Modern.az

Bakıdakı sərgidə «Kəlbəcər balı»...

Bakıdakı sərgidə «Kəlbəcər balı»...

24 Oktyabr 2009, 13:08

Oktyabrın 21-dən Bakıdakı Kapellhausda (Alman-Azərbaycan Mədəniyyət Mərkəzində) arıçılıq məhsullarının VII sərgi-satış yarmarkası açılıb. Kənd Təsərrüfatı Nazirliyi və Amaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi, “Qızıl pətək” QHT-nin təşkilatçılığı ilə keçirilən sərgi-satış yarmarkasında 20-yə yaxın şəhər və rayondan 50-dən çox arıçı iştirak edir.

Modern.az-ın əməkdaşı yarmarkada olaraq, arıçılıq məhsullarını satışa çıxaran arıçılarla söhbətləşib.

Öncədən qeyd edim ki, bu il Kapellhausda təşkil olunan yarmarka ötən sərgilərdən hansısa özəlliyi ilə fərqlənmir. Bu dəfə də yarmarkaya müxtəlif çeşidli və keyfiyyətli balla yanaşı, arı südü, güləm, vərəmum, arı çörəyi, arı südü, möhür, baldan hazırlanan xüsusi kosmetik vasitələr, çiçək tozu və digər arıçılıq məhsulları satılır. Həmişə olduğu kimi sərgiyə gələn alıcıları qiymətdən çox, satılan balın təmiz olub-olmaması maraqlandırırdı. Çünki deyirlər hazırda təmiz bal tapmaq çətindir.

Sərgidə iştirak edən arıçılar müştərilərə satışa çıxardıqları balın təmiz olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxsalar da, bəzi məhsulların dadı, qoxusu, rəngi şübhələnməyə əsas verirdi. Sərgiyə çıxarılan ballar təkcə çeşidinə görə deyil, həm də qiymətinə görə fərqliydi. Yarmarkada keyfiyyətindən asılı olaraq bir kiloqram balın qiyməti 20-50 manat arasında dəyişir. Ən çox təriflənən isə cökə, çiçək və tütündən çəkilmiş ballar idi. Arıçıların 100 faiz təbii hesab etdikləri meşə balı da bahalı məhsul kimi təqdim olunurdu.


Arıçıların sözlərinə inansaq sərgidə hər cür çiçəyin və ağacın balını tapmaq olardı. Apardığım müşahidələr göstərirdi ki, alıcılar daha çox Daşkəsən, Gədəbəy, Lerik rayonlarından gətirilən balları almağa meylliydilər. Bu da əsassız deyil, bu rayonlar dağlıq ərazilər olduğundan oradan gətirilən ballar da daha keyfiyyətli olmalıdır. Hər halda alıcılar özləri belə düşünürdülər.


Sərgidə maraq doğuran məqamlar da vardı. Bunlardan biri «Kəlbəcər balı»nın satılması idi. Yarmarkaya gətirdiyi məhsulun üzərinə «Kəlbəcər balı» sözlərini yazan arıçı Zakir Məmmədlinin bu addımı təkcə məndə deyil, başqalarında da maraq doğurmuşdu. Sən demə çoxları elə başa düşbmüş ki, Zakir kişinin arıları Kəlbəcərə uçub bu dilbər rayonda bitən çiçəklərin şirəsini sorur, sonra geriyə dönürlər. Bununla bağlı çoxlarının suallarını cavablandırmağa məcbur olan Zakir Məmmədli bizim də sullarımızı cavablandırmalı oldu.


- Ağsaqqal bu hara balıdır?

- Görmürsən üstünə yazmışam “Kəlbəcər balı”...

- A kişi, Kəlbəcər bizdədi ki, oranın da balı olsun?

- A bala, arıları Kəlbəcərdən gətirmişəm, Xanlarda saxlayıram, onlar da bal verir daaa.

- Bəyəm arılar belə uzunömürlüdürlər ki, 16 ildə onların nəsil dəyişikliyi olmayıb?

- Olub. Əslində mənim indi saxladığım arılar Kəlbəcərdən gətirdiyim arıların törəmələridir. Özüm də kəlbəcərli olduğumdan satdığım məhsula “Kəlbəcər balı” deməyə haqqım var.

- Sizin arılar Kəlbəcər ərazisinə uçub sonra geri qayıdırlar?

- Heylə şey mümkün deyil.

- Onda satdığınız balın harası Kəlbəcər balı oldu?...

Nə isə, axırda arıların deyil, özünün kəlbəcərli olduğunu etiraf etməli olan Zakir kişi balı hazırda məskunlaşdığı Xanlar rayonunda istehsal etdiyini bildirdi. Bir sözlə, onun satışa çıxardığı balın Kəlbəcərlə heç bir bağlılığı yox idi.


Söz-söhbətdən cana doyan Zakir Məmmədli yarmarkanın gedişində öz məhsulunun üzərinə yazdığı «Kəlbəcər balı» sözlərini dəyişərək «Kəlbəcərli balı» etməyə məcbur oldu.

Sərgidə iştirak edən arçılardan biri bizimlə söhbətdə yarmarkaya çıxarılan balların 60 faizinin tərkibinin 100 faiz təbii olmadığını etiraf etdi. Onun sözlərinə görə, təbii olmayan balı hazırlamaq üçün müxtəlif üsullardan istifadə edilir: «Əksər hallarda arıçılar şanın üzərinə şəkər tozu tökürlər, ya da arı yeşiklərinin yaxınlığında xüsusi qablarda şərbət düzəldirlər. Həmin şəkər və şərbətlə qidalanan arının verdiyi balı təbii bal adlandırmaq olmaz». Bununla belə yarmarkaya gələnlər əliboş geri dönmürdülər.

Talış bölgəsini təmsil edən arıçı Atabala Zülfüqarov bizimlə söhbətdə təbii balın insan orqanizmi üçün müəyyən müalicəvi əhəmiyyətindən danışdı: “Dədə balasi, mən axı hansından danişim... Baax, cökə balı ürək-damar xəstəliklərinə olduqca xeyirlidir, qaraciyərin fəaliyyətini yaxşiladirir. Dağ çiçəklərinin balı isə uşaqların sümüyünü bərkidir, zehni inkişaf etdirir. “Arı çörəyi”nin tərkibində insan orqanizmi üçün lazımlı olan 40 faiz təbii kale, 17 faiz dəmir, 17 faiz kalsium var. İnfarkt və insult kimi xəstəliklərin müalicəsində, ürək-damar sisteminin möhkəmləndirilməsində bu məhsuldan istifadə edilir. Möhür balın qaymağidir. Yeməkdən sonra çeynəməklə ağız boşluğu və nəfəs yollarını təmizləmək, ağ ciyəri müalicə etmək olar. Yonca, çəmən və digər bal növləri də müalicəvi xüsusiyyətləri ilə seçilir. Baldan hazırlanmış təbii kosmetik kremlər və üz üçün maskalar isə xanımlar uçin lazımlı vasitələrdir... İndi bildin bal nəyə xeyirdiiir?...”


Sərgidə iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirdi ki, hər il ölkəmizdə təxminən 10 min tondan çox bal istehsal olunur. Hazırda Azərbaycanda 370-dən çox arıçılıq təsərrüfatında 125 mindən çox arı ailəsi saxlanılır. Onlardan 1000-ə qədəri Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə, qalanları isə fərdi təsərrüfatlarda saxlanılır. Bu təsərrüfatlarda təxminən 3 mindən çox işçi çalışır. Sonda onu da qeyd edib ki, yarmarka öz işini oktyabrın 25-də-bazar günü yekunlaşdıracaq. 

 

 
 
 
 
 

 

 

Adəm Qorxmaz

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi