Regionda gərginlik pik həddə çatsa da Azərbaycan münaqişələrə münasibətdə balanslı siyasətini davam etdirir. Buna baxmayaraq, 5 mart tarixində İran Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu etməklə terror aktı törətdi.
Naxçıvana edilən hücumdan sonra Prezident İlham Əliyev bu hadisənin qəbulolunmaz olduğunu söyləyərək İranın hücumunu açıq təhdid kimi qiymətləndirdi. Azərbaycanın ərazi bütövlüyü və süverenliyinin dövlətimiz üçün qırmızı xətt olduğu vurğulandı.
İranın Azərbaycana qarşı dron təhdidi 40 ölkə və beynəlxalq təşkilatlar tərəfindən pislənildi. Belə bir vaxtda qardaş Türkiyə parlamentinin DEM partiyasının üzvü, deputat Ömər Faruk Gergerlioğlu fərqli mövqedən çıxış edərək, məsələni başqa istiqamətdə şərh etməyə çalışdı. Onun açıqlamaları Azərbaycanla yanaşı qardaş Türkiyədə də ciddi təpki ilə qarşılandı.
Məsələ ilə bağlı məşhur Türkiyəli jurnalist, Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim sosial media hesablarında Azərbaycana qarşı aparılan kampaniyaya etiraz edib. O bildirib ki, bu cür mövqe sərgiləyən şəxslərin hansı millətə məxsus olduğu sual doğurur.
Mövzunun aktuallığını nəzərə alan Modern.az saytı Mehmet Ali Dimdən müsahibə alıb.
- İranın Naxçıvana PUA hücumu Azərbaycan ilə Türkiyə arasındakı təhlükəsizlik və müdafiə əməkdaşlığının daha da güclənməsinə səbəb ola bilərmi?
- Türkiyə həmişə qardaş dövlət və qardaş millət üçün əlini daşın altına qoyur. Azərbaycan müdafiəyə ehtiyac duyarsa, Türkiyə oradadır, Türkiyənin müdafiəyə ehtiyacı varsa, Azərbaycan oradadır. Bu cür hadisələr, əlbəttə ki, “Bir millət, iki dövlət” prinsipi üzərində qurduğumuz bu münasibətləri daha da gücləndirir.
- Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Ömər Faruk Gergerlioğlunun açıqlamalarınə necə qiymətləndirisiniz?
- Həmin deputatın fikirləri yalnız ona məxsusdur. Dedikləri nə Türk xalqının, nə Türkiyə dövlətinin, nə də ictimaiyyətin rəyini əks etdirir.

- Sizcə, Ömər Faruk Gergerlioğlunun Azərbaycanla bağlı bu qərəzli açıqlamasının arxasında nələr dayana bilər?
- Təəssüf ki, Azərbaycan dövlətinin xarici siyasətinin Türkiyədən fərqli ola biləcəyini qəbul etmək istəməyən və Azərbaycan-İsrail yaxın dostluğundan narazı olan bir qrup var. Bu qrup daha çox qatı islamçı və qatı milli görüş düşüncəsinə yaxın şəxslərdən ibarətdir. Onlar çox azlıq təşkil edir və heç vaxt Türk xalqının, dövlətinin və ya ictimaiyyətin ümumi rəyini əks etdirmirlər.
- Buradan yola çıxaraq, soruşmaq istərdik, günümüzdə siyasətçilərin sosial media paylaşımlarının dövlətlərarası münasibətlərə təsiri nə qədər güclüdür?
- Sosial media bu gün kommunikasiya vasitəsi olaraq çox güclü və önəmli olsa da, heç bir halda dövlətlərin və ya millətlərin ümumi baxışını əks etdirmir. Hər hansı bir ölkənin dövlət başçısı və ya həmin ölkəni təmsil edən rəsmi şəxslərin bəyanatları xaricində heç bir sosial media paylaşımı rəsmi mövqe və ya dövlətin, millətin fikri hesab edilə bilməz.
- Türkiyə ilə Azərbaycan münasibətləri “Bir millət, iki dövlət” prinsipi üzərində qurulub. Bu cür açıqlamalar iki ölkənin münasibətlərinə həqiqətən zərər verə bilərmi?
- Türkiyə ilə Azərbaycan arasında çox köklü, silinməz qardaşlıq, birlik ənənəsi var və bu münasibətləri sadə, kiçik böhranlara uyğun qiymətləndirmək və ya təhrif etmək doğru deyil.
- Sizcə, Ömər Faruk Gergerlioğlunun açıqlaması kimin göstərişi və ya yönləndirməsi ilə edilmiş ola bilər? Arxasında hansı qüvvələr və ya dairələr dayanır?
- Mümkündür ki, o, qatı islamçı dairələr və antisemitizm meyilli bəzi şəxslər və qruplar tərəfindən qızışdırılıb. Bu isə çox kiçik bir kəsimdir.
- Son dövrlərdə bölgədə artan gərginlik fonunda İran-Azərbaycan münasibətlərinin gələcəyini necə görürsünüz?
- Azərbaycan uzun illərdir qonşusu İran ilə normal münasibətlər saxlayır. Bəzən kiçik böhranlar olsa da, heç vaxt belə bir müharibə və ya silahlı qarşıdurma gərginliyi olmayıb. Bundan sonra da belə bir ehtimal görmürəm. İranda 40 milyondan çox Azərbaycan türkü yaşayır və bu insanların qəlbində əlbəttə ki, Azərbaycan var. Sevindirici haldır ki, azərbaycanlı qardaşlarımız yüksək vəzifələrdə çalışırlar. İndi İranın prezidenti də azərbaycanladır. İnanmaq istəmirəm ki, bu şəxslər öz vətənlərinə və millətlərinə qarşı düşmənçilik etsinlər.

- Türkiyə mediası bu cür həssas regional məsələlərdə tarazlığı necə qorumağa çalışır?
- Təəssüf ki, türk mediasında bəzi fərqli səslər olsa da, bunlar çox azdır və minimuma endirilib. Türk mediasının böyük əksəriyyəti isə Azərbaycan ilə Türkiyə münasibətlərinin heç vaxt pozulmayacağına, əksinə, daha da güclənəcəyinə, birlik, həmrəylik və əməkdaşlığın artacağına inanır.
- Sizcə, Naxçıvana edilən hücum sonrasında açılan müzakirələr bir növ informasiya müharibəsi kimi qiymətləndirilə bilərmi?
- Əlbəttə. Bu cür hücumların ictimai rəy baxımından da mənfi təsirləri olur. Təəssüf ki, günümüzdə dezinformasiya - yalan, yanlış və qəsdən yönləndirilmiş məlumatlar - dünyanın bir çox yerində bu cür böhranlara yol açır.