalarını davam etdirilər və real indisturiyadan olan sifarişləri yoxdur. 

– Təhsil Nazirliyinin adı dəyişdirilərkən onun səlahiyyətləri də artdı. Elm sahəsi üzrə əsas iş nazirliyə həvalə olundu. Emin Əmrullayev də çıxışları zamanı bildirmişdi ki, elm təhsilsiz mümkün deyil. Bu baxımdan Azərbaycanda uzun illərdir fəaliyyət göstərən Azərbaycan Elmlər Akademiyasının yaxın 10 ildə səlahiyyətinin daha da azalacağını gözləmək mümkündürmü? 

– Vizyon ondan ibarət idi – bəzi institutları universitetlərlə birləşdirmək və sinergiya yaratmaq. Bu proses artıq üç ildir ki, ləng gedir. Çünki universitetlər öz strukturlarına öyrəşə bilmirlər. Qıraq struktur da gələni bilmir deyə qəbul etməkdə çətinlik çəkir. Ona görə də hamı köhnə üslubda işləyir. Bu mənada, güclü sinergiya görmürəm. 

– Bu günlərdə AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağında bir çox alimin şəkilləri yayıldı. Onların iclasda yatdığı iddia olunur. Sizin buna münasibətiniz necədir?

– Mən o iclasda olmamışam deyə dəqiq deyə bilmərəm, şəkillər nə dərəcədə realdır. Burada günahın 50 faizi jurnalistlərdə, 50 faizi isə alimlərdədir. Bəzən 4-5 satlıq iclasda insan diqqətlə məruzəçini dinləyir, ola bilər ki, hansısa hissədə gözünü yumub. Həmin saniyədə şəxsin şəklini çəkmək heç də düzgün deyil. Belə olanda mövzu konteksdən çıxır. Çünki hər bir insan gözünü yuma, başını əyə bilər. Ola da bilər ki, həqiqətən, yuxulayıb, yəni insandır da, ola bilər ki, gecə pis yatıb, ürəyi ağrıyır, nəsə xəstəliyi var və sair. Əlbəttə ki, bu cür hallar da olur. Hər bir insan bunu yaşaya bilər. Amma ümumilikdə götürsək, burada konteksdən çıxarılma da var. Bəzən görürsən, elə şəkli seçirlər ki, o reallıqdan uzaqdır. 

Həmçinin, müasir dövrdə interaktiv iclaslar keçirilməlidir. Müəyyən vizual elementlər, diskusiya formatı olmalıdır. Dünya dəyişdiyi kimi bu kimi formatlar da dəyişsəydi, yəqin ki, iclas o cür keçirilməzdi. Amma mən bu hadisəyə kəskin şəkildə pis baxdığımı deyə bilmərəm, ola bilər ki, kiminsə yuxusu gəlib. 

– Son illərdə müzakirə olunan əsas məsələlərdən biri də ölkədə müəllim adının getdikcə bəsitləşdiyi iddialarıdır. Bəziləri bunun elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərlə bağlı açıq tənqidi ilə əsaslandırırlar. Siz necə düşünürsünüz? Azərbaycan müəllimi bu gün hansı yerdədir?

– Azərbaycan müəlliminin işi çox çətinləşib. Çünki əvvəllər müəllim sinifdə avtoritet sayılırdı, hörməti çox idi. Valideyn də, şagird də müəllimin işinə müdaxilə etmirdi. İndi isə cəmiyyətimiz çox həssaslaşıb. Balaca insident olan kimi valideynlər müəllimə təzyiq göstərir. Mən bunun tamamilə əleyhinəyəm. Müəllimə təzyiq göstərmək, onun işini sual altına qoymaq, üstünə qışqırmaq olmaz. İkincisi, telefonların sinfə buraxılması işi çətinləşdirib. Hər kəs nəsə çəkir, yazır, göstərir. Müəllim üçün çətinliklər yaranır. Təəssüf ki, indiki cəmiyyətdə müəllimin gücü, hörməti azalıb, amma biz nə olursa olsun, bu hörməti və gücü qaytarmalıyıq. Elə valideyn var ki, pedoqoji təcrübəsi yoxdur, gəlib müəllimə təzyiq göstərir ki, sən bunu belə etməlisən. Axı sən haradan bilirsən ki, pedaqogikada nəyi necə etmək lazımdır? Sən təhsil almamısan, pedoqoji təcrübən yoxdur, bunu necə iddia edə bilərsən? Yəni demək istədiyim odur ki, indiki cəmiyyətimizdə insanlar uşağa qarşı çox həssas olub və onu müdafiə edir. 

– Bu yaxınlarda “Təhsil haqqında” Qanuna müxtəlif dəyişikliklər edildi. Onlardan biri musiqi, incəsənət sahəsində ixtisaslaşan müəllimlərin də sertifikasiyadan keçməsi məsələsi idi. Həmçinin, ötən sessiyada MİQ imtahanının ödənişli olması təsdiq edildi. Sizcə, MİQ və sertifikasiya imtahanları istiqamətindəki bu dəyişikliklər təhsilimizdəki problemləri aradan qaldıra bilərmi?

– 90-cı illərdə təhsildə müəyyən boşluqlar olub, bu da bəzi məqamlarda lazımi savadı olmayan müəllimlərin də işlə təmin olunmasına gətirib çıxarıb. Elm və Təhsil Nazirliyi buna görə də müəllimləri imtahana cəlb edərək təsadüfən seçilənləri məktəblərdən uzaqlaşdırır. Mən bunu başa düşürəm. Doğrudan da, 90-cı illərdə bizim təhsil sistemimizdə də çox ciddi boşluqlar yaranmışdı. Bunun nəticəsində saxta diplomu olanlar, təhsili zəif olanlar belə müəllim kimi çalışmağa başladı. Biz bu gün təhsil keyfiyyətini qorumaq üçün məhz bu problemlərlə mübarizə aparmalıyıq. Digər tərəfdən isə, sertifikasiya imtahanında zəif nəticə göstərənlərə də bəzi güzəştlər edilməlidir. Hesab edirəm ki, müəllimləri təhsil sahəsindən tam uzaqlaşdırmaq doğru deyil. 

– Parlamentdə müzakirə olunan və təhsillə dolayısı ilə əlaqəli olan məsələlərdən biri də “Uşaq hüquqları haqqında” Qanun layihəsi idi. Layihəyə əsasən, uşaqların məcburi dini etiqada cəlb olunması qadağan edilir. Məsələn, biz Bakıda, cənub bölgəsində, Naxçıvanda və digər rayonlarımızda uşaqların məktəbə hicablı getdiyini görürük. Onlar bəzən bu səbəbdən idman dərslərinə də girmirlər. Sizin buna münasibətiniz necədir? 

– Bu məsələni birmənalı qiymətləndirmək çətindir. Çünki bir tərəfdən Azərbaycan dünyəvi ölkədir, müəyyən qayda və qanunlar var. 9-cu sinfə qədər təhsil icbaridir, qaydalara hörmətlə yanaşılmalıdır. Digər tərəfdən isə Azərbaycanda inanclı insanlar var, əhalinin əksəriyyəti müsəlmandır. Bu barədə konkret nəsə demək mənim üçün çətindir. Ümumilikdə çalışmalıyıq ki, gənclər arasında radikalizm inkişaf etməsin. Gənclərimiz keyfiyyətli, dünyəvi təhsil alsın və heç bir qrupun təsirinə düşməsin. 

– Fariz müəllim, cənub bölgəsi deyəndə ağla gələn problemlərdən biri də qızların təhsil problemi və erkən nikahdır. Hazırda bu məsələ necə tənzimlənir və siz bu problemlərin aradan qaldırılması üçün hansısa təşəbbüslərdə çıxış etmisinizmi?

– Təəssüf ki, cənub bölgəsi qızların orta məktəbi bitirmə müddətinə görə ən aşağı səviyyədədir. Təxminən, qızların 65 faizi orta məktəbi bitirir, digərləri isə tam orta məktəbi bitirmir. Bu, olduqca təəssüfedici bir faktdır. Düşünün ki, onlar nikaha cəlb olunurlar və nikahda tərəflər boşanırsa, qadının heç bir təhsili yoxdursa, artıq o işsiz qalır. Bu səbəbdən, mən şəxsi təşəbbüsümlə Lənkəranda qızlar üçün praktiki təlim proqramı başlatmışam ki, heç olmasa, onların praktiki bacarıqları olsun. Belə ki, Lənkəranda qızlar üçün pulsuz kurslar açmışıq və 5 sahə üzrə, – maliyyə bacarıqları, proqramlaşdırma, veb-dizayn, layihələrin idarə edilməsi və sosial media sahəsində, – təlimlər keçirilir. Yaxşı olardı ki, qızlarımız təhsillərini tam bitirdikdən sonra peşə məktəblərinə yönəlsinlər. 

– Elm və təhsil komitəsinin sədri Anar İskəndərov Lənkəran kənd seçki dairəsindən deputat seçilib. Ümumiyyətlə, bu bölgəni təmsil edən deputatlarla – Anar İskəndərovla, Cavanşir Paşazadə ilə münasibətləriniz necədir? Bölgə ilə bağlı hansı müzakirələriniz olur?

– Anar müəllimlə koordinasiyamız daha çoxdur. Çünki biz Elm və təhsil komitəsində də birlikdəyik, elə otaqlarımız da yan-yanadır. Cənub bölgəsini təmsil edən digər deputatlarla bir-iki dəfə birgə tədbirimiz olub. Məsələn, Astaradan seçilən deputat Rəşad Mahmudov bu bölgədə Təhsil forumu keçirmişdi. Biz hamımız orada iştirak etdik. Cənab Prezident cənubdan olan Pəncəli Teymurova Milli Qəhrəman statusu verdikdə bütün cənublu deputatlar onların evlərini ziyarət etmişdik. Ümumilikdə, bu bölgənin digər deputatları ilə də mütəmadi koordinasiyamız olur.

– Lənkərana necə gedirsiniz? Burada sürücülərin problemləri olduğu deyilir: qəzalar çox olur, sürət həddi və sair.

– Bizim əsas yol çox yaxşı vəziyyətdədir, düzəldilib. Deyərdim ki, Azərbaycanda ən rahat yollardan biridir. Amma medianı da davamlı izləyərkən görürəm ki, Lənkəranda yol hadisələri, doğrudan da çox olur. Görünür, biz gəncləri bu baxımdan da maarifləndirməliyik. Elə olur ki, cavan oğlanlar avtoxuliqanlıqla məşğul olur, bunlar da bəzən qəzalara səbəb olur. Həmçinin, tez-tez avtobuslarla da bağlı problemlər qaldırılır. Amma, sözün düzü, mən hələ ki belə problemlərlə qarşılaşmamışam.

– Lənkəran kifayət qədər koloritli bölgədir. Sizin seçiciləriniz arasında talışlar varmı?

– Lənkəranda iki seçki dairəsi var. Mən şəhəri təmsil etdiyim üçün burada talışlar, demək olar ki, yoxdur. Özüm də talış dilini bilmirəm, yaxın-qohumlarım arasında da talışlar yoxdur. 

– Bəs Lənkəranda sevdiyiniz və sevmədiyiniz ənənələr varmı, varsa, hansılardır? 

– Lənkəranın təbiəti, mətbəxi gözəldir. Həmçinin, zəngin tarixi, mədəniyyəti var. Amma, məsələn, gənclərin passivliyini sevmirəm. Mən gəncləri aktiv görmək istəyirəm. Bəzən gənclər özlərinə inanmır. Düşünürlər ki, onlar üçün həyatda şans yoxdur, amma imkanlar çoxdur. İnsanların boş-bekar oturmağını sevmirəm. İstəyirəm, Lənkəranda iqtisadi aktivlik olsun. 

– Mətbəxinin gözəl olduğunu dediniz. Bəs sizin ən sevdiyiniz yemək hansıdır?

– Ən sevdiyim yeməklər plov və balıq yeməkləridir. 

– Sizcə, bu bölgənin insanları, əsasən, hansı sahələrdə öz sözünü deyə bilib?

– Bizim bölgədə insanlar ailə dəyərlərinə çox bağlıdır. Lənkərada ailə institutu çox güclüdür. Bəlkə də, böyük şəhərlərdə bu o qədər də hiss olunmur. Burada isə böyük-kiçiyə hörmət və insanların bir-birinə olan mehribanlığı seçilir.

– Maraqlı müşahidələrdən biri də cənub bölgəsindən olan insanların hər zaman bir-biri ilə koordinasiyasının olmasıdır. Harada olurlarsa, olsunlar, münasibətlərini həmişə qoruyub saxlayır, bir-birlərinə bacardıqları qədər kömək edirlər. Bu baxımdan, sizin bu yerlərə gəlməyinizdə hansısa lənkəranlının köməyi olubmu, həmçinin siz lənkəranlılara statusunuzdan yola çıxaraq necəsə kömək etmisinizmi?

– Konkret lənkəranlıları deməzdim, amma mən ABŞ-də oxuyanda hər yerdə azərbaycanlı axtarırdıq. Hər hansısa bir auditoriyada oturanda belə mənə kimsə lənkəranlı olduğunu deyəndə ona qarşı doğmalıq hiss edirəm. Amma heç vaxt bundan sui-istifadə etməmişəm, çünki mən son 20 ili Hafiz Paşayevlə işləmişəm və o elə insandır ki, insanlara yalnız şəxsi keyfiyyətlərinə görə dəyər verir. Mənim üçün insanın haradan olması, CV-si yox, şəxsi keyfiyyətləri, mədəniyyəti, bacarığı daha önəmlidir. 

– Hafiz müəllimlə işləmək sizin üçün çətin deyil ki?

– Çox çətindir. Çünki Hafiz müəllim çox məsuliyyətli insandır və bu məsuliyyəti başqalarından da tələb edir. Həmçinin, Hafiz müəllim çox dürüst insandır. Onun yanında işləyən adam gərək bir saniyə belə səhv etməsin. Səhvlərə qarşı çox həssasdır, tələbkar və dürüstdür. Heç vaxt tələbələrin valideynlərinin zəngini açmır. Məsələn, bizdə bəzən nazirlər də zəng edirlər. Nazir uşaqları var ki, kəsrləri var, nə olur olsun, xahişlə kiminsə qiymətləri düzəldilmir. 

– Hafiz müəllim həm də milli insan kimi tanınır...

– Hafiz müəllim vətənpərvər insandır, üstəlik, Azərbaycanda ədəbiyyatın inkişafına töhfə verir. Hər halda, Mir Cəlalın ailəsində doğulub. İndiyədək Qazax seminariyasını bərpa edib, “Azərbaycan” qəzetini ərəb şriftindən transiltasiya edib. Bundan başqa, müəyyən ədəbi gecələr təşkil edir, yazıçılarla çox vaxt keçirir. Bir növ, ailəsinin ənənələrini davam etdirir ki, Azərbaycanda ziyalılıq davam etdirilsin. 

– ADA Universitetinə həm Azərbaycandakı məktəblərdən, həm də xarici məktəblərdən təhsil alanlar gəlir. Fərq çoxdurmu?

– Orta məktəb sisteminin ən böyük qüsuru əzbərçilikdir. Azərbaycanda orta məktəb tələbəsinin əsas məqsədi testlərə hazırlaşmaq və nəyisə əzbərləməkdir. Bu da nəticədə insanın kommunikasiya və yazı qabiliyyətini zəiflədir. Həmçinin, düşüncə və analitik qabiliyyəti də zəifləyir. Belə olan halda, faktları bilirsən, hansı ildə nə olduğunu əzbər yadında saxlayırsan, amma gündəlik həyatda ünsiyyətin qurulmasında əziyyət çəkirsən. Xarici tələbələrdə isə əksinədir, onlar əzbərçiliyi bilmirlər. Onlardan soruşsan ki, ABŞ-də neçə ştat var, onu bilməyəcəklər, çünki bunu bilməyə ehtiyac da yoxdur. Amma komandada işləməyi, problemi həll etməyi bacarırlar. Həmçinin gündəlik həyati məsələlərini də həll edirlər, həyatın çağırışlarına hazırlıqlıdırlar. Bizdə isə görürsən ki, imtahanda 650 bal toplayıb, amma yazı qabiliyyəti yoxdur. Biz çalışmalıyıq ki, məzunlarımız müasir dövrlə uyğunlaşsın. Hazırkı dövrdə isə əzbərçilik qətiyyən lazım deyil. İndi hər fakt internetdə var, girib, axtarıb, tapa bilərsən. İndi əsas məsələ odur ki, gün ərzində olan problemləri necə həll edəcəksən, hansı resurslara müraciət edəcəksən, hansı çıxış yolları tapacaqsan və sair. Bizim gənclərimiz, təəssüf ki, müasir dövrün problemlərinə cə çağırışlarına uyğun deyillər. 

– ADA elə bir universitetdir ki, dünyanın müxtəlif yerlərindən hətta prezidentlər gəlib konfranslar, görüşlər keçirir. Bu proses sizin üçün çətin deyil ki?

– Bizim əsas missiyamız Azərbaycanı dünyaya tanıtmaq və dünyanı Azərbaycanla birləşdirməkdir. Son 7 ildə Prezidentin də ADA Universitetində konfransları olub. İlham Əliyev ADA Universitetindən dünyaya mesajlar verir, platforma kimi istifadə edir. Dünyanın 130 universiteti ilə əlaqələrimiz var, professorlarla, ekspertlərlə mütəmadi ünsiyyətlərimiz olur. 

– ADA Universitetinin 20 yaşı tamam olacaq. Sizcə, ADA bu illər ərzində Azərbaycana nələr verdi?

– ADA Azərbaycanda ali təhsilə hörməti qaytardı. Çünki, bayaq da qeyd etdiyimiz kimi, 90-cı illərdə, təəssüf ki, ali təhsil səviyyəsi çox aşağı düşmüşdü və bu sahədə neqativ hallar çox idi. ADA o ümidi qaytardı və göstərdi ki, Azərbaycanda dürüst, şəffaf universitet ola bilər, müəllim auditoriyaya girib ancaq dərs barədə düşünə bilər. Bir sözlə, biz cəmiyyətin təhsil barədə ümidini qaytarmışıq.

– Azərbaycan gənclərinə tövsiyələriniz nə olardı?

– Mən ingilis dilini 1992-ci ildə lampa işığında, soyuq bir otaqda paltoda oxumuş və öyrənmişəm. İndiki gənclər o şəraiti görməyiblər, onun çətinliyini bilmirlər. Mən qızıma bu barədə danışanda deyir ki, ata, sən yenə başladın İkinci Dünya müharibəsindən danışmağa. İndiki gənclərə tövsiyəm odur ki, aktiv olsunlar, özlərini inkişaf etdirsinlər və ən əsası, özlərinə inansınlar. Bu gün Azərbaycanda gənclərin inkişafı və irəli getməsi üçün hər şərait var. Sadəcə, qalır gənclərin bundan istifadə etməsi…

– Fariz müəllim, bu iki ildə məmurlaşdığınızı düşünürsünüzmü?

– Ümid edirəm ki, yox. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kürd silahlıları güneyə girdi - İsrail və ABŞ-dən dəstək gəldi