Asim Mollazadə: “Milli Məclis yavaş-yavaş xalq qarşısında öhdəliyini yerinə yetirir”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, tibb elmləri doktoru, Milli Məclisi II, III, IV, V, VI və VII çağırış deputatı Asim Mollazadə Modern.az-a geniş müsahibə verib.
Onu təqdim edirik:
- Asim müəllim, siz 907-ci düzəlişin edildiyi vaxtda da, onun ləğv olunacağı gözlənilən bu günlərdə də siyasi proseslərin içindəsiniz. Ümumiyyətlə, uzun müddət siyasətdə olmağın müsbət və mənfi tərəfləri nələrdir?
- Ən azı müsbət tərəfi odur ki, ölkəmizin inkişafını, müstəqilliyinin möhkəmləndiyini görürsən. Mən siyasətdə müstəqillik dövrü uğrunda mübarizələr aparılan vaxtlardan iştirak etmişəm. Xoşbəxtəm ki, Azərbaycan müstəqil dövlətdir və dünya üçün strateji əhəmiyyəti olan ölkəyə çevrilib. Əminəm ki, biz gələcəyə ümidlə baxaraq dövlətimizi daha da güclü görəcəyik. Azərbaycan xalqının rifahı da bu dövlətin ən əsas məqsədi olmalıdır. Azərbaycanlılar özlərinə layiq səviyyədə yaşamalıdırlar və çalışmalıyıq ki, iqtisadiyyatımız yüksək səviyyədə olsun, vətəndaşların rifahı da təmin edilsin.
- Bəs mənfi tərəfi nələr oldu?
- Mənfi tərəfi ondan ibarətdir ki, indi hər bir siyasətçi şəffaf mühitdə yaşamalıdır. Onun şəxsi həyatı da hər kəsin gözü önündə olur. Bir növ insan özünü akvariumda olan balıq kimi hiss edir. Bu da öz növbəsində insanı daha məsuliyyətli olmağa vadar edir. Siyasətçi məsuliyyətli olmalıdır, öz məqsədlərinə və dövlətinə xidmət edərək çalışmalıdır ki, hər zaman güclü olsun.
- Azərbaycanın siyasi mühitini necə qiymətləndirirsiniz?
- Yavaş-yavaş sağlamlaşır. Azərbaycan gənc dövlətdir və bizim siyasi mühitimizin, ümumiyyətlə, siyasi sistemimizin daha möhkəm olması üçün 200–300 il tələb olunur. Bizim tariximiz də çox ağır olub. Sovet totalitar rejimindən çıxmışıq, həmin dövrdə minlərlə vətəndaşımız həyatını itirib, ərazimiz işğal olunub. Amma Azərbaycan xalqının istedadı göstərir ki, biz güclü dövlət qurmağa qadirik. Əminəm ki, bu dövlət Azərbaycan xalqının inkişafına xidmət edəcək. Mənim ümidlərim ondan ibarətdir ki, məhz Azərbaycan dövlətinin güclü olması azərbaycanlıları da güclü edəcək.
- Gələcəklə bağlı nikbin düşünməyə çalışırsınız. Bəs gənclərin siyasətə yanaşması sizi qane edir? Bir çoxlarının fikrincə, gənclər apolitikdir.
- Mən elə düşünmürəm. Azərbaycan siyasi mühitində gənclər də var, necə ki, digər sahələrdə və peşələrdə gənclər var. Mən Azərbaycan gəncliyinə inanıram və gənclərimizin güclü, ağıllı olduğunu görürəm. Sadəcə olaraq, gənclərin inkişafı üçün ən əsas amil təhsil sistemidir. Bu istiqamətdə çox işlər görməliyik. Çox təəssüf ki, hələ Azərbaycan xalqına layiq olan güclü təhsil sistemimiz yoxdur. Ancaq başqa yol da yoxdur: güclü olmaq və gəncliyin düzgün inkişafını istəyiriksə, gənclərə düzgün təhsil və peşə verilməlidir.
- Təhsildən söhbət düşmüşkən, 2012-ci ildə demişdiniz ki, Milli Məclis xalq qarşısında borcunu yerinə yetirə bilməyib. Bunu da “Ali təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunların qəbul olunmaması ilə əsaslandırmışdınız. “Ali təhsil haqqında” Qanun hələ də qəbul olunmur. Sizcə, indi parlament xalq qarşında borcunu yerinə yetirə bilib?
- “Peşə təhsili haqqında” qanun layihəsinin hazırlanması uğrunda Milli Məclisdə çox mübarizələr getdi. Nəhayət bu qanun qəbul edildi, indi həmin qanuna müəyyən dəyişikliklər də müzakirə olunur. Ancaq bizim təhsil sisteminin qüsurları tək qanunvericilik bazası ilə bağlı deyil. Onun üçün biz çalışmalıyıq ki, Azərbaycan məkətbləri güclənsin. Məktəblərdə çox ağır işlə məşğul olan müəllimlərin maaşı artmalıdır ki, biz həm məktəb, həm də universitet səviyyəsində peşəkar müəllimləri görək.
İndi isə Milli Məclis yavaş-yavaş, addım-addım xalq qarşısında öhdəliyini yerinə yetirir. Bir-birinin ardınca qanun layihələri qəbul edilir, qanunvericilik bazası tamamlanır. Lakin bundan başqa icra sistemində işlər də görülməlidir.
- Azərbaycan mövcud səhiyyə sistemini necə qiymətləndirirsiniz? Həm də bir həkim olaraq bu mühitdən razısınızmı?
- Yox, razı deyiləm. Bu sahədə hələ çox iş görülməlidir. Bir sıra məsələlər var: həm həkimlərin bilikləri artırılmalıdır, həm də sistemli dəyişikliklər həyata keçirilməlidir ki, Azərbaycan səhiyyəsi xalqın sağlamlığını qorumağa daha yaxşı xidmət edə bilsin. Bəzi istiqamətlərdə inkişaf var, amma bəzi sahələrdə ciddi islahatlara ehtiyac qalır.
Səhiyyə sistemi inkişaf etmiş bir sıra ölkələrdə müvafiq tibbi protokollar hazırlanır. Heç bir həkim özbaşınalıq və ya improvizasiya ilə məşğul ola bilməz, onun fəaliyyətini tənzimləyən konkret protokollar olur. Həkimin gördüyü işlər də həmin protokollar çərçivəsində qiymətləndirilir. Məsələn, ABŞ-də Tibb Assosiasiyası müxtəlif sahələr üzrə tibbi protokollar hazırlayır. Həkim bu protokollara uyğun hərəkət edirsə, hansısa problem yarandıqda assosiasiya onu müdafiə edir. Əksinə, protokoldan kənar hərəkətlər olarsa, həkim lisenziyasını belə itirə bilər. Bu, çox mühüm amildir. Təəssüf ki, Səhiyyə Nazirliyimiz bu istiqamətdə bir qədər gecikir və həkimləri müəyyən çərçivəyə salmaq hələ tam mümkün olmur.
- Azərbaycanda fəaliyyət göstərən hansı nazirliklərə müraciət edirsiniz, hansıları sizə müsbət cavab verir? Kimlərin işindən razı, kimlərin işindən narazısınız?
- Bu barədə konkret nəsə deməkdə çətinlik çəkirəm. Çünki məsələ təkcə nazirliklərlə bağlı deyil. İcra strukturlarında da müəyyən qüsurlar var. Onlarla birbaşa əlaqə imkanlarımız mövcuddur və müraciətlər edirik. Hazırda konkret mexanizm də var ki, deputatların müraciətlərinə cavab verməyən icra strukturları nəzarət altındadır. Təqribən 30 gün ərzində müraciətlərimizə cavab alırıq. Düzdür, bu cavablar hər zaman bizi qane etmir. Çünki bizim müraciətlərimiz bilavasitə seçicilərimizin problemləri və istəkləri ilə bağlı olur.
- Kömək edən və etməyən də var yəqin ki...
- Çox təəssüf ki, biz buna hər zaman nail ola bilmirik. Lakin hazırda dövlət sistemi də güclənir. Məmurlar üzərində nəzarət artdıqca, onlar çalışırlar ki, ən azı müəyyən addımlar atsınlar.
- Bəzən deputatlar etiraf edirlər ki, icra strukturlarından şəxsi xahişləri də olur. Sizin belə istəkləriniz olubmu?
- Yox, heç vaxt. Bu da mənim imkanlarımı artırır. Əgər məmurlardan şəxsi istəklərim olarsa, imkanlarım məhdudlaşar. Ona görə də mən heç vaxt məmurlara şəxsi xahişlərlə müraciət etmirəm.
- 25 ildir deputatsınız. Ölkə daxilində də, beynəlxalq aləmdə də bu müddət ərzində çox şey dəyişib – məmurlar da, deputatlar da. Siz bu dəyişikliklərlə ayaqlaşa bilirsiniz?
- Təbii ki. Bu dəyişikliklər Azərbaycan dövlətinin güclənməsinə gətirib çıxarır. Mən daha çox sürət istərdim. Amma ən azı dəyişikliklər var, məmurlar üzərində nəzarət artır. Bu istiqamətdə də dövlətin güclənməsi prosesini müşahidə edirik. Lakin bu 25 ildə mənim üçün ən böyük nailiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycanın qalib dövlətə, qalib xalqa çevrilməsi olub.

- 25 ildə Milli Məclis də yəqin ki, çox dəyişib. Hər kəs bu dəyişikliyi fərqli istiqamətdə şərh edir. Bəs sizin üçün necə?
- Dövlət dəyişir, ölkə dəyişir. İnsanlar daha məsuliyyətli olurlar. Əslində Azərbaycanın güclü, istədiyimiz kimi bir dövlətə çevrilməsi uzun yol tələb edir və biz bu yolun hələ başlanğıcındayıq.
- Siz Milli Məclisdə əvvəl AXCP-ni, daha sonra isə yaratdığınız Azərbaycan Demokratik İslahatlar Partiyasını təmsil etmisiniz. Bu iki partiya və onları Milli Məclisdə təmsil etmək baxımından hansı fərqlər var?
- Hansısa ciddi fərqlər olduğunu düşünmürəm. Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olanda da özümü kifayət qədər müstəqil hiss edirdim. Sonradan bir sıra fikir ayrılıqları oldu və yeni partiya yaratdım. Çalışırıq ki, bu partiya güclənsin və Azərbaycan gənclərinin siyasətə qatılmasına kömək etsin. Milli Məclisdə hazırda tək təmsil olunuram, amma arzu var ki, say da təkminləşsin.
- Azərbaycan Demokratik İslahatlar Partiyasının cəmiyyətdə görünən hansı nailiyyətlərini göstərə bilərsiniz?
- Partiyanın ən əsas nailiyyəti öz mövqeyini və fikirlərini cəmiyyətə çatdırmasıdır. Bizim nailiyyətimiz ondan ibarətdir ki, artıq Azərbaycanın bütün bölgələrində partiya şəbəkələrimiz formalaşıb. Bu da imkan yaradır ki, siyasətdən uzaq olan insanları dəvət edək və onlar öz bölgələri üçün çalışsınlar.
Bizim üçün mühüm amillərdən biri də gənclərin və qadınların siyasətdə iştirakıdır. Bu istiqamətdə partiyamızın konkret proqramı var. Qadınlar şəbəkəsini bölgələrdə yaratmaq və qadınların siyasi həyatda fəal rol almasına nail olmaq əsas məqsədlərimizdəndir. Bu şəbəkə artıq güclənib. Partiyamızın təxminən 38 faizi qadınlardan ibarətdir və biz bunu daha da artırmağa çalışırıq.
- Dövlətin siyasi partiyalara ayırdığı puldan razısınız? Ümumiyyətlə, dövlət siyasi partiyalara maliyyə ayırmalıdırmı?
- Ən azı belə bir sistemin mövcudluğundan razıyam. Bir sıra demokratik ölkələrdə də belə ənənə var. Dövlət düşünür ki, öz siyasi partiyalarını maliyyələşdirsin ki, onları kimsə xaricdən maliyyələşdirməsin.
- Siz müxalif partiyalar arasında ən iddialı partiya kimi hansını hesab edirsiniz?
- Azərbaycanda bir şeyi düzgün anlamaq lazımdır ki, müxalif olmaq düşmən olmaq demək deyil. Bizim partiyamızın şüarlarından biri odur ki, hər bir azərbaycanlı bir-birinə qardaş kimi baxsın. Amma təbii ki, hər kəs öz partiyasını birinci görür. Bu da anlaşılandır.
- Biz YAP-çılar istisna olmaqla, digər partiyaların üzvü olan deputatları iclaslarda daha aktiv görürük. Amma siz sanki daha sakitsiniz...
- Çalışırıq ki, konkret olaraq daha çox məsələlərin dəyişdirilməsinə xidmət edək, nəinki kimisə alçaltmaq və ya təhqir etmək. Bu, siyasi mədəniyyətin tərkib hissəsidir.

- AXC sədri Əli Kərimli Ramiz Mehdiyevlə birlikdə hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur. Siz Əli Kərimli ilə əvvəllər yaxın münasibətdə olmusunuz. Onu tanıyan biri kimi bu ittihamları doğru hesab edirsinizmi?
- Bu barədə danışmaq üçün ilk növbədə məlumata malik olmaq lazımdır. Hazırda istintaq gedir, yəqin ki, daha çox məlumat olacaq. Mən bilmədiyim şeylər haqqında danışmağı sevmirəm.
- Amma Əli Kərimlini tanıyırdınız. Onun Ramiz Mehdiyevlə münasibətinin olacağından heç şübhələnmisiniz?
- Mənim ən azı bu barədə heç bir məlumatım olmayıb.
- Bəs özünüzün Ramiz Mehdiyevlə hansısa münasibətiniz olub? Deyilənə görə, onun bir çox partiya sədri ilə münasibətləri yaxşı olub...
- Mənim onunla heç vaxt əlaqəm olmayıb. Bir dəfə eşitmişəm ki, o məni sevmir. Bəlkə də bunun səbəbi odur ki, beynəlxalq təşkilatlarda Rusiyaya və kommunizmə qarşı çıxışlar etmişəm. Bu da onun və ideyalarının əleyhinə olub.
- Bu ideyaları ölkədə daşıyan tək adam Ramiz Mehdiyev deyil. Bu baxımdan sizi başqa kimlər sevmir?
- Mənə elə gəlir ki, hələ də kommunist düşüncələr insanların bir çoxunda qalır.
- Sizcə, bu düşüncə parlamentdə də qalır?
- Bu, istisna deyil. Sadəcə olaraq bir şeyi deyə bilərəm ki, Çernobıl partlayışından 40 il keçir, amma onun təsiri hələ də qalır. Düşünürəm ki, bu da hələ bir müddət davam edəcək.
- Siz VII çağırış Milli Məclisə seçkilərdə REAL Partiyasının keçmiş sədri İlqar Məmmədovla eyni dairədən namizədliyinizi irəli sürmüşdünüz. Kifayət qədər səs-küylü bir dövr oldu. Üç seçki məntəqəsində səslər ləğv olundu. Daha sonra İlqar Məmmədov sizə seçkidə uduzduğuna görə partiya sədrliyindən istefa verdi. Siz sonradan onunla danışdınızmı?
- Heç vaxt danışmamışıq.
- Həmin partiyadan parlamentdə Erkin Qədirli təmsil olunur. Onunla münasibətiniz necədir?
- Normaldır.
- Ümumiyyətlə, Milli Məclisdə yola getdiyiniz və getmədiyiniz deputatlar kimlərdir?
- Ümumilikdə müsbət münasibətlərimiz var. Qarşılıqlı hörmət çərçivəsində əlaqələr qurulub. Ümumiyyətlə, deputatın insanlarla münasibətləri müsbət və ədəb-ərkan çərçivəsində olmalıdır.
- Amma hər kəslə də yaxşı yola getmək olmur...
- Dözümlü olmaq lazımdır. Bəlkə də həkim olduğum üçün, peşəmlə bağlı olaraq çalışıram ki, daha dözümlü olum.
- Deputatlar arasında həkimlərin də sayı kifayət qədərdir və onların bəziləri hələ də bu sahədə fəaliyyətlərini davam etdirirlər. Bəs siz?
- Mən siyasətə gələndən sonra artıq bu istiqamətdə işləmədim. Çünki bunlar tamamilə fərqli sahələrdir. Amma Moskvada Tibb Universitetinin nevrologiya klinikasında uzun müddət işləmişəm. Elmi sahəm davranış psixofiziologiyası ilə bağlı idi. Orada ən müasir cihazlarla təchiz olunmuş zəngin laboratoriya var idi. Eyni zamanda bu, Avropanın ən aparıcı nevrologiya klinikalarından biri idi. Böyük məktəb keçmişəm, çox yaxşı müəllimlərim olub.
- Atanız Nazim Mollazadə Əməkdar həkim olub. Sizin həkim olmağınızda onun təsiri olubmu?
- Yox, mən ixtisasımı özüm seçdim. Atam da tanınmış həkim olub, onun tələbələri var ki, bu gün Azərbaycanın ən yaxşı həkimlərindəndir.
- Maraqlıdır, ailədə, qohum-əqrəba və dost-tanış çevrəsində sizdən həkim kimi kömək istəyənlər olurmu?
- Təbii ki, olur, hətta çox olur. Amma mən adətən imtina edirəm. Çalışıram ki, bu müraciətlərə rədd cavabı verim.
- Milli Məclisdəki tərcümeyi-halınızda yazılıb ki, “bir neçə ixtirası var”. Söhbət hansı ixtiralardan gedir?
- Mən işlədiyim dövrdə elmi sahədə müəyyən istiqamətlər üzrə laboratoriyada diaqnostik üsullar hazırlayırdıq. Bununla bağlı patentlərim də var. Bunlar bilavasitə nevrologiya və psixofizioloji sistemlə bağlı ixtiralardır.
- Atanız Salyanda anadan olub. Sizi də əslən oralı hesab etmək olar?
- Anam Bakıdan, İçərişəhərdəndir. Ona görə də mənə elə gəlir ki, “azərbaycanlıyam” demək daha düzgündür.

- Bölgə adı çəkməyə sanki çəkinirsiniz...
- Yox, mən Bakıda anadan olmuşam, İçərişəhərdə böyümüşəm.
- Özünüzü bakılı hesab edirsiniz?
- Özümü azərbaycanlı hesab edirəm.
- Bakını təmsil edən, əslən də bakılı olan deputatlardansınız. Bir deputat mənə demişdi ki, bakılı olmayan deputat Bakıdan seçiləndə buranın insanları ilə dil tapa bilmir. Siz necə düşünürsünüz?
- Mənim hər bir azərbaycanlı ilə münasibətim yaxşıdır. Şəxsləri hansısa bölgə ilə bağlamaq düzgün deyil. Hər hansı bölgədən gəlib Bakıda yaşayan insanlara da müsbət yanaşıram. Amma ən azı istəyərdim ki, hər bir bölgədə məişət səviyyəsində inkişaf olsun ki, insanlar başqa bölgələrə köçmək məcburiyyətində qalmasınlar.
- Siz həm də İntizam komissiyasının üzvüsünüz. Maraqlıdır, ən son iclasınız nə zaman olub, nələri müzakirə etmisiniz?
- Mənim İntizam komissiyasında üzvlüyüm qısa müddəti əhatə edir. Bu müddətdə rəsmi iclaslardan başqa hansısa xüsusi məsələnin müzakirəsində iştirak etməmişik. Hər hansı problem də olmayıb.
- Plenar və komitə iclaslarında deputatların çıxışlarına diqqətlə qulaq asıb qeydlər aparırsınızmı?
- İndiyədək hansısa kobud pozuntu görməmişəm.
- Amma bəzən görürük ki, spiker özü məsələyə müdaxilə edir...
- Bunlar hər parlament üçün normal proseslərdir. Amma hansısa kobud pozuntunun şahidi olmamışam.
- Növbəti seçkilərdə iştirak etməyi düşünürsünüz?
- Görək də. İnşallah...
- Əgər növbəti seçkilərdə deputat seçilməsəniz, həkim kimi fəaliyyət göstərə bilərsiniz?
- Onun üçün artıq gecdir.
- Bəs başqa hansı sahələrdə çalışa bilərsiniz? Məsələn, biznes və s.
- Deputat olmasam, adi vətəndaş olacağam. Açığı, biznes sahəsində bilik və bacarığım olmadığı üçün özümü orada görmürəm.
- Asim müəllim, bir övladınız var. O sizin yolunuzu davam etdirmək istəyərmi? Bu, ölkəmizdə tez-tez rast gəlinən tendensiyalardandır...
- Bu mənim qərarım deyil. Onun isə belə bir qərarı yoxdur. Qızım uzun müddət jurnalist olub, bir sıra tanınmış qəzetlərdə işləyib. Onun çox yüksək təhsili var. ABŞ-də ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi formalaşıb. Uzun müddət BMT-nin uşaq təşkilatında fəaliyyət göstərib. Amma heç bir halda siyasətə gəlmək fikri olmayıb.