
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Texniki Universitetinin fəaliyyətlərində nöqsanlar aşkarlanıb. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Hesablama Palatasının 2015-ci il üzrə fəaliyyəti barədə açıqladığı hesabatda bildirilib.
Hesabatda qeyd edilib ki, nəzarət obyektlərində əməyin ödənişi ilə bağlı müvafiq normativ-hüquqi aktların tələblərinə riayət edilməməsi nəticəsində artıq və düzgün olmayaraq icra edilmiş cəmi məbləğin 95,9 faizi "Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar"a əməl edilməməsi, həmçinin fəaliyyət göstərməyən struktur vahidlərinin və artıq ştatların saxlanılması nəticəsində ödənilmiş əmək haqqından, bir hissəsi isə tarif və ödəniş dərəcələrinin, habelə əlavələrin və saathesabı haqların düzgün müəyyən olunmaması səbəbindən formalaşıb. Nəzarət tədbirləri həyata keçirilən ali məktəblərdə 92,5 ştat vahidinin artıq saxlanıldığı müəyyən edilib.
Ali təhsil müəssisələri üzrə əmək haqqı xərclərinin təhlili kifayət qədər əsaslandırılmadan artıq ştat, kafedra, dekanlıq, laboratoriya saxlanıldığını göstərir və bu da vəsaitlərdən səmərəsiz istifadəyə şərait yaradır.
Nəzarət tədbirləri ilə ali təhsil müəssisələrində təhsil haqlarının yığılması istiqamətində bir sıra nöqsanlara yol verildiyi aşkar edilib. Təhlil göstərir ki, ali təhsil müəssisələrində təhsil haqqının ödənilməsində güzəşt hüququnun düzgün tətbiq olunmaması, ümumiyyətlə təhsil haqqının alınması nəticəsində büdcədənkənar vəsaitin daxil olması təmin edilməyib.
Audit tədbirləri bu istiqamətdə digər nöqsanları da aşkarlayıb. Belə ki, müxtəlif səbəblərdən ali təhsil müəssisəsindən xaric edilən tələbələrin təhsil haqqı üzrə kreditor borcunun yarandığı, təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqının tələbələr üzrə debitor borc kimi uçota alınmadığı məlum olub.
Eyni zamanda, tələbələrə təqaüdlərin ödənilməsi istiqamətində də nöqsanlar qeydə alınıb. Bəzi hallarda tələbələrə az təqaüd ödənilməsi hallarına yol verilib, təqaüd ödənilməsi üçün Təhsil Nazirliyindən alınan və istifadə olunmayan vəsaitin dövlət büdcəsinə qaytarılmayaraq qalıq kimi saxlanıldığı müəyyən olunub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən xarici tələbələrin təhsil haqları müvafiq icra hakimiyyəti ilə razılaşdırmaqla müəyyən olunub, lüzumsuz saxlanılan 15 ştat vahidi ləğv edilib, 3 əməkdaş aşağı vəzifəyə keçirilib və digər nöqsanların aradan qaldırılması ilə əlaqədar zəruri tədbirlər görülüb, baş mühasibə töhmət, 2 dekana və 1 əməkdaşa xəbərdarlıq edilib.
Azərbaycan Texniki Universiteti tərəfindən lüzumsuz saxlanılan 4 ştat vahidi ləğv edilib, eyni zamanda, 4 nəfərlə bağlı intizam tənbeh tədbiri görülüb, o cümlədən 1 prorektor, 1 baş mühasib və 1 baş mühəndisə töhmət elan edilib, 1 prorektora xəbərdarlıq olunub.
Aytən ZƏHRA