Modern.az

Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı oldu

Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı oldu

Təhsil

28 Dekabr 2010, 12:50

Bakı şəhərini keyfiyyətli içməli su ilə təmin edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı nəhayət baş tutdu. Dekabrın 28-də Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. (AzərTAc)
Mərasimdə məlumat verilib ki, Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Oğuz –Qəbələ-Bakı su kəmərinin çəkilməsinə başlanılıb. 2007-ci il martın 1-də Oğuzda dövlət başçısının iştirakı ilə Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən kəmərin təməlqoyma mərasimi keçirilib.
Diametri 2 metr olan şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış 262 kilometr uzunluğunda boru kəməri suyun öz axını ilə Bakı şəhərinə nəqlini təmin edəcək.
Layihə çərçivəsində sugötürücü qovşaqda və Bakı şəhərinin girişində su anbarları, xlorlama qurğuları, idarəetmə aparatı və laboratoriya üçün binalar, kamera, emalatxana, maşın-mexanizmlər üçün qaraj, su bölüşdürücü və digər qurğular tikilib.
Su kəmərinin tam nəzarətdə saxlanması, baş verə biləcək fövqəladə vəziyyətlərin aradan qaldırılmasına operativ müdaxilə etmək məqsədi ilə SCADA sistemi tətbiq edilib. Bakı şəhər su şəbəkəsinin müxtəlif sahələrində böyük miqyaslı yenidənqurma işləri aparılıb.
Prezident İlham Əliyev Bakı şəhərini içməli su ilə təmin edən qurğunu işə salıb.
İnşaatçıları təbrik edən dövlət başçısı onlara uğurlar arzulayıb. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsidir. Bunun üçün təxminən 150 metr dərinlikdə və 350 mm diametrində olan 75-ə qədər istismar quyusundan ibarət sugötürücü qurğu tikilib. 
"Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsinin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42s saylı sərancamına əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edilib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə