Modern.az

Yeni Əlifba uğrunda mübarizə: 1924-cü ildə Krım və Türküstan elləri - II yazı

Yeni Əlifba uğrunda mübarizə: 1924-cü ildə Krım və Türküstan elləri - II yazı

Təhsil

4 Aprel 2016, 11:14

filologiya üzrə elmlər doktoru, professor

İkinci qrup islahat tərəfdarları isə yalnız Kazan türkləri olmuşdur. Onların ərəb əlifbasında apardıqları islahatın məğzi ondan ibarət olmuşdur ki, ərəb əlifbasını olduğu kimi qəbul etməklə bərabər, həm də hərflərin quyruqlarını kəsmişlər. Xalid Səid bu cür islahatın heç bir faydasının olmadığını deyirdi. O bilirdi ki, bu cür islahatların heç bir xeyri olmadığnı daha düzgün nəzərə alan Azərbaycan olmuşdur. Odur ki, çıxışında deyirdi: “Bu nöqtələri nəzərə alan Azərbaycan, yeni əlifba komitəsi ərəb əlifbasını olduğu kimi buraxaraq yeni bir əlifba qəbul etməyi müvafiq görür, bu yolu daha sağlam, daha əsaslı bir yol hesab edir. Yeni əlifba projesini tənzim edərkən Amerikanı təzədən kəşf etmək xülyasına düşmədi; əsrlərdən bəri öz qabiliyyətini, öz istedadını göstərə bilən latın əlifbası sistemini qəbul etdi. Yanınıza bu xüsusda görüşmək üçün gələn heyət (özlərini nəzərdə tutur – B.X.) latın əlifbası sistemində hazırlanmış olan yeni əlifba projesini təqdim edir. Əlbəttə hər şeyin ibtidasında bəzi nöqsanlar ola bilər, bizim də sizə təqdim etdiyimiz projedə bəzi nöqsanlar olması təbiidir. Bəlkə də bu nöqsanları biz görmürük. Bunu göstərsəniz çox şad və minnətdar olarıq”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.43)

1924-cü ildə Ağməscidin maarif evində çıxış edənlərdən biri də Bəkir Çobanzadə olur. Bəkir Çobanzadə öz həmyerlilərinə çıxış etməsinin səbəbini açıqlayır. O qeyd edir ki, dilçi olmaq əlifbaçı olmaq deyildir. Ancaq əlifba ilə bağlı fikrini söyləməyin də vacib olduğunu deyir. Bir sıra məsələlərə münasibətini konkret olaraq bildirir. Məsələn, ərəb əlifbasının türk xalqlarının dilindəki səsləri təqdim edə bilməməsi, əlifbanın alət olması, ancaq bu alətin (ərəb əlifbasının) mükəmməl olmaması. O, ən başlıcası indi əlifbada üç cərəyanın mövcud olduğundan bəhs edir: əski imla, islah, yeni əlifba. Bəkir Çobanzadə əski imlanın doğru olmadığını deyir və islaha gəlincə, onun bir əfsanə olduğunu söyləyir. Və yeni əlifbanı ən əlverişli əlifba kimi qiymətləndirir. Onun fikrincə, yeni əlifbanı qəbul etmək vacib bilinirdi.


Xalid Səid və Bəkir Çobanzadə

Yığıncaqda iştirak edən müəllimlər əlifba məsələsinə öz münasibətlərini bildirirdilər. Məsələn, Osman Ağcoğraqlı deyirdi: “Arkadaşlar, hürufat (əlifba – B.X.) məsələsilə ən ziyadə mən əlaqədaram, çünki həm müəllim, həm xəttatam. Keçən sənə yeni əlifbanın əleyhinə yazmışdım. Mən yer üzündəki əlifbaların hamısını bilirəm. Mən əlifbaya ancaq texniki nöqteyi-nəzərdən baxıram. Əlifba iyi olmaq üçün çabuq oxuna bilməlidir. Ərəb əlifbası daha iyi xatırda qalır, ancaq bir çox muşkulatı var: maşınada, mətbəədə əngəllər törədir. Bu gün Azərbaycanın qəbul etdiyi hürufat (əlifba- B.X.) əski latın hürufatından daha mükəmməldir. Bu yeni hürufatı qəbul edəlim, yalnız bu şərtlə ki, əvvəlki hürufat ilə müvəqqəti bir zaman müvazi surətdə geçsin”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.44)

Bir müddət yeni əlifba ilə əski əlifbanın müvazi şəkildə işlənilməsini qəbul etmək təbii görünürdü. Ona görə də Vəli Xuluflu heyət üzvlərindən biri kimi bu məsələyə daha da dəqiq izah verərək deyirdi: “Yeni hürufatı (əlifbanı- B.X.) qəbul etməkdə məqsəd ərəb hürufatını sabahdan etibarən çıxarıb atmaq deyildir. Biz Azərbaycanda tədrici surətdə keçiririk. Köhnə ədəbiyyat tərk olunmayacaq, zatən köhnə ədəbiyyat yoxdur; varsa da azdır. Onu oxuyan da azdır. Köhnə ədəbiyyat dediyiniz nədir? Eşqdən, meydən bəhs edən bir ədəbiyyatdır. Bununla bərabər yenə qorxmayın, o da ölməyəcək. Bizdən başqa millətlər də hürufatını dəyişdirmişdir. Köhnə ədəbiyyatlarını da oxuyurlar. Bizə lazım olduğu zaman Orxon yazılarını da oxuya bilərik”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.46)

Krımda bir əlifba komitəsi yaratmaq məqsədilə namizədlər göstərildi. Müəllimlərdən Osman Ağçoğraqlı, Kərim Cəmaləddin, Mahmud Nedim; professor Bəkir Çobanzadə; “Yeni Dünya” qəzetinin redaktoru Tarxan Qafarov əlifba komitəsinə seçildilər.

Azərbaycandan gələn heyət Krımda yeni əlifba ilə bağlı söhbətlərdən razı qalmışdı. Odur ki, heyət Krımdan ayrılaraq Moskvaya və oradan da Türküstana yola düşür. Heyət Moskvada çox qalmayacaqdı. Əsas iş Türküstanda olmalıydı. Qazaxıstan, Özbəkistan, Tacigistan, Qırğızıstan, Qaraqalpaq Şuralar Cümhuriyyətində xeyli işlər görülməliydi. Odur ki, heyət Moskvada az bir vaxt dayandıqdan sonra Daşkəndə yola düşür. Daşkəndə çatan kimi Xalid Səid Xocayevlə Vəli Xuluflu lazım olan adamlarla görüşmək üçün şəhərə çıxırlar. Ona görə ki, ertəsi gün yeni əlifbanı müzakirə etmək üçün rəsmi adamlarla, ziyalılarla, müəllimlərlə görüş olmalıydı.

Ancaq onlar axtardıqlarının hamısını tapa bilmirlər, ziyalıların bir qismi ilə görüşürlər. Səməd Ağamalıoğlu Mərkəzi İcraiyyə Komitəsində səlahiyyətli adamlarla görüşəcəkdi. Ancaq o, buna müvəffəq ola bilməmişdi. Ona görə ki, məsul işçilər, səlahiyyət sahibləri Moskvaya getmişdilər. Yeni əlifba məsələsi burada geniş müzakirə olunana qədər bir sıra vacib adamlarla görüşməyə böyük ehtiyac vardı. Bu ehtiyaclardan biri də maarif komisarı ilə olacaq görüş idi. Maarif komisarı ilə görüşəcək şəxs Xalid Səid Xocayev olmalıydı. Maarif komisarı da Moskvaya getməli olacağından imkanı yalnız ona çatır ki, vağzalda on beş dəqiqə Xalid Səid Xocayevlə görüşür. On beş dəqiqəlik söhbətdə maarif komisarı Xalid Səid Xocayevə öz qəti fikrini bildirir. Və deyir ki, “Bu lazımlı məsələdir, bunu həll etmək zamanı gəlmişdir”. Ancaq maarif komisarı Moskvaya getməli olduğu üçün müzakirədə iştirak edə bilməyəcəyini deyirdi. Həm də yeni əlifbanı müdafiə edəcəyinə də vəd verirdi.

Daşkəndin maarif evində təşkil olunacaq tədbirə Vəli Xuluflu ilə Xalid Səid Xocayev bir az tez getməliydilər. Maarif evinə müəllimlər toplandıqdan sonra Səməd Ağamalıoğluna telefonla məlumat verməliydilər. Və Səməd Ağamlıoğlu bura gəldikdən sonra tədbir başlanmalıydı. Gözlənilmədən bir adam gəlib insanlara pıçhapıçla nə isə deyir. Məlum olur ki, tədbir olmayacaq və ona görə də Səməd Ağamalıoğlunun tədbirə çağırılması təxirə salınır. Tədbirin təxirə salınması səbəbi aydın olmur. Odur ki, Vəli Xuluflu və Xalid Səid Xocayev Mərkəzi İcraiyyə Komitəsinin binasına gəlirlər. Onları Səməd Ağamalıoğlu və Cəlil Məmmədquluzadə burada – Mərkəzi İcraiyyə Komitəsinin binasında qarşılayır. Burada təşkil olunmuş məclisdə özbək, qazax, türkmən elmi şuralarından nümayəndələr iştirak edirdi. Onların içərisində hündürboylu, qaraşın saqqalı bir professor da vardı. O, fizioloq bir professor idi. Səməd Ağamalıoğluna verilən müxtəlif suallar içərisində biri də həmin professorun sualı idi. O, bu işə (yeni əlifbaya keçmək işinə) Moskvanın necə münasibət bəslədiyini soruşurdu. Onun bu sualı Səməd Ağamlıoğlunu bir az əsəbləşdirdiyi üçün o, sərt şəkildə deyirdi ki, yoldaş professor, qarşınızda kimin olduğunu bilmirsiniz. “...mən sizə Şuralar İttifaqı hökuməti adından deyirəm: hər cümhuriyyət mədəni işlərində sərbəstdir, indiyə qədər köhnə mədrəsələri, köhnə məktəbləri, qarexanaları (xüsusi surətdə quran əzbərlərdən yerlər) davam etdirmişsiniz. Bunda bütün qəbahət sizindir. Mərkəz qətiyyən məsul deyildir. Ən böyük mədəni inqilab amili olan yeni əlifbaya Moskva dostluq yardımını göstərəcəkdir. Buna əmin olunuz. Mərkəzin ağzı ilə bu inqilaba qarşı çıxmaq istəsəniz, çox böyük səhv edərsiniz”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.61)

Səməd Ağamalıoğlunun inamlı, qətiyyətli fikirləri suallar doğurur. Doğrudanmı Moskva türk xalqlarının yeni əlifbaya keçməsinə sərbəstlik verirdi? Doğrudanmı Moskva yeni əlifbaya keçmək üçün dostluq yardımı göstərəcəkdi? Səməd Ağamalıoğlunda bu əminlik haradan yaranırdı? Belə bir əminliyi olmayan insan Şuralar İttifaqı hökuməti adından necə söz deyə bilərdi? Hətta Krımda, Türküstanda məsul adamlara, vəzifəli şəxslərə, ziyalılara “Əgər köhnə ədəbiyyata aid dəyərli əsərləriniz varsa göstərin. Bir milyard sərf olsa belə təb (cap – B.X.) etdirərəm”, – deyirdi. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.47) Bunların hamısı onu göstərirdi ki, yeni əlifbaya keçməklə bağlı o dövrdə olan qaranlıq məqamlar, tarixin qaranlıq səhifələri hələ də açılmamışdır.

Daşkənddə yeni əlifba ilə bağlı söhbətlərdən belə məlum olur ki, özbək və türkmən mütəxəssisləri yeni əlifbanın tərəfində olublar, ancaq qazaxlar yeni əlifbanı qəti surətdə qəbul etməyəcəklərini bildirmişlər. Bununla belə, qazaxlar məsələnin türkoloji qurultayda həll edilməsinin də əleyhinə olmamışlar.

Ancaq Aşxabadda məsul şəxslərin Moskvaya getmələri və yeni əlifba ilə bağlı yığıncaqlarda iştirak etməmələri də sual doğurur. Görünür ki, onlar Moskvadan ehtiyat etdikləri üçün həmin yığıncaqlardan uzaq qaçmışlar və Moskvaya getmək bəhanəsi ilə aradan çıxmışlar. Bunu Xalid Səid Xocayevin yazdıqları bir daha təsdiq edir. O yazır: “... o zaman Türküstan Cumhuriyyətinin başında olanlar, daha doğrusu, cümhuriyyətin başında olanların yerində qalanlardan bir çoxu (Moskvaya getməyənlər – B.X.) yeni əlifba barəsində xalq və ictimai müəssisələr ilə əlaqədə bulunmamağı az istəyirlər və yaxud heç istəməyirlər. Bununla bərabər bizim, bilxassə Səməd Ağanın bu məsələdən dolayı xüsusi olaraq Türküstana gəlməsi bir çox ziyalıların nəzəri-diqqətini yeni əlifba üzərində cəlb etmiş, yeni əlifba tərəfdarlarını da xeyli canlandırmışdı. Bunun nəticəsi Birinci Türkoloji Qurultayda açıq, aydın hiss edildi”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.75)

Səməd Ağamalıoğlunun rəhbərlik etdiyi heyət Daşkəndin bir sıra kəndlərində olur, kəndlilər arasında yeni əlifba ilə bağlı təbliğat işləri aparırlar. Təbliğat prosesində bir daha aydın olur ki, əlifba məsələsini Türkoloji Qurultayın həll edəcəyinə böyük inam bəsləyənlər olur.

Daşkənddəki vəziyyət Səməd Ağamalıoğlunun rəhbərlik etdiyi heyətə məlum olduqdan onra orada qalıb vaxt keçirməyə ehtiyac qalmır. Qarşıda heyəti yeni-yeni görüşlər gözlədiyi üçün Orenburq yolu ilə Qazaxıstan, Başqırdıstan, Tatarıstan ellərinə yollanmaq lazım gəlirdi. Bu barədə Xalid Səid Xocayev yazır: “Mən əfsus ki, bu səyahətdə (Qazaxıstan, Başqırdıstan, Tatarıstan ellərinə olan səyahətdə - B.X.) iştirak edə bilmədim. Çünki oktyabrın yeddisi idi (1924-cü ilin oktyabr ayının 7-si – B.X.), məktəblərdə artıq dərslər başlamışdı. Səməd ağadan izn alaraq Krasnovodsk yolu ilə Bakıya dönməyə məcbur oldum. Yuxarıda göstərilən üç cümhuriyyətdə görülən işlər ilə nəticələri barəsindəki məlumatı qeyd etmək vəzifəsini Xuluflu (Vəli Xuluflu – B.X.) yoldaş öz öhdəsinə aldı”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.75) Qazaxıstan, Başqırdıstan, Tatarıstan cümhuriyyətlərində yeni əlifba ilə bağlı görüləcək işlər və onların nəticələri barədə Vəli Xuluflunun yazdıqlarını əldə edə bilmədik. Yəqin ki, bu cümhuriyyətlərdə də yeni əlifba ilə bağlı maraqlı müzakirələr aparılmışdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar