
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı iddiası üzrə məhkəmə iclası keçiriləcək.
Q.Məhərrəmlinin vəkili Nicat Gözəlovun Modern.az saytına verdiyi məlumata görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçiriləcək proses 16:30-da başlayacaq.
“Arif Alışanov iddia edir ki, Qulu Məhərrəmli onun şərəf və ləyaqətini alçaldıb. O, jurnalistdən 100 min manat tələb edir. Qulu Məhərrəmli özü şəxsən iclasda iştirak edəcək. Amma Arif Alışanovun məhkəmədə iştirakını gözləmirik”.
Vəkil eyni zamanda bildirib ki, aprelin 8-də Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi daha bir iclas keçiriləcək. Belə ki, AzTV sədri Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon Məhkəməsinin qərarı ilə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib. Jurnalistin tənqidi fikirlərini böhtan kimi qiymətləndirən şikayətçi məhkəmədən professor Q.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsulliyətə cəlb olunmasını istəyib.
A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.
Gülşən RAUFQIZI